Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

www.science.az ilk internet-jurnalistika məktəbidir
06.03.2015 00:00
  • A-
  • A
  • A+

www.science.az ilk internet-jurnalistika məktəbidir

www.science.gov.az veb-portalı özünəməxsus xüsusiyyətləri və zəngin ənənələri ilə ölkədə jurnalistika məktəbinə çevrilmişdir.

Azərbaycanın media məkanında ilk veb-sayt olan science.gov.az bu yaxınlarda 20 illik yubileyini qeyd etməyə hazırlaşır. AMEA-nın rəsmi veb-portalı olaraq www.ab.az adı ilə 1995-ci ildə istismara verilmiş science.gov.az 2001-ci ildə AMEA Rəyasət Heyətinin qərarı ilə AMEA İnformasiya Texnologiyaları İnstitutuna həvalə edilmişdir. Əsas məqsədi akademiya haqqında müvafiq məlumatların, onun çoxşaxəli fəaliyyətinin Azərbaycan və dünya ictimaiyyətinə çatdırılması, həmçinin AMEA əməkdaşlarının beynəlxalq elmi informasiya məkanı ilə əlaqələrinin təmin edilməsidir. Bundan əlavə, portalda AR Prezidenti tərəfindən elm və təhsil sahəsində imzalanmış rəsmi sənədlər, AMEA Rəyasət Heyətinin rəsmi sənədləri, eləcə də AMEA-nın dövri nəşrləri yerləşdirilir.

Uzun illərdir ki, zəngin təcrübə toplayaraq elmin inkişafı sahəsində ölkədə əldə edilmiş nailiyyətləri operativ, dolğun və obyektiv işıqlandıran portalın bir sıra xarakterik xüsusiyətləri formalaşmışdır. Belə ki, Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin çoxsaylı tələbələri veb-jurnalistika sahəsində kadr hazırlığı məktəbi olan science.gov.az portalında işləyərək təcrübə qazanmışlar. Həmin fakültənin tələbələri üçün institutda təşkil olunmuş təcrübə kurslarında ümumilikdə 300 tələbə iştirak etmişdir.

Eyni zamanda qeyd etmək lazımdır ki, ölkənin bir çox tanınmış saytlarında fəaliyyət göstərən media mütəxəssisləri məhz science.gov.az-ın yetirmələridir. Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) əməkdaşlarına isə İnformasiya Texnologiyaları İnstitutunda İnternet-medianın praktiki əsasları, saytların yaradılması və idarə edilməsi üzrə təcrübə keçilmişdir.

www.science.gov.az veb-portalı bu gün də Azərbaycan, o cümlədən dünya elm məkanında baş verən yeniliklərin əldə olunaraq geniş ictimaiyyətə çatdırılması istiqamətində fəaliyyətini uğurla davam etdirir. Burada əksini tapan məlumatlar daim yenilənir, təkmilləşdirilir və genişləndirilir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: