www.science.az
21.01.2015 00:00

AMEA-nın yeni Nizamnaməsindən irəli gələn vəzifələrin icrası haqqında qərarlar qəbul olunub

Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 11 dekabr 2014-cü il tarixli qərarı ilə “Azərbaycan Milli Elmlər Akademiyasının Nizamnaməsi” təsdiq edilmişdir.

Nizamnamədə AMEA-nın fəaliyyətinin dövrün tələblərinə uyğun təşkilini təmin edən, onun qarşısında yeni vəzifələr qoyan və bu vəzifələrin icrası məqsədi ilə geniş fəaliyyət istiqamətlərini müəyyənləşdirən, beynəlxalq əlaqələrin genişləndirilməsinə meydan açan, əməkdaşlarının sosial-məişət şəraitinin yaxşılaşdırılmasını mümkün edən və s. bu kimi məsələlərin həlli ilə bağlı əsaslı müddəalar əksini tapmışdır. Yeni Nizamnamədən irəli gələn vəzifələrin icrasını təmin etmək məqsədilə AMEA Rəyasət Heyəti bir sıra qərarlar qəbul etmişdir.

Yeni Nizamnamənin AMEA-nın bütün struktur bölmələri tərəfindən öyrənilməsi və fəaliyyətlərini onun tələblərinə uyğun təşkil etmələri üçün AMEA-nın Nizamnamə Komissiyası tərəfindən AMEA Rəyasət Heyəti Aparatının idarə və şöbələri, elmi bölmələri, regional elmi bölmələri, regional elmi mərkəzləri, elmi müəssisə və təşkilatlarında seminar məşğələlərin keçirilməsi məqsədəuyğun hesab edilmişdir.

Nizamnamədə AMEA Rəyasət Heyətinin Mərkəzi Aparatı AMEA Rəyasət Heyətinin Aparatı adlandırılmışdır. Nizamnaməyə uyğun olaraq, AMEA Rəyasət Heyəti Aparatının strukturuna daxil olan idarə və şöbələrin, AMEA-nın elmi müəssisə və təşkilatlarının, regional elmi bölmələrin və regional elmi mərkəzlərin Nizamnamə və Əsasnamələrinin dəyişdirilməsi qərara alınmışdır.

Qərarın icrasına nəzarət AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyliyə həvalə edilmişdir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.