Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

AMEA-nın müxbir üzvü kütləvi xidmət-ehtiyatlanma sistemləri nəzəriyyəsinin banisi kimi qəbul olunur
08.04.2021 15:58
  • A-
  • A
  • A+

AMEA-nın müxbir üzvü kütləvi xidmət-ehtiyatlanma sistemləri nəzəriyyəsinin banisi kimi qəbul olunur

Böyük Britaniyanın “Wiley” nəşriyyatında, professor V. Anisimov (Amgen Inc., United Kingdom) və professor N.Limniosun (University of Technology of Compiègne - Sorbonne University Group, France) elmi redaktorluğu ilə iki cildlik “Kütləvi xidmət sistemləri” (İSBN - 9781789450040) məqalələr toplusu ingilis və fransız dillərində çap olunub.

Toplunun II cildində hindistanlı dünya şöhrətli professor A.Krishnamoorthy və onun tələbələri D.Shajin və V.Narayanan “Müsbət xidmət zamanlı ehtiyatların idarə edilməsi: İcmal” (Inventory with Positive Service Time: A Survey. P. 201-238) məqaləsi çap olunub.

Həmin məqalədə müəlliflər tələblərə xidmət zamanı müsbət olan ehtiyatların idarə edilməsi sistemləri (kütləvi xidmət-ehtiyatlanma sistemləri) nəzəriyyəsinin yaranması, inkişafı və müasir vəziyyətini analiz ediblər. Burada müəlliflər qeyd edir ki, bu nəzəriyyənin əsasları 30 il əvvəl amerikalı alimlər K.Sigman (Columbia Universiteti) və D.Simchi-Levi (Massaçusets Texnologiya İnstitutu) və AMEA-nın İdarəetmə Sistemləri İnstitutunun laboratoriya rəhbəri, müxbir üzv Ağası Məlikov tərəfindən bir-birindən asılı olmayaraq qoyulub. Məqalənin ədəbiyyat siyahısında 150 ədəbiyyat vardır və bunlardan 13 ədədi A.Məlikovun bu sahədə dünyanın müxtəlif aparıcı jurnallarında çap olunmuş məqalələridir. Bu sahədə prioritetin A.Məlikova məxsus olması tanınmış alimlər H.Daduna (Almaniya), W.Yue (Yaponiya) və digərlərinin məqalələrində də dəfələrlə qeyd olunub.  

Qeyd edək ki, tələblərə xidmət zamanı müsbət olan ehtiyatların idarə edilməsi sistemləri bir sıra real proseslərin, o cümlədən mürəkkəb logistika proseslərinin riyazi modellərinin yaradılmasında geniş şəkildə tətbiq olunur. Bu sahədə A.Məlikovun rəhbərliyi altında artıq bir neçə fəlsəfə doktorluğu dissertasiyaları müdafiə olunub və onun bu istiqamətdə tədqiqatları uğurla davam edir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: