Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Azərbaycanlı alimlərin həmmüəllifi olduğu kitab “Springer”də işıq üzü görüb
05.04.2021 10:55
  • A-
  • A
  • A+

Azərbaycanlı alimlərin həmmüəllifi olduğu kitab “Springer”də işıq üzü görüb

Dünyanın ən nüfuzlu elmi nəşriyyatlarından olan “Springer International Publishing” tərəfindən çap olunan “Prophylactic Surgery” adlı kitabda Azərbaycan Tibb Universitetinin (ATU) I Cərrahi xəstəliklər kafedrasının əməkdaşlarının müəllifi olduğu “Prophylactic Splenectomy” və “Prophylactic Surgery for Benign Diseases of Stomach and Duodenum” adlı iki fəsil çap edilib.

Cərrahiyyə sahəsində ilk dəfə olaraq azərbaycanlı alimlər nüfuzlu “Springer” nəşriyyatı tərəfindən dərc olunan kitabda yer alan fəsillərin müəllifi qismində çıxış edirlər. Həmçinin bu kitab dünyada profilaktik cərrahiyyə ilə bağlı nəşr edilən ilk kitablardan biridir.

ATU-nun I Cərrahi xəstəliklər kafedrasının müdiri, AMEA-nın müxbir üzvü Nuru Bayramov, kafedranın əməkdaşları – tibb üzrə fəlsəfə doktoru Ruslan Məmmədov və rezident Dr. Fərəh Qəhrəmanovanın müəllifi olduqları “Prophylactic Splenectomy” (Profilaktik splenektomiya) fəslində profilaktik splenektomiya əməliyyatına olan göstərişlər, bir sıra orqanların bədxassəli törəmələri, hematoloji, anadangəlmə və digər bir çox xəstəliklərin müalicəsində və ağırlaşmaların qarşının alınmasında profilaktik splenektomiyanın rolu haqqında ətraflı məlumat öz əksini tapıb.

Kitabda yer alan digər fəsil – “Prophylactic Surgery for Benign Diseases of Stomach and Duodenum” (Mədə və onikibarmaq bağırsağın xoşxassəli xəstəliklərində profilaktik cərrahiyyə) adlanır. Bu bölmədə müəlliflər –  AMEA-nın müxbir üzvü Nuru Bayramov və kafedranın dosenti, tibb üzrə fəlsəfə doktoru Nadir Zeynalov tərəfindən mədə və onikibarmaq bağırsağın divertikulları, əməliyyatdan sonrakı gec mədə boşalması, hiatal yırtıq, qastro-ezofaqeal reflüks və bir sıra digər xəstəliklər, onların müalicəsi və profilaktikası zamanı icra edilən profilaktik əməliyyatlar barədə geniş məlumat təqdim olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: