Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

Azərbaycan və Böyük Britaniyanın seysmoloqları arasında müzakirələr aparılıb
20.04.2021 12:40
  • A-
  • A
  • A+

Azərbaycan və Böyük Britaniyanın seysmoloqları arasında müzakirələr aparılıb

AMEA-nın Respublika Seysmoloji Xidmət Mərkəzi (RSXM) və Böyük Britaniyanın Oxford və Kembric universitetlərinin birgə təşkilatçılığı ilə “Azərbaycan və Cənubi Xəzərin aktiv tektonikası və zəlzələlərlə bağlı birgə tədqiqatların aparılması” mövzusunda növbəti onlayn müzakirələr keçirilib. İclasda Azərbaycan və Böyük Britaniyadan olan gənc alimlərin birgə layihələrdə iştirakına dair məsələlər müzakirə edilib.

Müzakirələrdə Azərbaycan tərəfindən RSXM-nin baş direktorunun elmi işlər üzrə müavini, texnika üzrə fəlsəfə doktoru, dosent Rauf Muradov, Beynəlxalq əlaqələr şöbəsinin müdiri Telman Cəfərov, Zəlzələ ocaqlarının dinamikası şöbəsinin müdiri, geologiya-mineralogiya üzrə fəlsəfə doktoru, dosent Səbinə Kazımova, Geologiya və Geofizika İnstitutunun əməkdaşları Rafiq Səfərov və Orxan Abbasov iştirak ediblər.

İclasa moderatorluğu Oxford Universitetinin və AMEA-nın təmsilçisi Rəşid Cavanşir edib.

Tədbirdə dosent Səbinə Kazımova RSXM-də görülən işlərlə bağlı geniş təqdimat edib, maraq doğuran sualları cavablandırıb.

Daha sonra Geologiya və Geofizika İnstitutunun aparıcı elmi işçiləri Rafiq Səfərov və Orxan Abbasov apardıqları elmi istiqamətlərə dair çıxışlar edərək, birgə tədqiqatların “yol xəritəsi”nin tərtib edilməsinin vacibliyindən danışıblar.

Müzakirələrdə əməkdaşlıq ediləcək sahələr üzrə işçi qaydada məsələlərə baxılıb, görülmüş işlərə dair hesabat xarakterli növbəti iclasın keçirilməsi qərara alınıb.

Bildirək ki, iclasda layihənin ümumi koordinatoru, professor Riçard Volker də iştirak edib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: