Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

Elm Tarixi İnstitutu Xocalı soyqırımının ildönümü ilə bağlı anım tədbiri keçirib
27.02.2021 11:30
  • A-
  • A
  • A+

Elm Tarixi İnstitutu Xocalı soyqırımının ildönümü ilə bağlı anım tədbiri keçirib

AMEA-nın Elm Tarixi İnstitutu (ETİ) Xocalı soyqırımının 29-cı ildönümü ilə bağlı anım tədbiri keçirib.

Əvvəlcə Xocalı faciəsi qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan Elm Tarixi İnstitutunun direktoru, tarix elmləri doktoru Məryəm Seyidbəyli Xocalı soyqırımının bəşəriyyətə qarşı yönəlmiş ən dəhşətli vandalizm aktı olduğunu bildirib. O qeyd edib ki, 1992-ci il fevralın 26-da Ermənistan hərbi birləşmələri 7 min əhalisi olan Xocalı şəhərində genosid aktı həyata keçirib və Xocalı faciəsi dünya tarixində dinc əhalinin kütləvi qətliamı kimi dərin iz qoymuş Xatın, Holokost, Sonqmi, Lidiçe, Babi Yar, Ruanda və Serebrenitsa kimi soyqırımları ilə bir sırada dayanır. Bəşəri cinayət olan Xocalı soyqırımının Ermənistan Respublikasının siyasi və dövlət rəhbərliyinin təşkilatçılığı ilə həyata keçirildiyini xatırladan institut direktoru ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə 1994-cü il fevralın 24-də Milli Məclisin “Xocalı soyqırımı günü haqqında” qərar qəbul etdiyini bildirib. Ölkə başçısı İlham Əliyevin “Xocalı faciəsi erməni millətçilərinin yüzilliklər boyu türk və Azərbaycan xalqlarına qarşı apardığı soyqırımı və etnik təmizləmə siyasətinin qanlı səhifəsi idi”, - sitatını misal çəkən alim qeyd edib ki,  Prezidentimizin gərgin əməyinin nəticəsidir ki, hazırda dünyanın əksər dövlətləri Xocalı qətliamını əsl soyqırımı kimi tanıyır və qəbul edir.

M.Seyidbəyli vurğulayıb ki, Azərbaycan xalqı torpaqlarımızın ərazi bütövlüyü uğrunda canından keçən qəhrəmanların, Xocalıda qətlə yetirilmiş yüzlərlə həmvətənimizin xatirəsini daim əziz tutur, onları ehtiramla yad edir. İkinci Qarabağ müharibəsində Xocalı rayonunun 9 kəndi Ermənistanın işğalından azad olunub və Xocalı üzərində ölkəmizin suverenliyi bərqərar edilib və Azərbaycanın ərazi bütövlüyü bərpa olunub.

Sonra Elm Tarixi İnstitutunun əməkdaşları – elmi katib, siyasət üzrə fəlsəfə doktoru, dosent Zaur Əliyev, şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru Bayram Quliyev, elmi işçilər Aybəniz Osmanova və Elxan Quliyev çıxış edərək hadisəyə müxtəlif aspektlərdən münasibət bildiriblər. Çıxışlarda Xocalı faciəsinin Azərbaycan xalqının yaddaşına yazılan ən dəhşətli hadisə, bəşəriyyətə qarşı yönəlmiş mənfur cinayət olduğu vurğulanıb. Qeyd olunub ki, Xocalı soyqırımı hələ keçən əsrin əvvəllərindən xalqımıza qarşı törədilən kütləvi qırğınların davamıdır. Xocalı faciəsini törətməkdə ermənilərin bir neçə məqsədi var idi və bunlardan ən əsası azərbaycanlıların mübarizə əzmini qırmaq və gözünü qorxutmaq idi. Qeyd olunub ki, Xocalıya hücum əməliyyatında erməni hərbi hissələri ilə yanaşı, xarici ölkələrdən gətirilmiş muzdluların, 366-cı motoatıcı alayın da iştirak etməsi hadisənin siyasi həcminin böyüklüyünə dəlalət edir. Xocalı faciəsinin mahiyyətinin dünya ictimaiyyətinə çatdırılması və günahkarların dünyaya tanıdılması istiqamətində səylərin birləşdirilməsinin vacibliyini vurğulayıblar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: