Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Azərbaycan elmi ictimaiyyətinin qürur günü
29.03.2021 17:13
  • A-
  • A
  • A+

Azərbaycan elmi ictimaiyyətinin qürur günü

Elmi ictimaiyyət üçün mühüm tarixi hadisə olan Dünya Elm Günü 2001-ci ildə UNESCO-nun qərarı ilə təsis edilib. UNESCO-nun baş konfransının 31-ci sessiyası 10 noyabr gününü “Sülh və inkişaf naminə Dünya Elm Günü” elan edib. İlk dəfə 2002-ci il noyabrın 10-da keçirilən bu bayram həmin vaxtdan etibarən hər il bütün dünyada qeyd olunur. Dünyanın əksər ölkələrində qeyd olunan bu günün məqsədi beynəlxalq və milli səviyyədə elmin rolunu yüksəltmək, eləcə də elmin nəticələrinin cəmiyyətin inkişafına təsirini artırmaq, qlobal problemlərin həlli üçün elmlə ictimaiyyətin birliyini təmin etməkdir.

Davamlı cəmiyyətin yaradılmasında elm və alimlər mühüm rol oynayır. Vətəndaşların elmi nailiyyətlər haqqında məlumatlandırılması və bu proseslərdə iştirakı vacib amillərdəndir.

Dünya Elm Günü UNESCO-nun təşkilatçılığı ilə keçirilən iclaslarda, seminarlarda, konfrans və festivallarda qeyd edilir və hər il müəyyən bir mövzuya həsr olunur.

Bu gün dünyanın bir çox ölkəsində olduğu kimi, Azərbaycanda da Elm günü böyük qürur hissi ilə keçirilir. Martın 27-si Azərbaycanda Elm Günü kimi qeyd edilir. 2018-ci il aprelin 9-da Prezident İlham Əliyev cəmiyyətin inkişafında elmin əhəmiyyətini nəzərə alaraq Azərbaycan Resublikasında “Elm günü”nün təsis edilməsi haqqında Sərəncam imzalayıb. Çünki ölkəmizdə dövlət siyasətinin əsas istiqamətlərindən biri elm və təhsil sahəsində göstərilən qayğının ardıcıl davam etdirilməsi, elmi-texniki potensialın qorunub saxlanılması, cəmiyyətin inkişafında elmin əhəmiyyətinin artırılması və elmi fəaliyyətin stimullaşdırılmasıdır. Bu gün resublikamızda elm və təhsil sahəsində yüksək ixtisaslı kadrların hazırlanması, cəmiyyətdə elmi işçilərin nüfuzunun artırılması istiqamətində bir sıra mühüm qərarların qəbul edilməsi ən vacib və aktual məsələlərdəndir. Ölkəmizdə Elm günü eyni zamanda AMEA-nın təsis olunduğu günə təsadüf etdiyi üçün xüsusi əhəmiyyət daşıyır.

Hazırda AMEA Prezident İlham Əliyevin apardığı genişmiqyaslı islahatların işığında yeni cəmiyyət quruculuğu istiqamətində, ölkəmizdə müstəqil dövlətçilik ideallarının daha da möhkəmləndirilməsi yolunda şərəflə və məsuliyyətlə addımlamaqda davam edir. Elmin təbliği və alimlərimizin beynəlxalq aləmə inteqrasiyasını sürətləndirmək məqsədilə görülən işlər, qəbul olunan rəsmi sənədlər elmin inkişafının dövlət siyasətinin prioritetlərindən olduğunu sübut edir.

Təsadüfi deyil ki, AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurasının təşkilatçılığı ilə akademiyanın institutlarında məktəblilərlə görüş, açıq qapı günləri, müxtəlif layihələr, elmimizin nailiyyətlərini, yeni innovasiyaları nümayiş etdirmək, elmin təbliğinə nail olmaq, cəmiyyətdə elmə olan marağı artırmaq, həmçinin elm-təhsil-istehsalat arasında əlaqələri gücləndirmək məqsədilə bir sıra elmi-praktiki tədbirlər keçirilib.

Həmçinin AMEA-nın Torpaqşünaslıq və Aqrokimya İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının təşkilatçığı ilə 2019-cu ildə Elm günü ilə əlaqədar elan olunmuş “Biologiya və aqrar sahədə səmərəli tətbiq işi” mövzusunda müsabiqəyə həsr edilən tədbir keçirilib. Bu müsabiqədə AMEA-nın müxtəlif müəssisələrindən və digər təşkilatlardan gənc alim və mütəxəssislər iştirak ediblər.

Elm gününə həsr edilən müsabiqə ölkəmizdə savadlı, yüksəkixtisaslı gənclərin yetişməsində, onların elmə cəlb olunmasında, potensiallarının üzə çıxarılmasında, aqrar və digər sahələrin inkişafında böyük əhəmiyyət daşıyırdı. Müsabiqədə münsiflər heyəti tərəfindən qaliblər müəyyənləşdirilərək mükafatlandırılıblar. Qaliblərə diplom, iştirakçılara isə sertifikatlar təqdim olunub.

17 iyun 2020-ci il tarixində isə Torpaqşünaslıq və Aqrokimya İnstitutunda Gənc Alim və Mütəxəssislər Şurasının təşkilatçılığı ilə tələbə, magistrant, doktorant və dissertantların onlayn rejimdə elmi-praktik konfransı keçirilib. “Ətraf mühit problemləri və onun qorunub saxlanması strategiyası: gələcəyə baxış” mövzusunda təşkil olunan tədbir Elm gününə həsr edilib. Tələbə, magistrant, doktorant və dissertantlar üçün ixtisaslaşmış belə bir konfransın keçirilməsinin əhəmiyyəti AMEA-da doktorantura (dissertantura) ilə yanaşı, magistratura təhsilini də böyük elmin astanası kimi xarakterizə etmək, AMEA magistrantlarının timsalında elm yolunda yenicə addım atmağa başlayan bütün gənclərə elm və təhsil fəaliyyətində uğurları artırmaq, bu kimi tədbirlərin gənc tədqiqatçılar arasında elmi əlaqələrin inkişafına zəmin yaratmaqdan ibarət olub. Konfransa 53 tezis qəbul olunub. Onlayn konfransda bu mövzular ətrafında maraqlı müzakirələr aparılıb və tədbirin materialları çap edilib.

Elm gününün qeyd olunması bütün ölkə üzrə elm sahəsində fəaliyyət göstərən alim və mütəxəssisləri bir araya gətirməklə yanaşı, həm də əldə olunan elmi nailiyyətləri ictimaiyyətə təqdim etməyə, Azərbaycan elmində olan çatışmazlıqları geniş şəkildə müzakirə etməyə və problemlərin həlli ətrafında birləşməyə imkan verir. Biz gənclər olaraq Elm gününün ölkəmizin müasir elminin inkişafında əhəmiyyətini və bu günün necə qürurverici olduğunu anlayırıq.

Elm günün mübarək, Azərbaycan!

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: