www.science.az
03.03.2021 14:12

Ölkəmizin makroiqtisadi göstəricilərinin analizi aktual məsələdir

AMEA-nın İqtisadiyyat İnstitutunda növbəti onlayn elmi seminar keçirilib.

Seminarı giriş sözü ilə açan institutun direktoru, i.e.d., professor Nazim İmanov tədbirin əsas müzakirə mövzusu barədə məlumat verib.

Tədbirdə müəssisənin İqtisadi tədqiqatların riyazi təminatı şöbəsinin müdir əvəzi, riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Rəvanə Davudovanın “İstehlak qiymətləri indeksi, istehsal qiymətləri indeksi, adambaşına düşən ÜDM, məzənnə arasındakı əlaqələrin neft qiymətlərinin və pandemiyanın nəzərə alınması ilə dinamik modelləşdirilməsi” adlı məruzəsi dinlənilib.

Tədqiqatçı bildirib ki, 2020-ci ilin əvvəllərindən COVID-19 pandemiyasının təzahürləri böyük iqtisadiyyatlar da daxil olmaqla, bütün ölkələrdə, o cümlədən Azərbaycanda da müşahidə edilir. Onun sözlərinə görə, 2020-ci ilin sonlarına doğru ölkəmizin bir sıra makroiqtisadi indikatorlarının dinamikasındakı dəyişikliklərin miqyası daha nəzərəçarpan olub. Bu baxımdan ölkəmizin makroiqtisadi göstəricilərinin analizi və proqnozlaşdırılması aktual məsələdir.

Alim tədqiqat işinin neftin qiyməti və pandemiyanın xarici təsirləri kimi götürülməsi ilə istehlak qiymətləri indeksi (CPI), istehsal qiymətləri indeksi (PPI), adambaşına düşən ÜDM (GDP Per Capita), məzənnə (Exchange Rate) arasındakı dinamik əlaqələri ifadə edən modelin qurulmasına və onun təhlilinə həsr edildiyini söyləyib. R.Davudova bildirib ki, model dəyişənlərinin şoklara cavab reaksiyaları, onların proqnoz qiymətlərinin dəyişməsində digər faktorların təsirləri (%-lə) müəyyənləşdirilib. Bundan əlavə, COVID-19 pandemiyasının konkret təsirlərini müəyyənləşdirmək məqsədi ilə makroindikatorların pandemiyaya qədərki və onun təsirini nəzərə alan dinamik modellər üçün qurulmuş müxtəlif ssenarilər əsasında proqnoz qiymətlərinin ətraflı təhlili və müqayisəsi aparılıb. Həmçinin neftin qiymətlərinin dəyişməsi və pandemiyanın iqtisadiyyata və ÜDM-ə təsiri qiymətləndirilib, təhlillər əsasında proqnozlar verib, habelə bu sahədəki vəziyyətin MDB ölkələri ilə müqayisəsi aparılıb.

Sonda məruzəçi sualları cavablandırıb, mövzu ətrafında geniş müzakirələr aparılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.