www.science.az
19.01.2015 00:00

AMEA Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda “DetAl Holding” şirkətinin nümayəndələri ilə görüş keçirilib

Yanvarın 16-da AMEA Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun təşkilatçılığı ilə “DetAl Holding” şirkətinin nümayəndələri ilə görüş keçirilib. 

Görüşdə “DetAl Holding” şirkəti tərəfindən baş direktorun müavini, Gəncə Alüminium Kompleksinin direktoru Cəmil Səfərovun rəhbərlik etdiyi qrup, AMEA tərəfindən isə AMEA-nın Kimya Elmləri Bölməsinin akademik-katibi, KQÜKİ-nin direktoru, akademik Dilqəm Tağıyevin rəhbərliyi ilə alim və mütəxəssislər iştirak edib. 

AMEA Kimya Elmləri Bölməsinin akademik-katibi, institutun direktoru, akademikDilqəm Tağıyev iclası açaraq, görüşün əhəmiyyətindən danışıb. “Daşkəsən alunit filizinin yeni üsulla emalı” layihəsi çərçivəsində işçi qrupunun iclasında ölkədə alunit emalının inkişaf etdirilməsi və bu sahədə mövcud potensialın reallaşdırılması müzakirə edilib və birgə layihənin icrası üçün atıla biləcək addımlar, dünya bazarında mövcud vəziyyət və bu sahə üzrə yaxın gələcəkdə gözlənilən inkişaf perspektivləri barədə fikir mübadiləsi aparılıb. 

Tədbirdə, həmçinin “Mövcud vəziyyət, problemlər və perspektivlər” barədə Detal Holdingin baş direktorunun müavini, Gəncə Alüminium Kompleksinin direktoru Cəmil Səfərovun və “Alunit filizinin potaş-qələvi üsulu ilə emal edilməsi” mövzusunda “AzərPlus” MMC (Çex Respublikası) tədqiqat layihələrinin rəhbəri, kimya üzrə fəlsəfə doktoru Eldar Tağıyevin çıxışları dinlənilib. 

Yekunda işçi qrupun iştirakı ilə müzakirələrdən sonra, layihə çərçivəsində Gəncə Alüminium Zavodu və Daşkəsən Zəylik-alunit yatağına səfər proqramı razılaşdırılmışdır. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.az saytına istinad zəruridir.