Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

Naxçıvan Bölməsində Elm gününə həsr olunan tədbir keçirilib
30.03.2021 14:57
  • A-
  • A
  • A+

Naxçıvan Bölməsində Elm gününə həsr olunan tədbir keçirilib

AMEA-nın Naxçıvan Bölməsində Elm gününə həsr olunan tədbir keçirilib.

Tədbiri giriş sözü ilə açan bölməsinin sədri, akademik İsmayıl Hacıyev bildirib ki, ölkə başçısı cənab İlham Əliyevin 2018-ci il 9 aprel tarixli Sərəncamı ilə Azərbaycanda Elm gününün təsis edilməsi bütövlükdə Azərbaycan elminə, elmi ictimaiyyətinə göstərilən diqqət və qayğının göstəricisidir. O, Vətən müharibəsində ölkəmizin qazandığı parlaq zəfərdən danışaraq qeyd edib ki, bu tarixi qələbə qəhrəman oğullarımızın mərdliyi, şücaəti ilə yanaşı, həm də elmi yeniliklərin tətbiqi ilə əlamətdardır.

“Ölkənin ən böyük elm məbədi - Azərbaycan Milli Elmlər Akademiyası yaradıldığı gündən etibarən milli elmin baş qərargahı rolunu uğurla davam etdirməkdədir”, - söyləyən akademik çıxışı zamanı elmin önəmi, cəmiyyətin elmlə paralel inkişafı və digər məsələlərdən bəhs edib.

İsmayıl Hacıyev tədbirdə “Naxçıvan Muxtar Respublikasında elmin inkişafı” mövzusunda məruzə edib. Məruzədə xalqımızın zəngin elmi dünyagörüşünə, tarixi keçmişinə qısa nəzər salınıb, Naxçıvan torpağının dünya elminə bəxş etdiyi alim və mütəfəkkirlərin adları tədbir iştirakçılarının diqqətinə çatdırılıb.

Naxçıvanşünaslığın keçdiyi zəngin inkişaf yoluna nəzər salan alim qeyd edib ki, ulu öndər Heydər Əliyev respublikamıza rəhbərliyinin birinci dövründən başlayaraq daim elmə qayğı göstərib, elmin inkişafı üçün məqsədyönlü və uzaqgörən addımlar atıb. Məhz dahi liderin təşəbbüsü ilə AMEA-nın Naxçıvan Regional Elm Mərkəzi yaradılıb, Naxçıvanın təbii xammal ehtiyatlarının kompleks şəkildə öyrənilməsi, səmərəli istifadəsi, muxtar respublikanın sosial-iqtisadi tarixinin, arxeoloji, epiqrafik, etnoqrafik abidələrinin, folklorunun öyrənilməsi istiqamətində tədqiqatlar aparılıb.

Ulu öndərin elm siyasəti Naxçıvan Muxtar Respublikasında uğurla davam et­dirilərək, elmin inkişafı üçün imzalanan qərar və sərəncamların, qəbul olunmuş proqram­ların icrası istiqamətində mühüm tədbirlər həyata ke­çirilib. Yaranmış əlverişli şəraitdən istifadə edən muxtar respublika ziyalıları Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Sərəncamı və dəstəyi ilə bir sıra mühüm əhəmiyyətə malik beynəlxalq simpoziumların keçirilməsinə müvəffəq olublar. Qeyd edilən beynəlxalq tədbirlər Naxçıvanda elmin hərtərəfli inkişafına təkan verib, inkişafın bütün mərhələ­lərinin elmi əsaslar üzrə işlənib hazırlanmasına əsaslı təsir göstərib.

Ümummilli lider Heydər Əliyevin 7 avqust 2002-ci tarixli Sərəncamı ilə Azərbaycan Milli Elmlər Akademiyasının Naxçı­van Böl­­məsinin yaradılmasından bəhs edən alim bölmənin fəaliyyəti dövründə qazanılan elmi nailiyyətlər haqqında da dinləyicilərə məlumat verib. Vurğulanıb ki, bu tarixi Sərəncamla Naxçıvanın tarixinin, arxeologiyasının, mədəni mühitinin, folklo­runun, flora və faunasının, təbii ehtiyatlarının araşdırılması və əldə olunan mühüm nəti­cələrin nəşr edilməsi sahəsində elmi uğurlar qazanılıb. Aparılan elmi-tədqiqat işlərinin 174 mühüm nəticəsi AMEA-nın illik hesabatlarına daxil edilib, bölmənin fəaliyyəti dövründə 2 cilddə “Naxçıvan Ensi­klopediyası”, “Naxçıvan abidələri ensiklopediyası”, “Naxçıvan tarixi atlası”, 3 cilddə “Naxçıvan tarixi”, “Naxçıvan teatrının salnaməsi”, 3 cilddə “Naxçıvanın folkloru anto­logiyası”, “Dədə Qorqud yurdu-Naxçıvan” tarixi-coğrafi və etno­qra­fik atlası, “Naxçıvan Muxtar Respublikasının təbii sərvətləri: hazırkı vəziyyət və perspektivlər”, 2 cilddə Naxçıvan Muxtar Respubli­kasının “Qırmızı kitabı”, “Naxçıvan Muxtar Respublikasının ampe­lo­qrafiyası”, “Naxçıvan Muxtar Respublikasının dərman bitkiləri”, “Naxçıvan Muxtar Respublikasının fövqəladə hallar atlası”, 2 cilddə “Naxçıvan coğrafiyası” kimi fundamental nəşrlər işıq üzü görüb. Bölmə əməkdaşları tərəfindən muxtar respublikada yerləşən 1200-dən çox tarix və mədəniyyət abidəsi aşkar olunub və pasportlaşdırılıb.

Vikipediya açıq dünya ensiklopediyasında ingilis və rusdilli səhifələrdə Naxçıvan tarixi ilə bağlı erməni iddialarını əks etdirən məqalələrin redaktəsi həyata keçi­rilib, Azərbaycandilli Vikipediya ensiklopediyasında redaktələrlə yanaşı, Naxçıvanın tari­xi, mədəniy­yəti, təbii sərvətləri ilə bağlı 232 yeni məqalə yerləşdirilib.

Akademik həmçinin məruzəsində muxtar respublika alimlərinin aldığı patentlər, qalib olduqları qrant layihələr, elm­in istehsalata tətbiqi əsasında hazırlanan məhsul­lar, elm və ali təhsil müəssisələrinin beynəlxalq əlaqələrindən danışıb.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin elmə göstərdiyi diqqət və qayğıdan bəhs edən alim bildirib ki, 2014-cü ildə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Bilik Fondunun təsis edilməsi, elm, texnika, memarlıq, mədəniyyət və ədəbiyyat üzrə Nax­çıvan Muxtar Respublika müka­fatlarının təsis edilməsi, 2019-cu ildə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Elmin İnkişafı Fondunun yaradılması Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin elm və təhsilin inkişafına yüksək münasibəti və bu istiqamətdə regionda dövlət siyasətinin uğurla həyata keçirilməsini ifadə edir.

Yığıncaqda həmçinin Naxçıvan Dövlət Universitetinin rektoru, tarix üzrə fəlsəfə doktoru, dosent Elbrus İsayev, AMEA Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Hacıfəxrəddin Səfərli, Naxçıvan Müəllimlər İnstitutunun rektoru, pedaqogika üzrə fəlsəfə doktoru, dosent Azad Novruzov və “Naxçıvan” Universitetinin rektoru, filologiya üzrə fəlsəfə doktoru, dosent Nurlana Əliyeva çıxış ediblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: