Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

AMEA Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin Aran Regional şöbəsi Bəxtiyar Vahabzadənin 90 illiyi münasibətilə tədbir keçirib
22.04.2015 00:00
  • A-
  • A
  • A+

AMEA Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin Aran Regional şöbəsi Bəxtiyar Vahabzadənin 90 illiyi münasibətilə tədbir keçirib

AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin Aran Regional şöbəsi Kürdəmir rayon Sor-sor kənd orta məktəbində Azərbaycanın xalq şairi, tanınmış dramaturq Bəxtiyar Vahabzadənin anadan olmasının 90 illik yubileyi münasibətilə tədbir keçirib.

Tədbiri giriş sözü ilə məktəbin direktoru Zeynal Səfərov açaraq tanınmış dramaturq, ədəbiyyatşünas və ictimai xadim, SSRİ-nin və Azərbaycan Respublikasının Dövlət mükafatları laureatı, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, professor Bəxtiyar Vahabzadənin yaradıcılığından geniş söz açıb. Bildirib ki, B.Vahabzadə Azərbaycan ədəbiyyatı tarixinin xüsusi mövqeyə malik görkəmli simalarındandır. Sənətkarın yaradıcılığı milli poeziyada vətəndaşlıq ruhunun qüvvətlənməsində və ədəbi-ictimai fikrin istiqlal ideyaları ilə zənginləşməsində böyük rol oynayıb.

Sonra muzeyin Aran Regional şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Yaqut Bahadurqızı çıxış edərək xalq şairi Bəxtiyar Vahabzadənin 90 illik yubileyinin keçirilməsi haqqında ölkə Prezidenti İlham Əliyevin Sərəncamını xatırladıb və bunun görkəmli şairin irsinə verilən qiymətin bariz nümunəsi olduğunu qeyd edib.

Daha sonra Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin əməkdaşı, dosent Məlahət Kələntərlinin “B.Vahabzadənin dramaturgiyasında ictimai-siyasi motivlər” mövzusunda məruzəsi dinlənilib.

Tədbirdə, həmçinin məktəbin şagirdləri tərəfindən B.Vahabzadənin sevilən əsərlərindən nümunələr səsləndirilib.

Kürdəmir şəhər 6 saylı orta məktəbin direktoru Elmira Şıxəliyeva, rayon Təhsil şöbəsinin əməkdaşı İsmayıl Mehdiyev və başqaları çıxış edərək Bəxtiyar Vahabzadənin Azərbaycan söz sənətinin inkişafındakı xidmətlərindən danışıblar.

Tədbirin sonunda şairin öz səsi ilə bir neçə məşhur şeiri səsləndirilib.

<i>© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.</i>

  • Paylaş: