Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  ANONSLAR

Azərbaycan elmi ictimaiyyətinə ağır itki üz verib
25.03.2021 19:14
  • A-
  • A
  • A+

Azərbaycan elmi ictimaiyyətinə ağır itki üz verib

Tanınmış fizioloq alim, akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutunun Neyrofiziologiya laboratoriyasının rəhbəri, biologiya elmləri doktoru, professor Zakir Məmmədov martın 23-də 75 yaşında vəfat edib.

Zakir Hüseyn oğlu Məmmədov 1946-ci il iyulun 1-də Qərbi Azərbaycanın (indiki Ermənistanın) İrəvan şəhərində anadan olmuşdur. Ukraynanın Kiyev Politexnik İnstitutunda (indiki Ukrayna Milli Texniki Universiteti) ali təhsilini almış və biologiyaya marağı onu insan orqanizminin ali orqanı beynin tədqiqatları ilə məşğul olan Fiziologiya İnstitutuna gətirmişdir. Burada gənc tədqiqatçı akademik Hüseyn Həsənovun rəhbərliyi altında elektrofizioloji tədqiqatlara cəlb olunaraq adi mühəndis vəzifəsindən qrup rəhbəri, laboratoriya müdiri vəzifələrinə yüksəlmiş və respublikada neyrofiziologiya sahəsində qabaqcıl alimlərdən biri kimi tanınmışdır.

Zakir Məmmədovun elmi bioqrafiyasında mühüm səhifələrdən biri onun  1982-1987-ci illərdə SSRİ Elmlər Akademiyasının “Beyin” uzunmüddətli kompleks elmi proqramı çərçivəsində Çexoslovakiya Elmlər Akademiyasının Fiziologiya İnstitutunda təcrübə keçməsi olmuşdur. Sonralar neyrofizioloji eksperimentin nəticələrinin analizində o dövr üçün unikal ölçmə, telemetrik, elektron-hesablayıcı sistemlərin istiafadəsi sahəsində SSRİ EA-nın Biofizika İnstitutunda görkəmli rus alimi akademik M.N.Livanovun rəhbərlik etdiyi Yaddaş problemləri şöbəsində əldə edilən təcrübə Fiziologiya İnstitutunda neyrofiziologiyanın inkişafına öz payını vermişdir.

Alimin elmi-tədqiqat fəaliyyətinin əsas istiqaməti monoaminergik neyromediator sistemlərinin sinir proseslərinin plastiki təminatında iştirakının hüceyrə və sistem mexanizmlərinin tədqiqi olmuşdur. Onun “İnsan və heyvan fiziologiyası” ixtisası üzrə müdafiə etdiyi “Neokorteksin bioelektrik aktivliyinin monoaminerqik tənzimlənməsi” mövzusunda fəlsəfə, “Neyron və sinapsların plastik  xüsusiyyətlərinin modulyasiyasında biogen monoaminlərin iştirakının neyrofizioloji mexanizmləri” mövzusunda doktorluq dissertasiyaları bu istiqamətdə mühüm elmi-praktiki əhəmiyyəti olan tədqiqat işləridir. Alim uzunmüddətli tədqiqatlarından əldə edilən nəticələr əsasında təlim və yaddaş proseslərinin aktuallaşmasında monoaminergik neyrotransmissiyanın ikili təbiyyəti (neyromediator və neyromodulyator) haqqında təsəvvürləri ilk dəfə olaraq irəli sürmüşdür. Son illərdə onun rəhbərlik etdiyi laboratoriyada aparılan gözün torlu qişasının distrofiyasında neyrofizioloji mexanizmlərin öyrənilməsi üzrə biotibb yönümlü eksperimental tədqiqatlar həm fundamental, həm də praktiki baxımdan xüsusi maraq kəsb edir.

Neyroelm sahəsində mütəxəssis kimi yerli və xarici dövrü nəşrlərdə 200-ə yaxın elmi əsər, o cümlədən 1 monoqrafiyası işıq üzü görən alimin rəhbərliyi altında 1 elmlər, 6 fəlsəfə doktoru hazırlanmışdır. Bununla yanaşı, pedaqoji fəaliyyətlə məşğul olan alim Bakı Dövlət Universitetinin Biologiya fakültəsində ixtisas kurslarından mühazirələr oxumuş, yüksək erudisiyası, oratorluq qabiliyyəti ilə tələbələrin rəğbətini qazanmışdır.

Azərbaycan Fizioloqlar Cəmiyyətinin, Rusiya Neyroelmlər Cəmiyyətinin üzvü kimi fəaliyyət göstərmişdir.

Səmərəli elmi və elmi-təkilati fəaliyyətinə görə, AMEA Rəyasət Heyətinin Fəxri fərmanı ilə təltif edilmişdir.

Şərəfli ömür yaşamış professor Zakir Məmmədovun əziz xatirəsi onu tanıyanların qəlbində daim yaşayacaqdır.

Allah rəhmət eləsin!

AMEA-nın akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutu

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: