Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

"Molla Nəsrəddin" jurnalının ilk və tam elektron arxivi yaradılıb
08.04.2021 16:08
  • A-
  • A
  • A+

"Molla Nəsrəddin" jurnalının ilk və tam elektron arxivi yaradılıb

Azərbaycanın ilk illüstrasiyalı satirik jurnalı “Molla Nəsrəddin”nin nəşrindən 115 il ötür.

Jurnalın ilk nömrəsi 1906-cı il aprelin 7-də Tiflisdə çap edilib. Bu yubileyə hazırlıq məqsədilə ötən ildən etibarən AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda akademik Teymur Kərimlinin rəhbərliyi ilə ilk dəfə “Molla Nəsrəddin” jurnalının tam elektron arxivinin yaradılması işinə başlanılıb və bu günlərdə proses uğurla başa çatdırılıb.

Hazırda “Molla Nəsrəddin”in ilk tammətnli elektron bazasında jurnalın 25 il müddətində buraxılmış bütün saylarının (748 nömrə), o cümlədən, Tiflisdə çap olunmuş 340, Təbrizdə işıq üzü görmüş 8 və Bakıda nəşr edilmiş 400 nömrəsinin rəqəmsal surəti mövcuddur. Ümumilikdə 5968 səhifə elektronlaşdırılaraq veb-kataloq şəklində institutun saytında yerləşdirilib.

Jurnalın nüsxələrinin komplektləşdirilməsi zamanı Əlyazmalar İnstitutunun fondu ilə yanaşı, Milli Arxiv İdarəsi və M.F.Axundov adına Milli Kitabxananın da fonduna müraciət edilib. Lazımi materiallar müəyyənləşdirilərək toplanılıb, sistemləşdirilib və qədim yazılı abidələr üçün nəzərdə tutulan xüsusi skanerlərdə rəqəmsallaşdırılaraq elektron emala təqdim olunub.

Onu da əlavə edək ki, jurnalın 13 müxtəlif  ildə nəşr olunmuş 184 nömrəsi Əlyazmalar İnstitutunun fondundan, çatışmayan qalan sayları isə adıçəkilən arxiv və kitabxanadan əldə edilərək rəqəmsal formata keçirilib.

Yaxın günlərdə jurnalın elektron arxivinin elmi müəssisənin saytında yerləşdirilmiş veb versiyası oxuculara təqdim olunacaq.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: