Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Azərbaycan elmi müstəqil dövlətçiliyin yaratdığı geniş imkanlar sayəsində ölkəmizin müasir inkişafının aynasına çevrilib
29.03.2021 16:45
  • A-
  • A
  • A+

Azərbaycan elmi müstəqil dövlətçiliyin yaratdığı geniş imkanlar sayəsində ölkəmizin müasir inkişafının aynasına çevrilib

Azərbaycanda elmin inkişafına dövlət qayğısı və bu sahədə aparılan uğurlu islahatlar, qanunvericilik bazasının təkmilləşdirilməsi, Azərbaycan Prezidentinin qəbul etdiyi fərman və sərəncamlar müsbət nəticələrə gətirib çıxarıb. Azərbaycan alimlərinin beynəlxalq aləmə inteqrasiyası istiqamətində mühüm nailiyyətlər əldə olunub.

Martın 27-si hər il Azərbaycanda elmi ictimaiyyətin bayramı - Elm günü kimi qeyd edilir. Bu gün 2018-ci il aprelin 9-da Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiq edilib. Dövlət başçısı bu Sərəncamla cəmiyyətin inkişafında elmin əhəmiyyətini daha da artırıb, qədim tarixə malik Azərbaycan elminin müasir dövrdə inkişafı ilə bağlı qarşıda duran vəzifələrin müəyyənləşdirilib icra olunmasına töhfə verib. Prezident İlham Əliyev həm də elmin yeni dövr üçün statusunu müəyyənləşdirib, onun cəmiyyət həyatında hərəkətverici funksiyasının daha da gücləndirilməsini bir hədəf kimi təsbit edib.

Xatırladaq ki, 2016-cı ildə isə dövlət başçısı “Elm haqqında” Azərbaycan Respublikasının Qanununu təsdiqləyib. Elmi fəaliyyət sahəsində dövlət siyasətinin prinsiplərini müəyyən edən bu Qanunun qəbulu müstəqil Azərbaycanın elm siyasətinin əsas sütununu təşkil edir və özlüyündə elmdə informasiya-kommunikasiya texnologiyalarının tətbiqini, dünya elminin tələblərinə cavab verən tədqiqatların aparılmasını, elmi-texniki potensialın qorunub saxlanılmasını, yüksəkixtisaslı kadrların hazırlanması kimi vacib sahələri əhatə edir. Azərbaycan dövləti elmin inkişafı, onun qanunvericilik bazasının möhkəmləndirilməsi və bu sahədə sanballı tədbirlərin həyata keçirilməsi üçün bütün tədbirləri görüb və Elm gününün qeyd olunması da bu sahədə çalışan mütəxəssislərin əməyinə göstərilən diqqətin təzahürüdür.

Qeyd edək ki, insanın əməli və nəzəri fəaliyyətinin spesifik sahəsi olan elm cəmiyyətin məhsuldar qüvvələrinin inkişafına və ictimai həyatın müxtəlif sahələrinə təsir edən sosial nəticələrin ən mühümüdür. Keçən əsrlərdə elmlə məşğul olmaq ayrı-ayrı şəxsiyyətlərin taleyinə düşürdüsə, XX əsrin əvvəllərindən, xüsusilə Elmlər Akademiyasının yaranmasından sonra elmi tədqiqatlarla alimlər, institutlarda və elmi tədqiqat idarələrində çalışan peşəkar elm adamları məşğuldurlar. Azərbaycan Elmlər Akademiyasının yaranması isə xalqımızın fikir və mədəniyyətinin çoxəsrlik inkişaf yolunda mühüm dönüş nöqtəsi olmuşdur.

Elm günü Azərbaycanda Milli Elmlər Akademiyasının təsis edildiyi gündə qeyd olunur. O zaman bu hadisə fəaliyyət göstərdiyi müddətdə ölkə həyatının ən vacib elm strukturunaçevrilən Elmlər Akademiyasının fəaliyyətinə verilən önəm kimi qəbul edilməlidir. Çünki Azərbaycanda elmin inkişafı birmənalı olaraq Elmlər Akademiyasının fəaliyyəti ilə sıx bağlıdır və bu fəaliyyət daha çox ölkədə elmin sistemli inkişafına həsr olunub.

Akademik  Fəraməz  Maqsudov  yazır  ki, XX əsrdə baş vermiş ictimai-siyasi hadisələr xalqın əsrlərdən keçib gələn intellektinin üzə çıxması və misli görünməmiş bəşəri dühaların meydana gəlməsi üçün şərait yaratmışdır. 1920-ci illərdən etibarən elmi tədqiqat təşkilatları və idarələrinin formalaşma prosesi 1945-ci ildə respublikanın ali elmi qurumunun - Azərbaycan Elmlər Akademiyasının yaradılması ilə başa çatdı. Respublikamızın həyatında, ictimai fikrin formalaşmasında, müstəqillik uğrunda mübarizə yollarında 1945-ci ildə yaradılmış Elmlər Akademiyasının böyük xidmətləri var. Ümummilli lider Heydər Əliyev AMEA-nın keçdiyi yolu Azərbaycan xalqının tarixində böyük səhifə kimi dəyərləndirib: “Çoxəsrlik tariximizdə böyük elmimiz olubdur. Ancaq Azərbaycan elmi heç vaxt bu qədər mütəşəkkil və bu qədər qüvvətli, güclü, çoxsahəli olmayıb. Müstəqil Azərbaycanın Elmlər Akademiyası bütün elmi potensialı özündə cəmləyərək, xalqımızın yaradıcılıq sahəsində nəyə qadir olduğunu dünyaya göstəribdir”.

Dövlətimizin ideoloji əsaslarının təşkilində, ulu öndər Heydər Əliyevin müəllifi olduğu Azərbaycançılıq məfkurəsinin təbliğində Azərbaycan elmi öz sözünü deyib, onun fəaliyyət istiqamətləri arasında bu sfera hər zaman aparıcı xətt olub və beləcəAzərbaycan elmi müstəqil dövlətçiliyin yaratdığı geniş imkanlar sayəsində ölkəmizin müasir inkişafının aynasına çevrilib.

2021-ci ilə Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ordumuzun sayəsində qalib dövlət kimi daxil olduq. Azad edilmiş Qarabağın və bütövlükdə dövlətimizin bundan sonrakı inkişafında Azərbaycan elminin, AMEA-nın da müstəsna rol oynayacağı şübhəsizdir.

Şəhla TAHİRQIZI, AMEA Mərkəzi Elmi Kitabxanasının Biblioqrafiya şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: