Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Qarabağın bərpası və inkişafı prosesində xarici dəstək mühüm amildir
27.01.2021 11:57
  • A-
  • A
  • A+

Qarabağın bərpası və inkişafı prosesində xarici dəstək mühüm amildir

Post-konflikt ərazilərin dirçəldilməsinin maliyyələşdirilməsi sahəsində mükəmməl beynəlxalq təcrübə Azərbaycanda tətbiq oluna bilər.

Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində şanlı və tarixi qələbəsi ilə torpaqlarımız işğaldan azad edildikdən sonra həmin ərazilərin tezliklə bərpası və yenidən qurulması, məcburi köçkünlərin öz yurdlarına qayıtması və məskunlaşdırılması, regionun gələcək sosial-iqtisadi inkişafı hazırda əsas müzakirə mövzsudur. Bütün bunlar isə olduqca çətin və yüksək məbləğdə vəsait tələb edən prosesdir. Bu işə dövlətin imkanlarının səfərbər olunması ilə yanaşı, digər maliyyə mənbələrinin də cəlb edilməsi vacib və arzu olunandır.

Artıq azad olunmuş torpaqlarda bərpa işlərinə başlanılıb. Qarabağda quruculuq işlərinin aparılması üçün 2021-ci ilin dövlət büdcəsində 2,2 milyard manat vəsait də nəzərdə tutulub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2020-ci ilin yekunlarına həsr olunan videokonfrans şəklində keçirilən müşavirədə dediyi kimi: “Bizim planlarımız böyükdür. Müharibə başa çatıb. Bərpa işləri artıq başlanıb və bu, onu göstərir ki, bizim sözümüzlə əməlimiz arasında bu dəfə də heç bir fərq yoxdur. Biz demişdik ki, torpaqlar işğaldan azad olunandan sonra bu torpaqları tezliklə bərpa edəcəyik. Mən bu yaxınlarda demişdim ki, biz Qarabağ bölgəsində cənnət yaradacağıq və sözümdə dururam. Bizim hamımızdan asılıdır ki, bu sözlər yerinə yetirilsin. Ona görə 2021-ci il bu baxımdan çox əlamətdar olmalıdır. Məhz 2021-ci ildə Azərbaycan xalqı və bütün dünya görəcək ki, bizim niyyətimiz həyatda öz əksini tapır, bizim planlarımız həyatda gerçəkləşir. Keçmiş köçkünlərə tezliklə öz doğma torpaqlarına qayıtmağı arzulayıram. Hər halda Azərbaycan dövləti əlindən gələni edəcək ki, bu gün daha da yaxınlaşsın. Vahid Azərbaycan dövləti bundan sonra uğurla, inamla inkişaf edəcəkdir”.

Bu istiqamətdə çox mühüm qərar qəbul edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 4 yanvar 2021-ci il tarixli fərmanı ilə işğaldan azad edilmiş ərazilərdə dayanıqlı məskunlaşma üçün müasir və layiqli həyatın təmin edilməsi, bütün sahələrdə quruculuq-bərpa və abadlıq işlərinin aparılması, habelə təhlükəsiz yaşayışın, səmərəli fəaliyyətin və rifahın davamlı artmasının dəstəklənməsi məqsədilə “Qarabağ Dirçəliş Fondu” yaradılıb. Bu fond Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinin bərpası və yenidən qurulması, habelə dayanıqlı iqtisadiyyata və yüksək rifaha malik regiona çevrilməsi istiqamətində həyata keçirilən tədbirlərə maliyyə dəstəyi göstərilməsini və sərmayələrin cəlb edilməsini, bu sahədə dövlət-özəl tərəfdaşlığının inkişafını təmin edən, eləcə də ölkə daxilində və ölkə xaricində zəruri təşviqat işlərini həyata keçirən publik hüquqi şəxsdir.

Bir sıra dost ölkələr - Türkiyə, Pakistan, İsrail, Macarıstan, İran, İtaliya, Böyük Britaniya və s. işğaldan azad olunmuş ərazilərimizin bərpası prosesində iştirak etmək arzusunda olduqlarını bildiriblər. Azərbaycan dövləti də dost ölkələrlə bu sahədə əməkdaşlıq etmək niyyətini açıqlayıb. Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında çıxışı zamanı bu barədə öz fikrini bildirib: “Dost ölkələri Azərbaycana cəlb edirik və cəlb edəcəyik. Birinci kontrakt Türkiyə şirkəti ilə bağlanıb, ikinci kontraktı İtaliyadan olan bir şirkətlə bağlamaq planlaşdırılır. Fürsətdən istifadə edib Azərbaycanın dostluq münasibətləri saxladığı dövlətlərin, ölkələrin başçılarına müraciət etmək istərdim ki, onların şirkətləri də bu layihələrdə podratçılar kimi fəal iştirak etsinlər. Bərpa işlərini biz özümüz, öz vəsaitlərimiz hesabına maliyyələşdirəcəyik. Lakin biz istəyirik ki, şəhərlərimizin və kəndlərimizin bərpasına dost ölkələrdən olan şirkətlər cəlb edilsin. Qoy onlar da bu layihələri həyata keçirə bilsinlər və həmrəylik nümayiş etdirsinlər, ona görə ki, biz, heç şübhəsiz, bütün şəhərləri bərpa edəcəyik, Qarabağı dirçəldəcəyik və onu dünyanın ən inkişaf etmiş regionlarından birinə çevirəcəyik”.

Artıq Qarabağda quruculuq işləri sahəsində xarici ölkələrin şirkətləri ilə konkret əməkdaşlığa başlanılıb. Belə ki, Azərbaycanın işğaldan azad edilmiş ərazilərində elektroenergetika infrastrukturunun yaradılması məqsədilə “Azərenerji” ASC ilə İtaliyanın “Ansaldo Energia” şirkəti arasında qarşılıqlı əməkdaşlıq sahəsində təchizat müqaviləsi imzalanıb. Müqaviləyə əsasən, Ağdam, Füzuli, Kəlbəcər və Qubadlı rayonlarında inşa olunacaq 4 ədəd 110 kilovoltluq yarımstansiyanın avadanlıqlarla təchizatını məhz İtaliya şirkəti həyata keçirəcək.

Türkiyədə fəaliyyət göstərən, 130 texnologiya şirkətinə dəstək göstərən “GOSB” texnoparkı ilə Azərbaycan İnnovasiyalar Agentliyi arasında imzalanmış “Mədəni və Elmi Əməkdaşlıq” memorandumuna əsasən Qarabağda Yüksək Texnologiyalar Parkı yaradılacaq. Parkda ən son “soft” və “hard” elmi araşdırmaların aparılması, eyni zamanda yüksək texnoloji cihazların istehsalı planlaşdırılır.

Azərbaycan və Macarıstan macar şirkətlərinin Qarabağda ərazilərin bərpasında iştirak etməsini müzakirə ediblər. Macarıstanın “EximBank”ı rekonstruksiya proqramında iştirak etmək niyyətində olan macar şirkətləri üçün 100 milyon dollar məbləğində kredit xətti açıb. Müharibənin fəsadlarının aradan qaldırılması çərçivəsində Macarıstan ərazilərin minalardan təmizlənməsi işlərinə 25 min avro qrant təklif edib.

Böyük Britaniya Qarabağın azad edilmiş ərazilərinin minalardan və partlamamış döyüş sursatlarından təmizlənməsi işlərində Azərbaycana kömək göstərə biləcəyini bildirib.

Bəs, beynəlxalq təcrübədə post-konflikt ərazilərin bərpasının maliyyələşdirilməsi sahəsində hansı müsbət təcrübələr var? Beynəlxalq təcrübəyə nəzər salsaq, Yaponiya, Qərbi Avropa ölkələri, xüsusilə Almaniya, yaxın keçmişdə İraq, Livan və s. ölkələrə müharibədən sonrakı illərdə onlara maliyyə, ərzaq və başqa ehtiyaclarını qarşılayan müxtəlif istiqamətli yardımlar həyata keçirilib. Hələ İkinci Dünya müharibəsində Böyük Britaniya, Fransa, Almaniya, İtaliya və Belçikanın bəzi qabaqcıl sənaye və mədəniyyət mərkəzləri də daxil olmaqla bir çox şəhərləri dağıdılmışdı.1948-ci ildə Qərbi Avropada dağıdılmış ərazilərin bərpası və yenidən qurulması səylərinin maliyyələşdirilməsinə kömək etmək məqsədilə Marşal proqramı qəbul edildi. Marshall Planı ABŞ-ın İkinci Dünya müharibəsindən sonra 15 milyard dollardan çox vəsaitlə Qərbi Avropaya yardım göstərən bir proqramı idi. Bu yardım İngiltərə, Fransa, Belçika, Hollandiya, Qərbi Almaniya və Norveç daxil olmaqla 16 Avropa ölkəsinə paylandı.

Bu işdə Almaniya və Yaponiya təcrübəsini xüsusilə qeyd etmək lazımdır. İkinci Dünya müharibəsindən sonra yaranan iqtisadi böhran, ərzaq qıtlığı bu ölkələri müxtəlif dövlətlər, qurum və təşkilatlar tərəfindən göstərilən maliyyə yardımları ilə bərabər xammal da daxil olmaqla sənaye materialları, neft və neft məhsulları, nəqliyyat vasitələri və avadanlıqlar kimi iqtisadiyyatın inkişafına təkan verə biləcək, o cümlədən ağır, şiddətli müharibədən çıxmış əhalinin sosial təminatını yaxşılaşdıracaq yardımları almağa məcbur etdi. ABŞ 1946-1952-ci illərdə Almaniyaya 8,135 milyard dollar, Yaponiyaya isə 4,401 milyard dollar dəyərində qrant, kredit, ərzaq yardımı göstərmişdir.

Yunanıstan, İspaniya kimi ölkələr alman işğalçılarının törətdikləri ağır müharibəyə baxmayaraq, sabit və çiçəklənən bir Qərbi Avropanın yaradılmasına kömək etmək üçün sazişlərdə iştirak edirdilər. Almaniyanın yenidənqurma prosesində kredit yardımı göstərən digər ölkələr Yunanıstan, İspaniya, Pakistan, Misir, Böyük Britaniya və Fransa olmuşdur.

Yaponiyaya ikinci böyük yardım göstərən 1953-1964-cü illərdə 34 inkişaf layihəsi üçün 860 milyon ABŞ dolları məbləğində vəsait ayıran Dünya Bankı olmuşdur. Yaponiya bu yardımı dəmir yolu, avtomobil yolu və bənd tikintisi kimi infrastruktur layihələri üçün istifadə etmişdir.

Yaxın keçmişdə baş verən müharibələrdə isə yardım göstərən ölkələrin, qurumların artımı müşahidə olunur. Dünya Bankının 2011-ci il hesabatına əsasən, müharibə nəticəsində dağıdılmış və zəifləmiş dövlətlərə xarici yardım 1996-1998-ci illərdə 29 faizdən 2006-2008-ci illərdə 41 faizə qədər artmışdır. Beyrutda (Livan) hərbi əməliyyatlar bitdikdən sonra İsveç hökuməti Stokholmda bir konfransa evsahibliyi edərək 900 milyon dollarlıq humanitar yardım toplamışdır. Burada göstərilən yardımlar müxtəlif formalarda: qrant layihələri, kreditlər, Livan Mərkəzi Bankına fərdlər və ya təşkilatlar tərəfindən birbaşa xarici depozitlər idi.

Əsas yenidənqurma layihələri 1992-1995-ci və 1998-2004-cü illər ərzində müxtəlif formalarda olmuş Horizon-2000 Planında nəzərdə tutulmuşdur. Xarici maliyyə yardımları 1992-1997-ci illərdə 4 mlrd, 1998-2004-cü illərdə isə 5,85 milyard dollar həcmində Dünya Bankı, BƏƏ, Avropa İnvestisiya Bankı, İtaliya, Küveyt, Fransa tərəfindən göstərilmişdir. II Paris iclasında isə əsas tərkibini ərəb ölkələri təşkil etməklə Fransa, AB tərəfindən müxtəlif müddətli kredit yardımları göstərilmişdir.

ABŞ İraqın yenidən qurulması prosesində də yaxından iştirak etmiş, bu məqsədlə 1.7 milyard dollar yardım göstərmiş və digər ölkələri də prosesin iştirakçısı olmağa təşviq etmişdir. 2003-cü ilin oktyabr ayında Madriddə keçirilən İraq Beynəlxalq Konfransında 40-dan çox ölkə və beynəlxalq qurum dörd il (2004-2007) ərzində İraqa 13,5 milyard dollar yardım ayırmağa söz vermişdi. Madriddəki konfransda ABŞ-dan sonra ən böyük donor olan Yaponiya 5 milyard dollar vəd etdi, bunun 1,5 milyard dollarını elə orada verdi. İraq Yaponiya yardımı ilə 3 xəstəxananın bərpasını, 742 təcili yardım maşın təminatını və 60 meqavatlıq elektrik stansiyasının tikintisini həyata keçirmişdir. Avropa Komissiyası 2004, 2005 və 2006-cı illərdə əsasən BMT və Dünya Bankı vasitəsi ilə verilmiş 200 milyon avro (təxminən 235 milyon dollar) vəd etdi. 700-dən çox İraq məhkəmə, polis və həbsxana işçisi üçün birbaşa təhsil təşkil olundu. BMT və Dünya Bankı donorları çoxtərəfli nəqliyyat vasitələri ilə təmin edərək İraq üçün etibar fondları yaratdı. Bu iki fond İraqdakı yenidənqurma layihələrinə 1,1 milyard dollar vəsait ayırmaqla yanaşı 1,3 milyard dollarlıq ianə cəlb etdi.

2004-cü ilin noyabrında Paris Klubu, borc verən ölkələr qrupu İraqın təxminən 40 milyard dollar borcunun ən azı 80%-ni bağışlamaq barədə qərar qəbul etdi. İraq mətbuatı bu anlaşmanı İraqın “ikinci qurtuluşu” olaraq xarakterizə etdi. ABŞ bu bağışlama prosesində İraqın borcunun 100%-ni (4.1 milyard dollar) bağışlayaraq öndə gedirdi. İraqın Körfəzdəki ərəb qonşuları da daxil olmaqla digər beynəlxalq donor və kreditorlar İraqın yenidən qurulmasına əhəmiyyətli töhfələr verəcəklərini vəd ediblər. Bu vədlər İraqın davamlı bərpa olunması və bölgəyə yenidən inteqrasiyası üçün vacibdir.

Nəzərdən keçirdiyimiz dünya təcrübəsinə əsasən qeyd edə bilərik ki, hərbi əməliyyatlar sona çatdıqdan sonra qarşıya qoyulan ilk məqsəd müharibədən çıxmış ölkə əhalisinin ilkin ehtiyaclarını qarşılamaq, iqtisadiyyatı zəifləmiş regionun inkişafını təmin etməkdir. Bu və sonrakı, yəni yenidənqurma mərhələlərində xarici ölkələr, beynəlxalq qurum və təşkilatların müxtəlif istiqamətli yardımları mühüm rol oynayır: müxtəlif zamanlarda fərqli ölkələr üçün göstərilmiş yardımları aşağıdakı kimi ümumiləşdirə bilərik: ianələr; investisiyalar; kreditlər; qrantlar; borcların silinməsi; yerli banklara depozitlərin qoyulması; yerli valyutanın dəyərinin yüksəldilməsi.

İşğaldan azad olunmuş Qarabağda ərazilərin sistemli şəkildə bərpa və yenidənqurma işləri həyata keçiriləcək, əhalinin məskunlaşdırılmasına başlanılacaq, böyük potensiala malik regionun iqtisadiyyatı inkişaf etdiriləcəkdir. Böyük vəsait tələb edəcək və Qarabağı yenidən cənnət bir məkana çevirəcək bu tədbirlərin maliyyələşdirilməsi sahəsində beynəlxalq təcrübədən də istifadə edilməsi ölkəmiz üçün faydalı ola bilər.

Akif MUSAYEV, AMEA-nın İqtisadiyyat İnstitutunun Post-konflikt Ərazilərin Bərpası Elmi Mərkəzinin rəhbəri, AMEA-nın müxbir üzvü, iqtisad elmləri doktoru, professor

Mahir ZEYNALOV, AMEA-nın İqtisadiyyat İnstitutunun şöbə müdiri, iqtisad üzrə fəlsəfə doktoru, dosent

"Azərbaycan" qəzeti 

  • Paylaş: