www.science.az
08.04.2021 17:30

Coğrafiyaçı alimlər Füzuli rayonunun iqtisadi potensialını araşdırırlar

AMEA-nın akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun şöbə müdiri, c.ü.f.d., dos. Zaur İmrani, böyük elmi işçi, c.ü.f.d. Natavan Cəfərova AR Silahlı Qüvvələri Hərbi Akademiyasının professorları Elşən Həşimov və Azad Bayramovla birgə tədqiqat işi aparıblar.

AR Prezidenti yanında Elmin İnkişafı Fondunun “CİS texnologiyasından istifadə etməklə cəbhə zonasında yaşayan əhalinin vurulma təhlükəsi dərəcəsinin və onun sosial-iqtisadi vəziyyətə təsirinin qiymətləndirilməsi” adlı qrant layihəsi çərçivəsində aparılan tədqiqatın məqsədi Füzuli rayonunun iqtisadi potensialını araşdırmaq olub.

Alimlər “Azersky” kosmik şəkillərin istifadəsi ilə Füzuli rayonunun işğal altında olmamış və işğaldan azad edilmiş ərazilərinin müqayisəli təhlilini apararaq müxtəlif miqyaslı xəritələr tərtib ediblər. Əldə olunmuş məlumatlara əsasən, “ArcMap” proqramından istifadə edilməklə yaşayış məntəqələrinin (dağıdılmış yaşayış məntəqələri də daxil olmaqla) xəritəsi tərtib olunub. Eyni zamanda çaylar, kanallar, su anbarları, bəndlər, magistral və torpaq avtomobil yolları da xəritə üzərinə koordinat sisteminə uyğun olaraq köçürülüb və elektron hala gətirilib. Bu da rayonun sosial-iqtisadi vəziyyətini tədqiq etməyə, potensial imkanlarının müəyyən edilməsinə köməklik göstərib.

Tədqiqat nəticəsində müəyyən edilib ki, rayonda əhali məşğulluğunda xüsusi rolu olan kənd təsərrüfatı sahələrinin - taxılçıllıq, üzümçülük, pambıqçılıq və heyvandarlığın, eləcə də onların emalına əsaslanan aqrar sənaye müəssisələrinin yaradılması üçün potensial imkanlar var. Aqrar sənaye müəssisələri ilə yanaşı, rayon ərazisində arxeoloji və etnoqrafik turizmi də inkişaf etdirmək, onların bazasında yerli turizm marşrutları yaratmaq mümkündür. Lakin onların bir çoxu erməni vandalları tərəfindən dağıdıldığı üçün bərpasına ehtiyac var.

Hazırda rayon ərazisində elmi-tədqiqat işləri davam etdirilir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.