Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  ANONSLAR

“Azərbaycanın su təminatının müasir problemləri“ mövzusunda konfrans keçiriləcək
31.03.2021 14:21
  • A-
  • A
  • A+

“Azərbaycanın su təminatının müasir problemləri“ mövzusunda konfrans keçiriləcək

6-7 oktyabr 2021-ci il tarixlərində AMEA-nın Əsas binasında Əməkdar elm xadimi, coğrafiya elmləri doktoru, professor Saleh Rüstəmovun anadan olmasının 110 illiyinə həsr edilən “Azərbaycanın su təminatının müasir problemləri“ mövzusunda respublika elmi-praktik konfransı keçiriləcək.

Tədbirin təşkilatçıları AMEA-nın akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutu, “Azərsu” ASC, “Meliorasiya və Su Təsərrüfatı” ASC, UNESCO-nun Dövlətlərarası Hidroloji Proqramı üzrə Azərbaycan Milli Komitəsi, Azərbaycan Coğrafiya Cəmiyyəti  və “Sudan İstifadə sahəsində Mütəxəssislər” İctimai Birliyidir.

Konfrans Azərbaycan Respublikasında çayların rejim xüsusiyyətləri və su ehtiyatlarının öyrənilməsində, həmçinin hidrologiya sahəsində çoxsaylı kadrların hazırlanmasında müstəsna xidmətləri olan Saleh Rüstəmovun formalaşdırdığı elmi istiqamətlər üzrə mövcud vəziyyətin təhlili məqsədini daşıyır.

Konfransın əsas problem istiqamətləri “Azərbaycanın su ehtiyatlarının müasir vəziyyəti və idarə olunması”, “Qarabağ ərazisinin müasir hidrometeoroloji problemləri”, “Regional iqlim dəyişmələri və onların su ehtiyatlarına təsiri” və “Ətraf mühit və dayanıqlı inkişaf”dır.

Təqdim olunan məqalələrin mətni Azərbaycan, ingilis və rus dillərində yazıla bilər. Mətn 3-5 səhifə həcmində Microsoft WORD proqramında (versiya 2003-2019) arial, 12 ölçülü şriftlə, 1.0 intervalla A4 formatlı vərəqlərdə aşağıdakı göstəricilərlə çap olunmalıdır: yuxarıdan 2 və aşağıdan 2 sm, soldan 2.5 sm, sağdan 1.5 sm, abzas buraxılışı 1.25 sm. Məqalənin adı mərkəzdə 12 ölçülü arial şrifti ilə tünd rəngli böyük hərflərlə yazılmalı, bir sətir sonra müəlliflərin adı və soyadı (adı və soyadı arasında ara qoyulur), növbəti sətirdə ortada təşkilatın, şəhərin adı və müəllifin e-mail adresi 12 ölçülü şriftlə yazılmalıdır. Mətndən bir sətir sonra ədəbiyyat siyahısı verilir, ədəbiyyata istinad kvadrat mötərizədə rəqəmlərlə [1] göstərilir. Ədəbiyyat siyahısı əlifba sırası ilə 12 ölçülü şriftlə nömrələnmiş şəkildə tərtib olunur.

Əgər məqalə Azərbaycan dilində təqdim olunarsa, rus və ingilis dillərində, rus dilində təqdim olunarsa, Azərbaycan və ingilis dillərində həm məqalənin adı, həm də xülasə əlavə olunmalıdır.

Məqalələrin mətnləri elektron formada 31 may 2021-ci il tarixinə qədər göndərilməlidir. Təşkilat komitəsi məqalənin konfransın mövzusuna uyğunluğunu və elmi səviyyəsini nəzərə almaqla dərc edilməsini müəyyənləşdirir.

Ünvan: Bakı ş., H.Cavid  pr. 115 (Coğrafiya İnstitutu, otaq 818)

E-mail: kreativagayev@gmail.com

Tel.: (+994 12) 538 54 18, (+994 50) 322 82 77

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: