Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Zoologiya və Genetik Ehtiyatlar institutlarının əməkdaşları çöl quşları ilə bağlı monitorinqlər aparıblar
19.03.2021 19:29
  • A-
  • A
  • A+

Zoologiya və Genetik Ehtiyatlar institutlarının əməkdaşları çöl quşları ilə bağlı monitorinqlər aparıblar

16 mart 2021-ci il tarixində Abşeron rayonunda 10 saylı Bərk-Dərə ərazisində yerləşən, fiziki şəxs Həsənov Loğman Filman oğluna məxsus quşçuluq təsərrüfatında (19.02.2021-10.03.2021-ci il tarixlərində quşların tələfatı ilə bağlı) və AMEA-nın Akademiya şəhərciyində çöl quşlarının davranışlarını müşahidə etmək məqsədilə AMEA-nın Zoologiya və Genetik Ehtiyatlar institutlarının əməkdaşları tərəfindən monitorinqlər aparılıb.

Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi tərəfindən Loğman Həsənova ünvanlanmış 23.02.2021-ci il tarixli məktubda Mərkəzi Baytarlıq Laboratoriyasının sınaq protokoluna əsasən, qida təhlükəsizliyi qeydiyyatına alınmış yumurtalıq toyuqlara aid patoloji materiallarda ornitoz xəstəliyinin törədicisinin aşkar olunduğu bildirilib və müvafiq tədbirlərin yerinə yetirilməsi barədə göstəriş verilib. Hazırda həmin quşçuluq təsərrüfatının sexlərində quş saxlanılmır. Boş sexlərdə dezinfeksiya aparılması üçün hazırlıq, mexaniki təmizlik işləri aparılır.

Ətraf mühitdəki çöl quşlarının ev quşlarını xəstəlik törədiciləri ilə yoluxdurması halları istisna edilmir. Müşahidə zamanı ərazidə çöl quşlarının kütləvi toplanmasına və ya cəsədlərinə rast gəlinməyib. Ərazi quşların miqrasiya yolunun üzərində yerləşir. Oradan 300-400 m aralıda, quşçuluq təsərrüfatının tullantı məhsullarının yerləşdiyi sahədə zağca, adi sığırçın, adi kəkilli torağay, çöl sərçəsi, boz qarğa, çöl göyərçininin kiçik sürüləri müşahidə edilib. Yaxınlıqdakı 4 xırda göldə quş qripinin əsas daşıyıcıları olan Qazkimilər (Anseriformes)dəstəsinə aid növlərin müvəqqəti dincəlməsi və məskunlaşması, qağayıların həmin quşlarla təması və zibilliklərə gəlib digər quşlara quş qripi keçirmə ehtimalı da mümkündür.

Aparılmış monitorinqin nəticəsi onu deməyə əsas verir ki, quşların yoluxucu xəstəliklərinə qarşı aparılmış baytarlıq-sanitariya tədbirlərinə baxmayaraq, hər hansı bir yoluxma riski amili nəticəsində quşların yoluxucu xəstəlik törədicisi ilə sirayətlənməsi baş verib və bu, xeyli sayda quşun tələfatına səbəb olub.

AMEA-nın Akademiya şəhərciyində monitorinq zamanı yalnız bir çöl quşu (qarğa) cəsədi aşkar edilib. Quşun tələf olma səbəbinin müəyyənləşdirilməsi üçün cəsəd müvafiq qaydada götürülüb qablaşdırılaraq, rəsmi müraciət məktubu ilə Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun Mərkəzi Baytarlıq Laboratoriyasına göndərilməsi tövsiyə olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: