Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  GÖRÜŞLƏR

Mərkəzi Nəbatat Bağı ilə Nazarbayev məktəbinin nümayəndələri arasında görüş keçirilib
21.04.2021 17:28
  • A-
  • A
  • A+

Mərkəzi Nəbatat Bağı ilə Nazarbayev məktəbinin nümayəndələri arasında görüş keçirilib

AMEA-nın Mərkəzi Nəbatat Bağı (MNB) ilə Qazaxıstanın Aktau şəhərində fəaliyyət göstərən "Nazarbayev Kimya - biologiya təmayüllü intellektual məktəbi" arasında onlayn görüş keçirilib.

Tədbirdə Azərbaycanın Qazaxıstandakı Baş konsulluğunun başçısı vəzifəsini icra edən Elmar Məmmədov, Mərkəzi Nəbatat Bağının və Nazarbayev məktəbinin rəhbərliyi iştirak ediblər.

Elmar Məmmədov Qazaxıstandakı məktəbə səfərindən söz açaraq, məktəbin fəaliyyətinin təqdirəlayiq olduğunu bildirib və Azərbaycandakı müfaviq təşkilatlarla əməkdaşlığın əhəmiyyətindən bəhs edib.

Görüşdə Nazarbayev məktəbinin direktoru Asel Beysembinova dövlətlərimizin məktəbləri ilə əməkdaşlığın təşkilinin vacib olduğunu qeyd edərək, beynəlxalq məkana inteqrasiya və mədəniyyətlərarası dialoq məqsədi ilə, həmçinin şagirdlər üçün əlavə təhsil perspektivləri, xalqların mədəni irsi və tarixi sahəsində layihələrin hazırlanması, onlayn konfranslar və müzakirələrin keçirilməsindən danışıb. Bundan əlavə, “Ağıllı cümə axşamı” layihəsi çərçivəsində Azərbaycanın görkəmli xadimləri ilə birgə onlayn görüşlərin təşkil edilməsi istiqamətində işlərin aparılması üçün Azərbaycanın təhsil ocaqları və elmi müəssisələri ilə Nazarbayev məktəbi arasında münasibətlərin gələcəkdə inkişafında böyük rol oynayacağını söyləyib.

Mərkəzi Nəbatat Bağının direktoru, biologiya elmləri doktoru Vahid Fərzəliyev çıxışında ətraf mühitin çirklənməsi, yaşıllıqların azalması, dünyada olan ekoloji problemlərin tədricən vüsət almasını bildirərək müasir dövrdə nəbatat bağlarının bu çətinliklərin aradan qaldırılmasında rolunun böyük olduğunu qeyd edib. Həmçinin V.Fərzəliyev Mərkəzi Nəbatat Bağında elmi istiqamətlərdə araşdırmalarla yanaşı, həm də güclü ekoloji maarifləndirmə ideyalarının təbliğinin uğurla davam etməsindən söz açıb.

Görüşdə Nazarbayev məktəbinin direktor müavini Gülşan Nusipcanova “Nazarbayev Kimyə - biologiya təmayüllü intellektual məktəbin fəaliyyəti və təhsil sistemi”, MNB-nin əməkdaşları - biologiya üzrə fəlsəfə doktoru Ofeliya Qafarova “Bağın tarixi və fəaliyyəti” və biologiya üzrə fəlsəfə doktoru Fərid Seyfullayev “Nəbatat bağında maarifləndirmə” adlı təqdimatlarla çıxış ediblər.

Aparılan müzakirələrdən sonra bağın alimlərinin məktəbin şagirdləri üçün vebinarlar təşkil etməsi barədə razılıq əldə olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: