Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Hüseyn Cavidin yaradıcılığına dair tədqiqatlar beynəlxalq jurnalda dərc olunub
02.04.2021 10:17
  • A-
  • A
  • A+

Hüseyn Cavidin yaradıcılığına dair tədqiqatlar beynəlxalq jurnalda dərc olunub

“Hüseyn Cavidin Ev Muzeyi Hüseyn Cavid irsinin və yaradıcılığının tədqiqi üzrə materialların nəşr mənbəyi kimi” adlı məqalə beynəlxalq “Index Copernicus” elmi bazasına daxil edilmiş  jurnalda dərc olunub.

“V.İ.Vernadski adına Tavriya Milli Universitetinin elmi əsərləri” jurnalının filologiya və sosiologiya seriyasına daxil edilən məqalənin müəllifi muzeyin fəlsəfə doktoru hazırlığı üzrə dissertantı Könül Məhərrəmovadır.

Məqalədə Hüseyn Cavidin Ev Muzeyində 2007-2020-ci illər ərzində hazırlanan nəşrlər ümumi nəzərdən keçirilir, dahi Azərbaycan şairi və dramaturqu Hüseyn Cavidin irsinin və cavidşünaslıq materiallarının ayrı-ayrı nəşrləri təhlil edilir. Cavid irsinin, eləcə də onun həyat və yaradıcılığına həsr olunmuş tədqiqatların nəşrə hazırlanması işinin də bu müəssisənin elmi fəaliyyətinin prioritet istiqamətlərindən olduğu vurğulanır. Müəllif sözügedən işlərin müəssisənin ilk direktoru və ədibin qızı Turan Cavid tərəfindən başlanıldığını, sonralar bu ənənənin uğurla davam etdirildiyini vurğulayır. Hüseyn Cavidin Ev Muzeyinin ölkəmizdə Cavidşünaslığın əsas mərkəzinə çevrildiyini göstərən tədqiqatçı müəssisənin hazırki direktoru, filologiya elmləri doktoru Gülbəniz Babaxanlının bu sahədə xüsusi xidmətləri olduğunu nəzərə çatdırır. Muzeyin son 15 ildə Cavid irsinin təbliği ilə yanaşı, tədqiqi və nəşri sahəsində mühüm layihələrə imza atması xüsusi vurğulanır.  

Məqalədə Hüseyn Cavidin Ev Muzeyinin nəşrləri iki əsas istiqamətdən: Hüseyn Cavid əsərlərinin və Cavidşünaslıq materiallarının nəşri baxımından tədqiqata cəlb edilir. K.Məhərrəmova Hüseyn Cavidin ayrı-ayrı əsərlərinin, həm də bütöv külliyyatının muzey tərəfindən həyata keçirilən müxtəlif nəşrləri barədə ümumi məlumat verir, daha çox sənətkarın müxtəlif dillərə tərcümə olunmuş “Topal Teymur”, “Şeyda” kimi pyeslərinin nəşrlərini, ədibin əsərlərinin 2005, 2007-ci illərdə çap olunan V cildliyini, H.Cavividin həyat və yaradıcılığını tədqiq edən materialların, xüsusən də 2012-ci ildə çapdan çıxmış X cilddə “Cavidşünaslıq” araşdırmalar toplusunu, o cümlədən T.Əfəndiyev, M.Cəfər kimi görkəmli cavidşünasların monoqrafiyalarının yeni nəşrlərini əsaslı təhlilə cəlb edir.

Məqalədə həmçinin muzeyin 2018-2020-ci illərdəki nəşrləri, xüsusən “Cavidşünaslıq” araşdırmalar toplusunun XXX cildi haqqında da xülasə şəklində məlumat verilir.

Qeyd edək ki, dissertantın elmi rəhbəri və haqqında məlumat verilən məqalənin elmi redaktoru Hüseyn Cavidin Ev Muzeyinin direktoru, filologiya elmləri doktoru Gülbəniz Babaxanlıdır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: