Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

İntibah nurlu simalar gətirər
01.03.2021 14:34
  • A-
  • A
  • A+

İntibah nurlu simalar gətirər

2018-ci ilin 7-8 avqust günləri idi. Özbəkistanda həmin vaxtlar qırx günlük yay çilləsi (25 iyun - 5 avqustu əhatə edən yay çilləsində bəzən hərarət 50 dərəcəyə qədər yüksələ bilir) sona çatmış olsa da, havanın temperaturu 40 dərəcədən aşağı düşmürdü. Özbəkistan Yazıçılar Birliyi Daşkənd şəhərində “Özbək klassik və  müasir ədəbiyyatının beynəlxalq miqyasda öyrənilməsi və təbliğinin aktual məsələləri” mövzusunda beynəlxalq konfrans keçirirdi. Konfransa dünyanın 25 dövlətindən özbək dili və ədəbiyyatı üzrə tədqiqat aparan alimlər, özbək ədəbiyyatının tərcüməçiləri dəvət olunmuşdu. Həmin ilin əvvəlində ölkə  Prezidenti Şavkat Mirziyoyevin təşəbbüsü ilə Daşkənddə açılmış “Ədiblər xiyabanı”nda Özbəkistan Yazıçılar Birliyinin yeni binası başa  çatdırılmış, fevral ayının Daşkəndə xas mülayim günlərində Birlik yeni binaya köçmüşdü. Yeni binada böyük kitabxanaya, ədəbi jurnalların redaksiyalarına, yaradıcılıq bölmələrinin fəaliyyətinə də geniş yer ayrılmışdı, hətta çoxdankı arzu olaraq Özbəkistan Yazıçılar Birliyinin tarixi muzeyini təşkil etməyə də artıq imkan yaranmışdı.

Əvvəllər Yazıçılar Birliyinin daimi binası olmadığı üçün dəfələrlə bir yerdən başqa yerə köçər, axırıncı iş yeri şəhər mərkəzindəki inzibati binanın yalnız iki mərtəbəsi sayılardı, orada kirayənişin kimi bir çox təşkilatlar da var idi, bina ötən əsrin 70-ci illərinin tələbləri əsasında tikildiyi üçün iş otaqlarının müasir səviyyədə təchizatı cəhətdən xeyli çətinlik çəkilirdi.

Daşkənd şəhərinin mərkəzindəki böyük bağın ərazisində tikilmiş Yazıçılar Birliyinin ağ binası bir tərəfdən özbək milli tarixi abidələrini xatırladardı. Dördbucaqlı, pəncərələri iri-iri, bir tərəfində spiralvari, iki yanında sütunlu arkalar giriş dəhlizləri kimi göz oxşayırdı, həyətində yaşıl otluq, ətrafında isə yam-yaşıl ağaclıq... Özbəklər ev tikəndə belə tikir: pəncərələr bağrını Günəşin nuruna açır, binanın ətrafinda isə yam-yaşıl ağaclar, güllər, reyhan ətri dörd bir tərəfə yayılır.

Bəli, yeni binada ilk dəfə “Özbək klassik və  müasir ədəbiyyatının beynəlxalq miqyasda öyrənilməsi və təbliğinin aktual məsələləri” mövzusunda beynəlxalq konfrans keçiriləcəkdi. Şərqə, xüsusən Özbəkistana ilk dəfə səfər edən adam buranın özbəklərin özünəməxsus qonaqpərvərliyini görüb. Əslində, bu tədbirdə əsas məqsəd yeni binada ilk dəfə dünyanın hər tərəfindən qonaq qarşılamaq idi.

Konfransa gələnlər arasında özbək klassik ədəbiyyatını tədqiq edənlər çox idi. Ona görə ki, müasir özbək ədəbiyyatı qədim türk xalqları ədəbiyyatının bir qolu və ya davamçısıdır. Mərkəzi Asiya isə qədim sivilizasiya ocaqlarından biri olduğu üçün onun tarixi qədim yazılı abidələrdən başlanır. Ona görə də dünyanın bir çox aparıcı universitetlərində özbək dili və ədəbiyyatı ixtisas fənni kimi tədris olunmaqda və öyrənilməkdədir. Özbək klassik ədəbiyyatını bəşəriyyətin inkişaf tarixinin  maraqlı səhifələrindən biri  adlandırmaq olar. Bu səbəbdən  təşkil olunan konfransa gəlmək istəyini bildirən alimlər və tərcüməçilər çox idi, maraq göstərənlər gözləniləndən xeyli artıq idi.

Qonaqları öncə “Ədiblər xiyabanı” ilə tanış etdik. Xiyabanda özbək klassik və çağdaş ədəbiyyatının 24 nümayəndəsinin heykəli ucalır. Xiyabanın yuxarı başında mütəfəkkir şair Əlişir Nəvainin heykəli, onun qarşısında isə başqa heykəllər elə mütənasiblikdə sıralanmışdır ki, sanki onlar Şərq ənənəsinə uyğun olaraq rəmzi mənada ulu ustada ehtiram nümayiş etdirirlər.

Ölkə rəhbəri 2017-ci ilin 18 aprelində Əlişir Nəvai adına Özbəkistan Milli bağı ərazisində “Ədiblər xiyabanı” yaratmaq haqqında Qərar qəbul etmişdir. Qərara əsasən, xiyabanın məzmununu əks etdirən memarlıq layihəsi hazırlandı. Müştərək tərzdə aparılan çoxyönlü işlər nəticəsində paytaxtın mərkəzində “Ədiblər xiyabanı”nın bütöv memarlıq kompleksi yaradıldı. “Ədiblər xiyabanı”nını yaratmaq üçün dövlət xəzinəsindən 175,6 milyard som (təxminən 16,8 milyon ABŞ dolları) ayrılması da bu işə nə qədər böyük əhəmiyyət verildiyini təsdiq edir. Bu tarixi hadisə ədəbiyyatımızı daha bir qat yüksəklərə qaldırması ilə əlamətdardır.

“Ədiblər xiyabanı”ndakı heykəllər haqqında işçi qrupunun üzvləri arasındakı mübahisə unudulmazdır. Xiyaban özbək ədəbiyyatının tarixi haqqında bilgi verməli, heykəllər isə bu tarixin ölməz simaları olmalı idi. Özbək ədəbiyyatına böyük yeniliklər gətirən, milli ədəbiyyat tarixində özünəməxsus yer tutan  yazıçı və şairlərimiz isə çoxdur, hətta olduqca çoxdur. Onda qrup üzvlərindən biri “Klassik şairlərimizin  hər birinə bir heykəl qoyacaq olsaq, onda xiyabanda addım atmağa yer qalmayacaq”, - dedi və birdən hamını güldürdü. Doğrudan da, təkcə XX əsrin əvvəlini, yeni dövr mədəniyyətinin başlandığı zamanı yada salsaq, neçə-neçə simalar göz önümüzə gəlir. Behbudi, Həmzə, Övlani, Fitrət, Çolpan, Qədiri... Bu, yalnız XX əsrin əvvəli! XIX əsr ondan da maraqlıdır – Üveysi, Nadirə, Agahi, Firuz, Müqimi, Firqət... XVIII əsr – Zebunisə, Fəragi, Məşrəb, Sufi Allahyar, Hüveyda... Özbək ədəbiyyatında qadınların fəaliyyəti də xüsusilə diqqətəlayiqdir. Bir sözlə, həmkarımız öz atmacasında haqlı idi. Belə vaxtlarda adamın qəlbini ixtiyarsız olaraq fəxarət duyğusu çulğayır. Əlqərəz, xiyabanda 24 heykəl yer aldı, o sıradan, Behbudi – milli dramaturgiyanın banisi, Abdulla Qadiri – müasir roman janrının banisi, Zülfiyyə – yeni dövr şairələrinin öncülü, Erkin Vahidov – qədim şeir ənənələrinin müasir formada novator davamçısı, Abdulla Aripov – özbək poeziyasını yeni mərhələyə ucaldan şair və müstəqil Özbəkistanın Dövlət himninin müəllifi kimi və sair və ilaxır...

Sonralar konfransda iştirak etmiş Tokio Universitetinin professoru Xisao Komatsunun “Daşkənddəki “Ədiblər xiyabanı” məndə güclü təəssürat yaratdı. Mən yapon xalqının özbək xalqı tarixi, ədəbiyyatı, adət-ənənələri, həyat tərzinə marağından çıxış edərək, Əbdurauf Fitrət, Mahmudxoca Behbudi əsərlərini yapon dilinə tərcümə etmişəm. Özbək ədəbiyyatı olduqca çoxşaxəlidir. Xiyaban ilk öncə bundan xəbər verir”, - deyə yazdığını oxudum.

Konfransın aşılış mərasimində Prezident Şavkat Mirziyoyevin təbrik məktubu oxundu. Məktubda deyilirdi: “Hal-hazırda Özbəkistan öz inkişafının yeni, yüksək mərhələsinə daxil olmaqdadır. Biz milli dirçəlişdən milli yüksəlişə nail olmağı öz qarşımıza ən mühüm və başlıca vəzifə kimi qoymuşuq. Bu böyük məqsədə isə yalnız bütün dünya ilə həmrəy və əlbir olaraq yaşamaq, açıq - demokratik cəmiyyət qurmaq, həyatımızda milli və ümumbəşəri dəyərlərə hörmət duyğusunu daha da geniş bərqərar etmək yolu ilə nail olmağın mümkünlüyünü biz yaxşı başa düşürük”.

Konfrans boyunca qonşu dövlətlərdən olan həmkarlarımız qibtə hissi ilə baxdıqlarını gizlətmirdilər. Burada sirli bir şey yoxdur. 1990-cı illərdə keçmiş ittifaq dövlətlərinin əksəriyyətində baş verən iqtisadi çətinliklər mədəniyyət, o cümlədən ədəbiyyatla bağlı sahələrə öz mənfi təsirini göstərmişdi. İndi o zamanın iqtisadi durumunu ətraflı təsvirə ehtiyac yoxdur. Ona görə ki, iqtisadi qıtlığa məruz qalan hər bir dövlətdə belə çətinliklər müşahidə olunur. İnsanlar öz həyatının maddi tərəflərini təmin etməyə çalışdıqları üçün mənəvi aləmlərini zənginləşdirməyin qayğısına qala bilmirlər. Mənəvi dünyası yoxsullaşmış adamdan isə yaxşılıq gözləmək çox çətindir. Buna insanlıq tarixində çoxlu misallar var.

Nə yaxşı ki, həmin illər arxada qaldı. Litvalı naşir Sergey Getman sonralar Daşkənd konfransında keçirdiyi günlər haqqında “Daşkənd salnaməsi, yaxud Özbəkistan adlı ölkə var” adlı essesində belə yazır: “Toplantılar zalı, kitabxana, kinoteatrı əhatə edən, yanından hər tərəfə xiyaban səkiləri uzanan, ölkənin məşhur yazıçı və şairlərinin heykəlləri ilə bəzədilmiş, öz bağrında bütün dünyadan öz həmkarlarını qarşılamağa hazırlıq görmüş Yazıçılar evi Litvadakı – Nida, İsveçdəki – Visbyü, Latviyadakı – Ventspil Yazıçılar və tərcüməçilər evinə oxşayır. Amma onun Nida, Visbyü, Ventspilə ümumən oxşamayan tərəfi var. Bu, “Ədiblər xiyabanı”dır! Xiyaban görəndə xəyalıma gələn birinci fikir bu oldu ki, özbək ədəbiyyatı çox zəngin, klassik bir ədəbiyyatdır!”.

İndiyə qədər Sergey Getmanın xatırlatdığı Visbyü, Ventspil, yaxud onun dilə gətirmədiyi, ancaq dünyada xeyli tanınmış olan Monrişe (İsveçrə), Olot (İspaniya) yazıçılar iqamətgahlarına mahiyyətcə yaxın olan “Dorman” yaradıcılıq evindən başqa, cənab Prezident Şavkat Mirziyoyevin təşəbbüsü ilə keçən il “Zamin” yaradıcılıq evi başa çatdırıldı, indi isə Daşkənddən 50 km aralıda Pərkənd dağları bağrında yenə bir yaradıcılıq evi tikilməkdədir.

1997-ci ildən etibarən ədəbi seminarlar Cizzax vilayətinin gözəl məskənlərindən biri olan Zamin rayonunda keçirilir. Yeri gəlmişkən, vaxtı ilə Cizzax vilayətinin icra başçısı vəzifəsində çalışarkən sözügedən ədəbi seminarları Zamində keçirmək təklifini də bugünkü Prezidentimiz Şavkat Mirziyoyev vermişdi.

“Zamin” və “Pərkənd” yaradıclıq evləri ilə bağlı təşəbbüslərin gerçəkləşməsində “Özbəkistan Yazıçılar Birliyi fəaliyyətini daha da təkmilləşdirmək tədbirləri haqqında” Özbəkistan Respublikası Prezidentinin 2018-ci il 5 aprel tarixli qərarı mühüm rol oynadı. Qərarın aşağıdakı giriş sözləri ilə başlanması əsla təsadüfi deyildir:

“Özbək ədəbiyyatının bugünkü inkişafında 80 ildən artıq tarixə malik olan, ölkəmizdəki nüfuzlu yaradıcı təşkilatlardan biri sayılan Özbəkistan Yazıçılar Birliyinın xüsusi yeri vardır”.

Ədəbiyyat sahəsində xidmətləri olan ziyalıların əməyini layiqincə qiymətləndirmək, ədəbi nəşrlərin maddi-texniki bazasını möhkəmləndirmək, istedadlı gəncləri dəstəkləmək, yazıçı və şairlərin həyat tərzini və şəraitini yaxşılaşdırmaq, yaradıcılıq evlərini təmir etmək və yenilərini yaratmaq, yaradıclıq məktəblərini təşkil etmək və bu kimi bir çox məsələləri ehtiva edən həmin tarixi qərar, bir sözlə, ədəbiyyata diqqət və qayğının dövlət miqyasında böyük məsələyə çevrilməsinin parlaq sübutudur.

Rusiyalı naşir Yuri Kozlovun Daşkənd konfransından sonra “Veçernyaya Moskva” qəzetinə müsahibəsində: “Özbəkistanda ədəbiyyat və mədəniyyət – dövlət işidir. Bu, özünün milli və mədəni özünəməxsusluğunu vurğulayan bir ölkənin özlüyüdür!”, - deməsi məhz sözügedən amildən irəli gəlirdi.

Özbəklərin ən qədim ənənələrindən biri kitaba olan ehtiramdır. Son illərdə Özbəkistanda kitab və mütaliə mədəniyyətinə diqqətin daha da artırılması həmin qədim ənənənin qədirbilənliklə qiymətləndirilməsi və zənginləşdirilməsi məqsədlərindən qaynaqlanır. Ədəbiyyata sevgi özbəklərdə uşaqlıqdan təşəkkül tapmağa başlayır. Uşaq böyüyəndə, əlbəttə, şair, yaxud yazıçı olmağı vacib deyil, amma ədəbiyyatı və kitabı sevə-sevə böyüyən uşaqdan hərtərəfli yetkin insan çıxması təbiidir. Özbəkistanda açılmaqda olan yaradıcılıq məktəblərinə bəslənən ümid də məhz bundan ibarətdir. Burada yenə də 2018-ci il Daşkənd konfransının iştirakçısı, Sarbonna Universitetinin (Fransa) professoru, tərcüməşünas alimə Elen Melanın sözləri yada düşür: “...Kiçik yaşlarından etibarən mənəvi gözəlliyə məftun olub böyüyən uşaqlar tamam başqa təbiətdə, yaradıcı adam kimi yetişirlər. İnsan öncə özünün mahiyyətini dərk etdikdən sonra ondan yaxşı işləri gözləmək olar. Bu mənada da belə ədəbi məktəblər olduqca müsbət hadisədir”.

Böyüməkdə olan nəsilləri gələcəkdə yüksək mənəviyyat sahibi kimi tərbiyə etmək bu gün dövlət səviyyəsində mühüm vəzifə sayılmaqdadır və bu, heç də təsadüfi deyil. Bunun son nəticədə hansı niyyətə və hansı amala xidmət göstərməsi Prezident Şavkat Mirziyoyevin aşağıdakı sözlərində öz sərrast və parlaq ifadəsini tapmışdır:

“Bütün səylərimizin əsası – xalqımızı razı salmaqdır. Bu münasibətlə vurğulayaraq demək istəyirəm ki, biz yaratmaqda olduğumuz Yeni Özbəkistanın məfkurəsi – xeyirxahlıq, insanpərvərlik, humanizm qayəsidir”.

Bütün sahələrdə olduğu kimi, bu gün ədəbiyyat sahəsində də beynəlxalq əlaqələr sürətlə inkişaf etməkdədir. Şərqdə dostluq münasibətləri öncə yaxın qonşularla əlaqələri yaxşılaşdırmaqdan başlanır. Bu mənada Özbəkistan Yazıçılar Birliyinin Mərkəzi Asiya dövlətləri və MDB ölkələrinin yazıçılar təşkilatları, eləcə də, bir sıra xarici və beynəlxalq ədəbi qurumlarla dostluq əlaqələri mövcuddur. Yazıçılar beynəlxalq forumlarda tez-tez iştirak edirlər.

Beynəlxalq ədəbi əlaqələrin böyük bir hissəsi Azərbaycanla bağlıdır. Çünki xalqımız əzəldən Azərbaycan mədəniyyətinə aşına olub, Xaqani, Nizami, Nəsimi, Füzuli qəzəllərini sevə-sevə mütaliə etmişdir. Əlişir Nəvainin Nizami Gəncəvi ənənələrini davam etdirməsi və ona xüsusi ehtiram göstərməsi, Füzulinin Nəvaini özünə ustad bilməsi həmin əlaqələrin gözəl nümunəsidir.

Hər iki xalqın böyük sənətkarı hesab edilən Məqsud Şeyxzadə xalqlarımız və mədəniyyətlərimiz arasında körpü rolunu oynamışdır.

Eyni zamanda, MDB ölkələri içərisində Yazıçılar Birliyinin qorunub saxlanılmasına və ədəbi-mətbu orqanların fəaliyyətinin davam etdirilməsinə, yeni ədəbi nəslin meydana çıxmasına, fəxri adların verilməsinə dövlət qayğısı baxımından Azərbaycan Respublikası da ən öndə gedən ölkələrdən biridir. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin ədəbiyyata və incəsənətə xüsusi diqqət və qayğı göstərməsi mühüm bir nümunədir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ölkədə milli mədəniyyətin və ədəbiyyatın inkişaf etdirilməsi sahəsində həyata keçirdiyi ardıcıl siyasət yeni həyatın qurulmasına böyük töhfələr verir. Bakı şəhərində Dədə Qorqud parkının salınması, Koroğluya heykəl ucaldılması, “Multikulturalizm ili”, “Nəsimi ili”nin və “Nizami Gəncəvi ili”nin keçirilməsi ədəbiyyatın və mədəniyyətin inkişafına dövlət qayğısının Azərbaycan modelinin uğurlu nümunələridir. Azərbaycanın dünya ölkələri, o cümlədən Özbəkistanla ədəbi-mədəni əlaqələrinin inkişaf etdirilməsi də müstəqil dövlətimizin diqqət mərkəzindədir.

Özbəkistanda da Azərbaycanla əlaqələrə xüsusi fikir verilir. Özbəkistan Yazıçılar İttifaqında həyata keçirilməkdə olan bir sıra layihələr arasında Azərbaycan ədəbiyyatı ilə bağlı layihələr ayrıca əhəmiyyətə malikdir. Bu layihələr bədii tərcümə sahəsində olub, onlardan çap olunmağa başlayan “Türk xalqlarının ədəbiyyat xəzinəsi” adlı 100 cildlik seriyada Azərbaycan ədəbiyyatına böyük yer verilmişdir.

Azərbaycan Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda hər il keçirilən Əlişir Nəvai, Zahirəddin Məhəmməd Babur, Maqsud Şeyxzadə və bir çox özbək klassiklərinə həsr olunmuş beynəlxalq elmi konfranslar əlbəttə ki, ədəbi körpülərin möhkəmlənməsi üçün stimul sayıla bilər. AMEA-nın Azərbaycan-özbək ədəbi əlaqələrinə həsr olunmuş “Müqayisəli ədəbiyyatşünaslıq” elmi jurnalının 374 səhifəlik Xüsusi buraxılışı, institutda fəaliyyət göstərən Azərbaycan-Türkmənistan-Özbəkistan ədəbi əlaqələr şöbəsi nəzdində Əlişir Nəvai Ədəbiyyatşünaslıq Mərkəzinin açılması məhz qədim ənənələrin davamı kimi qiymətlidir. Daşkənd Özbək Dili və Ədəbiyyatı Universitetində Füzulişünaslıq Mərkəzinin yaradılması da əlamətdar hadisədir.

Azərbaycanda “Nizami Gəncəvi İli” və Özbəkistanda “Əlişir Nəvai İli” ölkələrimizin ədəbiyyat haqqında dövlət siyasətinin parlaq təzahürləridir. Bu günlərdə keçirilmiş “Nizami Gəncəvi və Əlişir Nəvai ənənə və novatorluq” adlı Azərbaycan - Özbəkistan beynəlxalq elmi konfransı tarixi əlaqələrimizin müasir dövrdəki əyani təzahürüdür.

Bu gün dünyada özbək dilində danışan 50 milyondan artıq insan var, özbək ədəbiyyatının minillik tarixi varsa, demək, onun dostlarının da çox olması təbiidir.

Bu il Əlişir Nəvainin anadan olmasının 580, Abdulla Aripov və Ötkür Haşimovun anadan olmasının 80 illiyidir. Bu böyük sənətkarların yubileylərini yüksək səviyyədə keçirmək haqqında da ölkə rəhbəri Şavkat Mirziyoyevin aidiyyəti üzrə fərmanları qəbul olunmuşdur. Hal-hazırda həmin yubileylərə layiqincə və lazımi səviyyədə hazırlıq görülür.

Mənəvi-mədəni həyatımızda böyük əhəmiyyət kəsb edən əlamətdar hadisələrdən biri də Özbəkistan Respublikası Prezidentinin 2020-ci il 26 may tarixli “Mədəniyyət və incəsənət sahəsinin cəmiyyət həyatındakı yeri və təsirini artırmaq tədbirləri” haqqındakı fərmanı oldu.

Göründüyü kimi, Özbəkistanda yaradıcılıq və elm adamları həmişə xalqın hörmətinə layiq olduğu üçün də dövlətin diqqət və qayğısı ilə qarşılanmışdır.  Hər halda, Şərq hədər yerə bəşər sivilizasiyasının mərkəzlərindən biri, renessans beşiyi sayılmamışdır. Bugünkü Özbəkistanda, əgər belə demək yerinə düşərsə, yeni bir intibahın özülü qoyulmaqdadır. Bu intibahın özünü isə elmə və mədəniyyətə hamilik edən müstəqil dövlətin qayğısı ilə böyük ziyalılar və sənətkarlar gətirəcəklər. Ona görə də öz xalqının inamını və mehrini qazanmış dövlət başçısının ölkə əhalisi tərəfindən qiymətləndirilən dəyərlərə və hörmət-izzət göstərilən ziyalılara rəğbəti və qayğısı təbii bir haldır. Prezident Şavkat Mirziyoyevin öz nitqlərinin birində və yerində dediyi kimi: “Ədəbiyyat–xalqın ürəyidir!”

Risalət HEYDƏROVA, Özbəkistan Yazıçılar Birliyinin məsul əməkdaşı, yazıçı

Almaz Ülvi BİNNƏTOVA, AMEA-nın Ədəbiyyat İnstitutunun şöbə müdiri, filologiya elmləri doktoru

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: