Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

Fizika İnstitutunun alimləri Azərbaycan elminə xüsusi töhfələr verib
30.03.2021 10:02
  • A-
  • A
  • A+

Fizika İnstitutunun alimləri Azərbaycan elminə xüsusi töhfələr verib

AMEA-nın Fizika İnstitutunda 27 Mart - Elm Günü münasibətilə onlayn iclas keçirilib.

İclası institutun baş direktoru, akademik Arif Həşimov açaraq tədbir iştirakçılarını əlamətdar gün münasibətilə təbrik edib. Akademik qeyd edib ki, 2018-ci il aprelin 9-da Prezident  İlham Əliyev cəmiyyətin inkişafında elmin əhəmiyyətini nəzərə alaraq Azərbaycan Respublikasında “Elm günü”nün təsis edilməsi haqqında Sərəncam imzalayıb. Bildirib ki, bu tarix ölkə üçün əlamətdar bir vaxta – AMEA-nın təsis olunduğu günə təsadüf etdiyi üçün xüsusi əhəmiyyət daşıyır.

Fizika İnstitutunun alimlərinin Azərbaycan elminə xüsusi töhfələr verdiyini deyən A.Həşimov müəssisə əməkdaşlarının müxtəlif sahələrin inkişaf etdirilməsi istiqamətində rolundan söz açıb. O, azərbaycanlı fiziklərin beynəlxalq elmi mərkəzlərdə və məktəblərdə dünyanın müxtəlif ölkələrindən olan həmkarları ilə birgə tədqiqat işləri apardıqlarını vurğulayıb. A.Həşimov Dubnada (Rusiya) yerləşən Birləşmiş Nüvə Tədqiqatları İnstitutu ilə Fizika İnstitutunun əlaqələrindən də danışıb, BNTİ-nin 65 illik yubileyinin Fizika İnstitutunda da qeyd olunacağını bildirib.

Sonra Fizika İnstitutunun icraçı direktoru, fizika-riyaziyyat elmləri doktoru, professor Hüseyn İbrahimov müəssisədə aparılan fundamental elmi tədqiqatlar haqqında məlumat verərək bildirib ki,  UNESCO-nun son baş konfransında davamlı inkişafın maraqlarını təmin etmək məqsədi ilə 2022-ci ilin Beynəlxalq İnkişaf üçün Fundamental Elmlər İli (International Year of Basic Sciences for Development – IYBSSD 2022) elan edilməsinə dair qərar qəbul edilib. Onun sözlərinə görə, qərarın əsas məqsədi fundamental elmi tədqiqatların bütün dünyanın davamlı inkişafında həlledici rolunu, eyni zamanda BMT-nin Davamlı İnkişaf Məqsədlərinin (SDG) həyata keçirilməsində bu tədqiqatların verdiyi töhfəni vurğulamaqdan ibarətdir.

İclasda, həmçinin professorlar Qüdrət İsakov, Mayil Tağıyev, dosent Rəhim Ələkbərov və digərləri çıxış edərək fizika elminin qarşısında duran vəzifə və problemlərdən söz açıblar.

Sonda akademik Arif Həşimov Elm günü münasibətilə silsilə tədbirlərin keçiriləcəyini də diqqətə çatdırıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: