Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Akademik Arif Məlikov Nizami Gəncəvi adına Qızıl medal ilə təltif edilib
29.04.2015 23:00
  • A-
  • A
  • A+

Akademik Arif Məlikov Nizami Gəncəvi adına Qızıl medal ilə təltif edilib

Azərbaycanın görkəmli bəstəkarı, akademik Arif Məlikov Azərbaycan incəsənətinin və sənətşünaslıq elminin inkişafındakı xidmətlərinə görə elmimiz tarixində ilk dəfə olaraq “Azərbaycan Respublikasının Nizami Gəncəvi adına Qızıl medalı” ilə mükafatlandırılıb. Mükafat sahibinə AMEA-nın illik Ümumi yığıncağında təqdim olunub.

Əməkdar incəsənət xadimi, xalq artisti, Dövlət mükafatı laureatı, akademik Arif Məlikovun yaradıcılığı müasir Azərbaycan musiqi mədəniyyətinin ən parlaq səhifələrindən birini təşkil edir.

Görkəmli türk şairi Nazim Hikmətin librettosu əsasında yazdığı ilk böyük əsəri - "Məhəbbət Əfsanəsi" baleti Arif Məlikova dünya şöhrəti qazandırmışdır. O, həmçinin "Əlibaba və qırx quldur”, "İki ürək dastanı”, "Yusif və Züleyxa" kimi baletlərin, "Simfonik nağıl", "Füzuli", "Metamorfozlar", "Axırıncı aşırım", "Qəhrəmani" və s. simfonik əsərlərin, "Dalğalar" operettasının müəllifidir. 

A.Məlikovun yaradıcılığında onun kinofilmlər və teatr tamaşalarına yazdığı musiqilər də mühüm yer tutur. Bəstəkarın "Sehrli xalat", "Ulduzlar sönmür", "Rüstəm və Söhrab", "Axırıncı aşırım" kimi filmlərə, "Natəvan", "Atabəylər" tamaşasına yazdığı musiqilər bu film və tamaşaların uğur qazanmasında böyük rol oynamışdır.

Görkəmli sənətkarın əsərləri dünyanın bir çox yerlərində - Rusiya, ABŞ, Böyük Britaniya, Fransa, Yaponiya, Türkiyə, Braziliya, Avstriya, Norveç, Finlandiya, İtaliya, Misir, Tailand, Bolqarıstan, Rumuniya, Macarıstan, Çexiya, Slovakiya, Polşa, Almaniya, Qazaxıstan, Moldova və s. ölkələrdə ifa olunmuşdur.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir

 

  • Paylaş: