Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏDƏNİYYƏT

Arvana kurqanının artefaktları Tarix muzeyinə təhvil verilib
06.05.2021 12:08
  • A-
  • A
  • A+

Arvana kurqanının artefaktları Tarix muzeyinə təhvil verilib

Hər il arxeoloqlarımızın fədakar əməyi nəticəsində Azərbaycanın ulu tarixini və zəngin mədəniyyətini özündə əks etdirən neçə-neçə abidə, o cümlədən maddi mədəniyyət nümunəsi aşkar edilərək ikinci həyat qazanırlar. Sevindirici haldır ki, arxeoloqlarımız öz ənənələrinə sadiq qalaraq gərgin araşdırmalardan sonra tapdıqları maddi nümunələrin elmi və bədii baxımdan əhəmiyyətli hissələrini AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyinə təhvil verirlər.

Muzeyin Arxeologiya fonduna daimi mühafizə üçün təhvil verilən maddi nümunələr arasında Arvana kurqanının artefaktları da yer alır.

Həmin artefaktlar Arxeologiya və Etnoqrafiya İnstitutunun “Yardımlı arxeoloji ekspedisiyası”nın rəisi, t.ü.f.d., dosent Anar Ağalarzadənin rəhbərliyi altında 2019-cu ildə Yardımlı rayonu ərazisindəki Tunc-İlk Dəmir dövrü abidələrində, daha dəqiq desək, rayonun Arvana kəndi ərazisində qeydə alınmış kurqanda apardığı arxeoloji tədqiqat işləri zamanı tapılıb. Arvana kurqanı eyniadlı kənddən 200 m cənubda, el arasında “Qaryatan” adlanan yerdədir.

Muzeyə təhvil verilmiş Arvana kurqanının artefaktları müxtəlif formalı 8 ədəd saxsı qabdan, tunc rapiraşəkilli qılıncdan, tunc xəncərdən, pasta və sümük muncuqlardan ibarətdir. Müqayisəli təhlillərə əsasən bu tapıntılar e.ə. I minilliyin əvvəllərinə aid edilir.

Muzey mütəxəssisləri bu tapıntıların elmi əhəmiyyətini nəzərə alaraq onların tunc dövrü ekspozisiyasında nümayiş etdirilməsini məqsədəuyğun hesab ediblər. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: