Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

“Filologiya və sənətşünaslıq” jurnalının növbəti sayı çapdan çıxıb
20.04.2021 14:20
  • A-
  • A
  • A+

“Filologiya və sənətşünaslıq” jurnalının növbəti sayı çapdan çıxıb

AMEA Rəyasət Heyətinin elmi jurnalı olan “Filologiya və sənətşünaslıq” jurnalının 2020-ci il üzrə ikinci sayı işıq üzü görüb.

Nəşrin baş redaktoru AMEA-nın vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun baş direktoru, akademik İsa Həbibbəylidir. Jurnalın bu sayı akademik İsa Həbibbəylinin “Dədəm Qorqud: Azərbaycan ədəbiyyatının Homeri” məqaləsi ilə açılır.

Jurnalın məsul katibi Həlimə Mehdiyeva, məsul redaktoru filologiya üzrə fəlsəfə doktoru Maral Yaqubova, baş redaktor müavinləri AMEA-nın müxbir üzvü Ərtegin Salamzadə və filologiya elmləri doktoru Əlizadə Əsgərlidir. Redaksiya heyətinə bir sıra akademiklər və AMEA-nın müxbir üzvləri daxildir.

“Elm” nəşriyyatında çap olunan jurnalın bu sayı “Ədəbiyyatşünaslıq” “Dilçilik”, “Sənətşünaslıq”, “Resenziyalar”, “Yubileylər” və “Xronika” bölmələrindən ibarətdir. “Bələdçi” Azərbaycan, ingilis və rus dillərindədir.  

Qeyd edək ki, sözügedən jurnalın təsisçisi Azərbaycan Milli Elmlər Akademiyasıdır və 2019-cu ildə AR Ədliyyə Nazirliyində qeydiyyata alınıb. Jurnal 2019-cu ilə qədər “Xəbərlər” (Humanitar elmlər seriyası) adı ilə çap olunub. Nəşrin beynəlxalq redaksiya heyətinə Türkiyə, Rusiya, Belarus, Polşa və Gürcüstanın alimləri daxildir.

Jurnalda humanitar elmlər istiqaməti üzrə ədəbiyyatşünaslıq, Azərbaycan ədəbiyyatı tarixi, ədəbiyyat nəzəriyyəsi, müqayisəli ədəbiyyatşünaslıq, folklorşünaslıq, dilçilik, sənətşünaslıq, mətbuat tarixi və publisistika sahələri üzrə elmi-tədqiqat əsərləri nəşr olunur.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: