Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

“Xocalı soyqırımı – qan yaddaşımız!” mövzusunda tədbir keçirilib
26.02.2021 18:23
  • A-
  • A
  • A+

“Xocalı soyqırımı – qan yaddaşımız!” mövzusunda tədbir keçirilib

AMEA-nın Mikrobiologiya İnstitutunda Xocalı soyqırımının 29-cu ildönümünə həsr olunan “Xocalı soyqırımı – qan yaddaşımız!” adlı tədbir keçirilib.  

Əvvəlcə soyqırımı qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə Mikrobiologiya İnstitutunun direktoru vəzifəsini icra edən, AMEA-nın müxbir üzvü Pənah Muradov soyqırımı haqqında məlumat verərək bildirib ki, bu il Xocalı faciəsinin anımı əvvəlki illərlə müqayisədə fərqlənir. Onun sözlərinə görə, 44 günlük Vətən müharibəsi və torpaqlarımızın azad edilməsi fonunda Xocalı qurbanlarının qisası alınıb. Alim faciədən 29 il ötməsinə baxmayaraq, bu günün millətin yaddaşında sağalmayan yara olduğunu qeyd edib: “1992-ci il fevralın 25-dən 26-na keçən gecə tarixə təkcə xocalılıların deyil, xalqımızın qanlı göz yaşları ilə yazıldı. Həmin gün Xocalıda erməni silahlı birləşmələri tərəfindən dinc sakinlərin xüsusi qəddarlıqla qətlə yetirilməsi bəşəriyyətə və insanlığa qarşı törədilmiş cinayətdir”.

P.Muradov erməni millətçilərinin xalqımıza qarşı zaman-zaman həyata keçirdikləri soyqırımı siyasətindən, Xocalı faciəsinin acı nəticələrindən də söz açıb: “İyirmi doqquz il əvvəl bu faciəni yaşamış insanlar yaxşı bilirlər ki, həmin günlərdə bütün Azərbaycan həyəcan içərisində idi. 1992-ci ildə Xocalı mühasirədə olan şəhərlərdən biri idi və təəssüf ki, bundan istifadə edən ermənilər qətliamı törətməkdən çəkinmədilər. Mənfur qonşularımız keçmiş sovet ordusunun 366-cı motoatıcı alayının köməyi ilə Xocalıda dinc, silahsız azərbaycanlılara qarşı vəhşiliklər törətdilər. Xocalı soyqırımının acı nəticələrinin dünya ictimaiyyətinə çatdırılmasının əhəmiyyəti budur ki, hər kəs ermənilərin əsl üzünü görməli, onların kim olduğunu bilməlidir. Xocalı hadisələri zamanı erməni cəlladları uşaqların dərisini soydular, insanları doğradılar, onlara süngü ilə işgəncələr verdilər. Qocaların, qadınların və uşaqların Xocalını tərk etmələrinə imkan vermədilər. Xocalıda baş verənlər unudulmamalı, həqiqətlər gələcək nəsillərə çatdırılmalıdır”.

Sonda müəssisə əməkdaşları Xocalı faciəsinin bütün dünyada tanıdılmasının vacibliyindən və bu cür tədbirlərin önəmindən bəhs ediblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: