Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  YUBİLEYLƏR

AMEA-nın müxbir üzvü Ramiz Alıquliyevi 60 illik yubileyi münasibətilə təbrik edirik!
20.03.2021 11:03
  • A-
  • A
  • A+

AMEA-nın müxbir üzvü Ramiz Alıquliyevi 60 illik yubileyi münasibətilə təbrik edirik!

Bu gün Azərbaycanda riyaziyyat və informatikanın inkişafında mühüm xidmətləri olan alim, “Tərəqqi” medallı, İnformasiya Texnologiyaları İnstitutunun şöbə müdiri, AMEA-nın müxbir üzvü Ramiz Alıquliyevin 60 yaşı tamam olur.

Ramiz Məhəmməd oğlu Alıquliyev 20 mart 1961-ci ildə Bərdə rayonunda anadan olub. 1983-cü ildə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Tətbiqi riyaziyyat fakültəsini bitirib. 

1983-1988-ci illərdə Azərbaycan Elmlər Akademiyasının Kibernetika (indiki İdarəetmə Sistemləri) İnstitutunda, 1988-2002-ci illərdə Riyaziyyat və Mexanika İnstitutunda işləyib. 2003-cü ildən isə AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunda fəaliyyət göstərir. 29 yanvar – 7 fevral 2019-cu il tarixlərində Avstraliya Federasiya Universitetində dəvətli professor kimi çalışıb.

R.Alıquliyev fəlsəfə doktoru (fizika-riyaziyyat elmləri) dissertasiyasını “1211.01 – Diferensial tənliklər” ixtisası üzrə, doktorluq (texnika elmləri) dissertasiyasını isə “3338.01 – Sistemli analiz, idarəetmə və informasiyanın işlənməsi” ixtisası üzrə müdafiə edib, həmçinin professor elmi adı alıb. O, 2017-ci ildə “İnformatika” ixtisası üzrə AMEA-nın müxbir üzvü seçilib.

Alimin əsas tədqiqat isiqamətlərinə data mining, big data analitika, text mining, sosial şəbəkələrin və elektron dövlətin analizi, elmmetriya, paylanmış hesablamalar, neyron şəbəkələr, evolyusion alqoritmlər və s. daxildir.

R.Alıquliyev 215 elmi əsərin müəllifidir. Onlardan 147-si ABŞ, Almaniya, Böyük Britaniya, Cənubi Koreya, Çin, Fransa, İsveçrə, Niderland, Sinqapur və s. ölkələrin nüfuzlu jurnallarında dərc edilib. “Web of Science” bazasında indeksləşən əsərlərinin sayı 97, “Scopus” bazasında indeksləşən əsərlərinin sayı isə 75-dir. Əsərlərinə 2275 istinad edilib və h-indeksi 25-ə bərabərdir.

Məqalə və istinadların sayına görə onun adı 2020-ci ildə Stenford Universiteti tərəfindən hazırlanmış dünyanın ən nüfuzlu 2% aliminin reytinq siyahısına daxil edilib.

11 jurnalın redaksiya heyətinin üzvüdür. Müxtəlif ölkələrdə (ABŞ, Almaniya, Böyük Britaniya, Türkiyə, Çin, Yaponiya, İspaniya və s.) keçirilən 25-dən çox beynəlxalq konfransın proqram və təşkilat komitəsinin üzvü olub. R.Alıquliyev, həmçinin “Web of Science” və “Scopus” bazalarında indeksləşən 30-dan çox jurnalın rəyçisidir.

Alimin rəhbərliyi altında 3 fəlsəfə doktoru və 3 magistr hazırlanıb. Hazırda o, 6 doktorant və dissertantın, 2 magistrın elmi rəhbəridir.

2005-ci ildə isə AMEA-nın Fəxri fərmanı ilə təltif olunub. Prezident İlham Əliyevin 6 fevral 2014-cü il tarixli Sərəncamı ilə alim Azərbaycanda informasiya-kommunikasiya və kosmik sənaye sahələrinin inkişafındakı xidmətlərinə görə “Tərəqqi” medalına layiq görülüb. 

Onun “Knowledge-Based Systems” jurnalında çap etdirdiyi məqaləsi 2013-cü ildə Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi ilə birgə keçirdiyi “3-cü birgə İKT üzrə mükafat müsabiqəsi”ndə ən yaxşı elmi işlərə görə 1-ci yerə layiq görülüb.

Ölkəmizdə riyaziyyat və informatikanın inkişafı istiqamətində mühüm elmi nəticələrin müəllifi olan R.Alıquliyev təkcə elmi fəaliyyəti ilə deyil, həm də öz şəxsi keyfiyyətləri, zəhmətsevərliyi və bacarıqlı elm təşkilatçılığı ilə fərqlənən alimlərdəndir. O, İnformasiya Texnologiyaları İnstitutunun ictimai həyatında yüksək təşəbbüskarlıq nümayiş etdirməklə, alim həmkarları, eyni zamanda bütün institut əməkdaşları arasında böyük nüfuz və hörmət qazanıb. 

Alim gənc tədqiqatçıların yüksəkixtisaslı kadr kimi formalaşmasına, onların elmə cəlb olunmasına hər zaman böyük qayğı və həssaslıqla yanaşır, institutda təşkil olunan müxtəlif elmi tədbirlərin təşkilində yaxından iştirak edir.

R.Alıquliyev Bakı Dövlət Universitetinin Tətbiqi riyaziyyat və kibernetika fakültəsində Dövlət İmtahan Komissiyasının sədridir.

Hörmətli Ramiz müəllim! Sizi İnformasiya Texnologiyaları İnstitutunun kollektivi adından 60 illik yubileyiniz münasibətilə təbrik edir, sizə möhkəm cansağlığı və elmi yaradıcılıq uğurları arzu edirik!

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir. 

  • Paylaş: