Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Kimyaçı alimlərin məqaləsi “Web of Science” və “Scopus” bazalarına daxil olan jurnalda çapdan çıxıb
02.04.2021 21:32
  • A-
  • A
  • A+

Kimyaçı alimlərin məqaləsi “Web of Science” və “Scopus” bazalarına daxil olan jurnalda çapdan çıxıb

AMEA-nın birinci vitse-prezidenti, Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun direktoru, akademik Dilqəm Tağıyev, müəssisənin əməkdaşları - professor Akif Əliyev, aparıcı elmi işçi Dünya Babanlı və böyük elmi işçi Vüsalə Məcidzadənin məqaləsi “Web of Science” və “Scopus” beynəlxalq bazalarına daxil olan “Acta Chimica Slovenica” jurnalında dərc olunub.

Tədqiqat işində etilen qlikol məhlulundan Fe3+ ionlarının sərbəst dəmirə elektrokimyəvi reduksiya prosesinin nəticələri öz əksini tapıb. Tsiklik və xətti polyarizasiya əyrilərinin çəkilməsilə elektroreduksiya prosesinin kinetikası və mexanizmi araşdırılıb. Həmçinin temperaturun, potensialın dəyişmə sürətinin və dəmir (III) ionlarının qatılığının elektroreduksiya prosesinə təsiri tədqiq edilib. Effektiv aktivləşmə enerjisinin müşahidə olunan qiymətləri göstərir ki, araşdırılan elektroreduksiya prosesi qarışıq polyarizasiya ilə müşayiət olunur. SEM və rentgen-faza analizlərinin nəticələri, müəyyən edilmiş optimal şərtlər altında nazik Fe təbəqələrinin çökməsini təsdiqləyib.

Qeyd edək ki, dəmir ionlarının elektroreduksiya prosesinin tədqiqi gələcəkdə perspektivli fotoelektrik günəş elementlərinin istehsalında tətbiq edilə bilən FeS2 və FeSe2 əsasında nazik yarımkeçirici təbəqələrin elektrokimyəvi çökdürülməsi istiqamətində mühüm addımdır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: