Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Strateji Elmi Analitik Sınaq Mərkəzi müasir avadanlıqlarla təchiz olunub
18.03.2021 12:04
  • A-
  • A
  • A+

Strateji Elmi Analitik Sınaq Mərkəzi müasir avadanlıqlarla təchiz olunub

Məlum olduğu kimi, AMEA Yüksək Texnologiyalar Parkında (YT Park) innovasiyayönümlü tədqiqat və tətbiqi işlərin reallaşdırılmasına dəstək verilir. Bu baxımdan geniş imkanlara malik olan AMEA-nın Strateji Elmi Analitik Sınaq Mərkəzində (SEASM) qaz və maye karbohidrogenlərin, neft və neft-kimya məhsullarının və istehlak mallarında toksik elemetlərin sınaqları, eləcə də digər sınaq-təcrübə işləri həyata keçirilir.

Milli Akkreditasiyadan keçmiş, müasir tələblərə cavab verən 4 laboratoriya otağından ibarət bu mərkəz ən yeni texnoloji avadanlıqlarla təchiz olunub.

Bu cihazlardan biri “mini zavod” hesab olunan Almaniya istehsalı “PILODIST” cihazıdır. Bu cihaz ağır karbohidrogenlərin “vakuum potstill” metodu ilə, eləcə də xam neftin 14-18 nəzəri ayrılma mərhələsi effektivliyi ilə fraksiyalı distilləsinin aparılması üçün nəzərdə tutulub. 

Mərkəzdə quraşdırılmış ABŞ istehsalı “Agilent” cihazında isə təbii qaz, qaz halındakı yanacaqlarda və yüngül neft mayelərində kükürdlü birləşmələrin təyini üçün analizlərin aparılması həyata keçirilir. Qurğu mühərrik yanacaqlarında fərdi komponentləri 100 metr kapilyar kalonlu yüksək dəqiqlikli qaz xromatoqrafiyası ilə təyin edir. Burada, həmçinin C2, C3, C4 və C5 karbohidrogen nümunələrində oksigenli maddələrin alov ionlaşma detektoru vasitəsilə təyini, benzində MTBE (metil-üçlü-butil efiri), ETBE (etil-üçlü-butil efiri), TAME (üçlü-amilmetil efiri), DIPE (diizopropil efiri), TAA (2-metilbutan-2-ol) və C1–C4 spirtlərinin təyini aparılır.

Mayeləşdirilmiş neft qazları (LPG) və propan/propilen qarışıqlarında karbohidrogenlərin təyini, aşağı və yüksək isitmə temperaturlarının təyini, azot və karbon-dioksid ehtiva edən metansızlaşdırılmış karbohidrogen maye qarışıqlarının analizi cihaza Da Vinci qaz analizatoru və Da Vinci təzyiq stansiyasının qoşulması ilə icra olunur.

Bununla yanaşı, aromatik karbohidrogenlərin, eləcə də pestisid, dərman maddələri, neft distillələri və neft məhsullarının tərkibinin təyinində bu cihazın imkanlarından istifadə olunur.

SEASM-ın laboratoriyalarında tətbiq olunan təzyiq hidrometri LPG da daxil olmaqla, yüngül karbohidrogenlərin sıxlığı və ya nisbi sıxlığını təyin etmək üçün istifadə olunur. Qurğu İsveçrə istehsalı “Linetronic” cihazıdır. Bu cihaz, həmçinin şeh nöqtəsini ölçməklə qaz yanacaqlarının su buxarı tərkibini öyrənməyə imkan verir.

Bundan başqa, ABŞ istehsalı “XOS” cihazında yüksək aşqarlayıcı rentgen flüoressensiya qurğusu olan HDXRF spektrometrindən istehlakçı məmulatlarında (uşaq oyuncaqları, tekstillər, plastik materiallar, dəri və taxta məmulatlar, örtük boyaları) toksik elementlərin təsbit edilməsi üçün istifadə olunur.

ABŞ istehsalı “AMETEK” cihazında neft qazlarında rütubətin ölçülməsi üçün istifadə olunan rütubət analizatoru isə bir sıra sənaye qazları və ultrayüksək saflıqlı qazların rütubət qatılıqlarını kvars kristal mikrobalans sensorunun köməyilə ölçür. Analizatorun kalibrlənmiş intervalı 0–2500 ppmv-dir.

Mərkəzdə, həmçinin rəqəmsal sıxlıqölçmə yolu ilə mayelərin sıxlığı, nisbi sıxlığı və API qravitasiyasını ölçən Yaponiya istehsalı “KEM” cihazı, aviasiya və distillə yanacaqlarında elektrik keçiriciliyinin ölçülməsində istifadə olunan ABŞ istehsalı “EMCEE” cihazı mövcuddur.

Qeyd edək ki, SEASM-da araşdırmalar beynəlxalq standarlarda istifadə olunan normativ texniki sənədlər əsasında aparılır, alınan nəticələr arbitraj hüquqa malikdir. Elmi tədqiqat institutları və respublikamızda fəaliyyət göstərən şirkətlər laboratoriyanın xidmətlərindən istifadə edə bilər.

Nəticələrə beynəlxalq səviyyədə təminat verilir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: