Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Azərbaycanın yerli proqram təminatında ilk onlayn videokonfrans sistemi uğurla sınaqdan keçirilib
18.03.2021 17:19
  • A-
  • A
  • A+

Azərbaycanın yerli proqram təminatında ilk onlayn videokonfrans sistemi uğurla sınaqdan keçirilib

AMEA-nın İdarəetmə Sistemləri İnstitutu (İSİ) ilə elmi-texniki əməkdaşlıq çərçivəsində “SİNAM”  şirkətinin yaratdığı videokonfranslar, kollektiv onlayn müzakirələr və müxtəlif növ kütləvi onlayn tədbirlərin keçirilməsi üzrə virtual platforma kimi istifadə imkanlarına malik olan, müasir tələblərə cavab verən, xüsusilə ilk yerli istehsal olan “MEETADORE” proqram təminatı sınaqdan keçirilib. Sınaq videokonfransı institutun rəhbərliyi, elmi şura üzvləri və “SİNAM”  şirkətinin nümayəndə heyətinin birgə iştirakı ilə baş tutub.

Konfransda “SİNAM” şirkətinin direktoru Əbülfət Rəhmanov proqram təminatının geniş imkanlarını iştirakçılara nümayiş etdirib və istifadəyə tam hazır olduğunu bildirib. Ə.Rəhmanov “Meetadore” sisteminin səsli və görüntülü danışığı təmin edən videokonfrans proqram təminatı olduğunu söyləyib. O, sistemin COVID-19 və digər bu kimi problemlərlə üzləşən təşkilatların daha çevik və effektiv kommunikasiyası üçün geniş perspektivlər açdığını və müasir tələblərə cavab verməklə yanaşı, dünyadakı digər analoqlarından fərqli olaraq milli təhlükəsizlik baxımından daha əlverişli olduğunu qeyd edib.

Ə.Rəhmanov “Meetadore” sisteminin  videokonfrans şəklində danışıqların təmin olunması ilə yanaşı, görüşlərin yaradılması, iştirakçıların əlavə edilməsi, görüşdən sonra videoyazının saxlanması, keçirilən görüşün protokolunun hazırlanması proseslərini də özündə əks etdirdiyini iştirakçıların diqqətinə çatdırıb. O, bu sistemin təkcə onlayn deyil, həmçinin oflayn görüşlər üçün də nəzərdə tutulduğunu bildirib. Ə.Rəhmanov sistemin oflayn görüş növündə iştirakçılara görüşün tarixi və yeri haqqında məlumat vermək, görüşdən sonra protokol, videoyazı və fayl yükləmək imkanlarına malik olduğunu vurğulayıb. Sınaq zamanı həm sistemin videokonfrans zamanı müəyyən məsələlərin səsverməyə çıxarılması, görüş iştirakçıları tərəfindən gizli və ya açıq səsvermənin nəticələrinin görüş monitorunda əks olunması, görüş iştirakçılarının görüşün gedişinə mane olmadan hamıya və ya hər hansı bir iştirakçıya məlumat göndərməklə çat şəklində yazışması imkanları da nümayiş edilib.

Ə.Rəhmanov “Meetadore” sisteminin daha bir mühüm imkanından da danışıb. Sistem əvvəlcədən tərtib olunmuş “gündəlik” (agenda) əsasında hər bir çıxış etməsi planlaşdırılan iştirakçı üçün onun çıxışa başladığı vaxtdan başlayaraq çıxışın davametmə müddətini əks etdirməklə, reqlament əsasında çıxışların idarə olunmasını təmin edir.

Sonra İSİ-nin baş direktoru, akademik Əli Abbasov çıxış edərək xarici analoqları ilə eyni, həmçinin ölkəmizin spesifik tələblərinə uyğun əlavə funksiyaları istifadəçilərinə təqdim edən, informasiya təhlükəsizliyi baxımından daha əlverişli olan bu sistemin Azərbaycanda onlayn konfranslar üçün optimal platforma hesab edilə biləcəyini söyləyib. O, “Meetadore” sisteminin müəssisədaxili onlayn və oflayn görüşlərin idarə olunmasında daha çevik və effektiv imkanlar təmin etməsi üçün geniş perspektivlər yaradacağını xüsusi qeyd edib.

Sonra konfrans iştirakçılarının sualları cavablandırılıb və “Meetadore” sisteminin təqdim olunan funksionallığı İSİ nümayəndələri tərəfindən yüksək qiymətləndirilib və sistemin Azərbaycanda və xarici ölkələrdə istifadəyə tam yararlı olduğu qərara alınıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: