Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Naxçıvan Muxtar Respublikasında becərilən üzüm sortları pasportlaşdırılıb
21.04.2021 15:45
  • A-
  • A
  • A+

Naxçıvan Muxtar Respublikasında becərilən üzüm sortları pasportlaşdırılıb

AMEA-nın Naxçıvan Bölməsi Bioresurslar İnstitutunun Meyvə, tərəvəz və üzümçülük laboratoriyasının rəhbəri, aqrar elmlər doktoru, dosent Varis Quliyevin əsas müəllifi olduğu və 2012-ci ildə nəşr edilən “Naxçıvan Muxtar Respublikasının ampeloqrafiyası”, həmçinin 2017-ci və 2020-ci illərdə işıq üzü görmüş iki cilddən ibarət “Azərbaycan ampeloqrafiyası” kitabları Azərbaycan Respublikasında olduğu kimi muxtar respublikada da üzüm genofondunun tədqiqi əsasında becərilən sortların pasportlaşdırılması istiqamətində aparılan ilk fundamental kapital əsərlərdir.

Nəşrlərdə muxtar respublikada yayılan 120-dən artıq yerli, 25 introduksiya olunmuş, 17 yeni klon variasiyaları, müxtəlif seleksiya üsulları ilə alınmış 8 üzüm sortu və yeni perspektivli formalar ilk dəfə olaraq pasportlaşdırılaraq, onların rəngli fotoşəkilləri verilib. Monoqrafiyalarda dünya ampeloqrafiya elminin yeni sahəsi olan “Rəqəmsal ampeloqrafiya”nın müvafiq metodikaları əsasında ilk dəfə olaraq bölgədə yayılan üzüm sortlarının əsas genetik əlamətləri, irsi dəyişkənlik xüsusiyyətləri, eyni zamanda adları müvafiq qaydada kodlaşdırılıb və şifrələnib. Həmin nəşrlərdə bölgədə becərilən üzüm sortlarında genetik əlamətlərin beynəlxalq miqyasda qəbul edilmiş şifrə və kodlar əsasında oxunması üçün Azərbaycan, ingilis və rus dillərində açarları da verilib. Bu açarlardan istifadə etməklə həm də ayrı-ayrı xalqların kənd təsərrüfatı işçiləri, fermerləri, iş adamları muxtar respublikada mövcud olan üzüm sortlarının tam ampeloqrafik təsviri, aqrobioloji keyfiyyətləri, kimyəvi-texnoloji və genetik xüsusiyyətləri haqqında elmi məlumatlar ala, həm də onlardan öz təsərrüfatlarında istifadə edə bilərlər.

Muxtar respublikada becərilən üzüm sortlarının pasportlaşdırılması istehsal prosesində məqsədyönlü sort seçiminin düzgün aparılmasına, üzüm plantasiyalarının genişləndirilməsi işində yerli sortlardan daha çox istifadə olunmasına, istehsal yolu ilə əhalinin üzümdən alınan çoxçeşidli qida məhsulları ilə dolğun təmin edilməsinə, kənd yerlərində əhalinin məşğulluq səviyyəsinin və maddi rifah halının yüksəldilməsinə müsbət təsir göstərəcəkdir.

AzərTac

  • Paylaş: