Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  GÖRÜŞLƏR

21.03.2021 18:11
  • A-
  • A
  • A+

“Erkən nikahlara və intihara yox deyək” layihəsi üzrə növbəti görüş keçirilib

“Erkən nikahlara və intihara yox deyək” layihəsi üzrə növbəti görüş keçirilib

AMEA-nın akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutunun gənc alimləri yeniyetməlik yaşında olan məktəbliləri maarifləndirmək və onlara tibbi-fizioloji, hüquqi və psixoloji yardım etmək məqsədi ilə həyata keçirdikləri “Erkən nikahlara və intihara yox deyək” layihəsini davam etdirirlər.

Belə ki, layihə çərçivəsində növbəti tədbir Bakı şəhəri, Sabunçu rayonunda yerləşən 28 saylı tam orta məktəbin şagirdləri və Zaqatala məktəbliləri üçün onlayn təşkil olunub.

Fiziologiya İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının (GAMŞ) sədri, biologiya üzrə fəlsəfə doktoru, dosent Zenfira Qədimova yeniyetmələr üçün təşkil olunan layihənin əhəmiyyətindən danışıb. Qeyd edib ki, bu layihənin keçirilməsində əsas məqsəd yeniyetmə yaşında olan məktəbliləri, gələcəyimizin qarantı olan övladlarımızı maarifləndirmək, sağlam ailənin təməlini qurmaq üçün ilk növbədə təhsil almağın vacibliyini vurğulamaq, onları elmi biliklərə yiyələndirməkdir.

Daha sonra institutun gənc alimləri Afaq Nurullayeva, Məlahət Əlizadə, Zərnigar Qasımova və Aytən Muradova, AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun GAMŞ sədri Tünzalə Musayeva məruzələrlə çıxış ediblər. Çıxışlarda bildirilib ki, erkən yaşda uşaqlar ailə qurmağa fizioloji, psixoloji cəhətdən hazır olmurlar və bu cür erkən nikahlar sonradan onların həyatında bir sıra böyük fəsadlar yaradır. Bu fəsadlar məişət zorakılığından tutmuş, doğuş zamanı ana-uşaq ölümləri və fiziki-psixoloji çətinliklər kimi bir çox problemlərə yol açır.

Onlayn görüşdə iştirak edən müəllimlər Xəyalə İsmayılova, psixoloq Sevinc Məmmədova və digərləri məktəblilərə öz məsləhətlərini veriblər.

Sonda mövzu ətrafında müzakirə təşkil edilib və məktəblilərin sualları AMEA-nın gənc alimləri tərəfindən cavablandırılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: