Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

Tarix Muzeyinin əməkdaşları beynəlxalq seminarda çıxış ediblər
02.04.2021 10:45
  • A-
  • A
  • A+

Tarix Muzeyinin əməkdaşları beynəlxalq seminarda çıxış ediblər

Kamoliddin Biozond adına Milli İncəsənət və Dizayn İnstitutu (Özbəkistan) tərəfindən "Müasir Muzeyşünaslığın Problemləri: Elm, Təhsil, Təcrübə" mövzusunda beynəlxalq elmi seminar keçirilib.

Tədbirdə Özbəkistan, Azərbaycan və Türkiyənin muzey nümayəndələri iştirak ediblər.

AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyinin direktoru, akademik Nailə Vəlixanlı tədbirdə çıxış edib. İlk öncə Muzeylərin akatual problemlərindən söz açan N.Vəlixanlı qeyd edib ki, muzeyşünaslıq geniş mənada muzey məsələləri ilə bağlı olan elmi-tədqiqat işlərini də özündə ehtiva edir. Akademik bu istiqamətdə muzeyin elmi işçilərinin də elmə böyük töhfələr verdiyini diqqətə çatdırıb. N.Vəlixanlı çıxışında vurğulayıb  ki, muzeyşünaslıq təcrübəsində diqqətçəkən məqamlardan biri də ekspozisiyaların estetik xüsusiyyətləri, onların muzey mühiti ilə düzgün əlaqələndirilməsi, ekspozisiya-interyer münasibətlərinin öyrənilməsi problemidir.

31 mart 1918-ci il azərbaycanlıların soyqırımı barədə ətraflı məlumat verən akademik daha sonra 44 günlük Vətən müharibəsi və Azərbaycan Respublikasının zəfər çalması ilə bağlı geniş məlumat verib. Bu münasibətlə Muzeydə yeni Vətən müharibəsi fondunun yaradılmasının əhəmiyyətli hadisə olduğunu vurğulayıb.

Daha sonra Muzeyin elmi işlər üzrə direktor müavini, t.ü.e.d., dos. Nərgiz Əliyeva “Beynəlxalq sərgilərin təşkili problemləri” mövzusunda məruzə ilə çıxış edib. Mövzu ilə əlaqədar çıxış etdikdən sonra N.Əliyeva Milli Azərbaycan Tarixi Muzeyi haqda iştirakçılara məlumat verib. Qeyd edib ki, hazırda Muzey iki ən vacib məsələni yerinə yetirir, həm ekspozisiyanın yenidən qurulması və “Anadır arzulara hər zaman Qarabağ” adlı sərgi üzərində iş gedir. Həmçinin N.Əliyeva iştirakçılara muzeyin yeni dizaynda hazırlanmış saytı haqqında məlumat verib.

Muzeyin Beynəlxalq əlaqələr şöbəsinin elmi işçisi, t.ü.f.d. Fuad Ağayev "Muzey ekspozisiyası tarixi yaddaşın qorunması vasitəsi kimi" mövzusunda məruzə edib. Tədqiqatçı alim 31 mart 1918-ci il azərbaycanlıların soyqırımı barədə danışdıqdan sonra mövzu ilə əlaqədar çıxış edib. O, qeyd edib ki, muzeylər cəmiyyətin inkişafında, maddi-mənəvi irsin və eləcə də xalqın tarixi yaddaşın qorunub saxlanmasında mühüm rol oynayır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: