www.science.az
02.03.2021 12:08

E-demoqrafiya sistemində informasiya təhlükəsizliyinin bəzi aspektləri tədqiq olunub

AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunda 2 saylı şöbənin “E-demoqrafiya sistemində informasiya təhlükəsizliyinin bəzi aspektləri” mövzusuna həsr edilmiş onlayn elmi seminarı keçirilib.

Məruzəni təqdim edən şöbə müdiri, texnika üzrə fəlsəfə doktoru, dosent Yadigar İmamverdiyev əvvəlcə e-demoqrafiya sisteminin təyinatı, arxitekturası və informasiya təhlükəsizliyinin təmin edilməsi ilə bağlı bəzi yanaşmalar haqqında məlumat verib.

Məruzəçi ölkəmizdə demoqrafiya sahəsində dövlət siyasətinin əsas istiqamətlərini diqqətə çatdırıb, Azərbaycan Respublikası Prezidenti İlham Əliyev tərəfindən ölkə alimləri qarşısında demoqrafik tədqiqatların genişləndirilməsi ilə bağlı bir sıra vəzifələr qoyulduğunu qeyd edib.

Daha sonra məruzəçi demoqrafik informasiya mənbələrinin qısa xarakteristikasını verdi, e-demoqrafiya sistemində informasiya təhlükəsizliyinin məşhur üç aspekti (konfidensiallıq, tamlıq və əlyetərlik) ilə yanaşı, yeni məsələlərin – demoqrafik informasiyanın dürüstlüyü (səhihliyi) və fərdi məlumatların təhlükəsizliyi məsələlərinin aktuallıq qazandığını vurğulayıb: “Məsələn, demoqrafik informasiyanın emalında və əlaqədar istifadəçilərə təqdim olunmasında təhriflər mümkündür (məsələn, pis göstəriciləri gizlətmək üçün). Bu, yüksək səviyyəli idarəetmə qərarlarının keyfiyyətinə təsir edə bilər. Demoqrafik informasiyanın yeni mənbələri – sosial media verilənləri kifayət qədər reprezentativ olmaya bilər”.

Y.İmamverdiyevin sözlərinə görə, e-demoqrafiya sistemi müxtəlif informasiya təhlükəsizliyi domenlərinə aid sistemlərin təhlükəsiz inteqrasiyasını nəzərdə tutur. Bu, müvafiq informasiya təhlükəsizliyi risklərinin (proaktiv yanaşma) və insidentlərinin (reaktiv yanaşma) idarə edilməsi, həmin sistemlərin informasiya təhlükəsizliyi tələblərinə uyğunluq baxımından sertifikatlaşdırılması və attestasiya edilməsi məsələlərini diqqət mərkəzinə gətirir.

Demoqrafik təhlükəsizliyin mühüm milli təhlükəsizlik məsələsi olduğunu qeyd edən məruzəçi, demoqrafik informasiya resurslarına girişlərin idarə edilməsinin vacibliyini diqqətə çatdırıb. Bu baxımdan e-demoqrafiya sistemlərində əsas informasiya təhlükəsizliyi məsələlərindən birinin istifadəçilərin autentifikasiyası olduğunu söyləyib.

Məruzəçi fərdi məlumatların təhlükəsizliyinin təmin edilməsinə yönəlmiş de-identifikasiya metodları, o cümlədən “təhlükəsiz liman” yanaşması haqqında məlumat verib. Qeyd edib ki, bu metodlar fərdi məlumat toplularından bir sıra həssas məlumatların silinməsini, şifrələnməsini və ya xüsusi şəkildə kodlaşdırılmasını nəzərdə tutur.

Y.İmaverdiyev müasir intellektual analiz metodlarının anonimləşdirilmiş fərdi məlumatları bərpa (re-identifikasiya) etməyə imkan verdiyini qeyd edərək bu metodlar haqqında da məlumat verib.

Sonda məruzə ətrafında müzakirələr aparılıb, suallar cavablandırılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.