Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

YUNESKO “Aşıq Şəmşir” kafedrasının fəaliyyət perspektivləri müzakirə olunub
27.01.2021 10:10
  • A-
  • A
  • A+

YUNESKO “Aşıq Şəmşir” kafedrasının fəaliyyət perspektivləri müzakirə olunub

Yanvarın 26-da AMEA-nın Folklor İnstitutunun təşkilatçılığı ilə bu qurumun nəzdində Xalq musiqi irsi və dastançılıq ənənələri üzrə YUNESKO “Aşıq Şəmşir” kafedrasının yaranması və fəaliyyət perspektivlərinin müzakirəsi ilə bağlı onlayn dəyirmi masa keçirilib.

Tədbiri institutun direktoru, akademik Muxtar İmanov açaraq bildirib ki, bu gün respublikanın müvafiq dövlət qurumları YUNESKO ilə sıx əməkdaşlıq edir və bu əməkdaşlığın yüksək səviyyədə olmasında Azərbaycanın Birinci vitse-prezidenti, YUNESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın müstəsna xidmətləri var. Onun sözlərinə görə, son illər ərzində Azərbaycan mədəniyyətinə məxsus muğam, aşıq, yallı, Novruz bayramı, Dədə Qorqud, tar və kamança ifaçılığı, çövkan oyunu, İçərişəhər kompleksi, Lahıc misgərlik sənəti və s. nümunələr YUNESKO-nun qorunan maddi və qeyri-maddi mədəni irs siyahılarına daxil edilib.

Akademik qeyd edib ki, “Aşıq Şəmşir” kafedrasının yaranması Azərbaycan – YUNESKO əməkdaşlığının növbəti bəhrəsidir: “YUNESKO-da dastançılıq ənənəsi üzrə dünyada ilk kafedra olan “Aşıq Şəmşir” kafedrasına Azərbaycanda və dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən 40-a yaxın elm və mədəniyyət qurumlarından müsbət rəy alınıb. Bunlar sırasında Azərbaycan, Türkiyə, Gürcüstan, Qazaxıstan, Almaniya, Misir, Tunis və s. ölkələrin qurumları var”.

Kafedranın adına aydınlıq gətirən M.İmanov bildirib ki, Aşıq Şəmşir görkəmli el sənətkarıdır və klassik aşıq sənəti ilə çağdaş aşıq sənəti arasında mənəvi körpü olan böyük xalq ozanıdır: “Bu sənətkarın irsi Aşıq Şəmşir Mədəniyyət Ocağı İctimai Birliyinin səmərəli fəaliyyəti sayəsində YUNESKO səviyyəsində tanınır və qəbul olunur. Kafedranın “Aşıq Şəmşir” adlanmasının digər səbəbi isə Qarabağı Azərbaycanın mədəniyyət mərkəzlərindən biri kimi öyrənmək və dünyada təbliğ etmək məqsədi daşıyır. 30 ilə yaxın bir müddətdə davam edən və 44 günlük döyüşlərdən sonra Azərbaycan ordusunun şanlı qələbəsi ilə sona çatan Vətən müharibəsi Qarabağ folklorunu əsaslı şəkildə araşdırıb özümüzə və dünyaya daha yaxından tanıtmağı bir vəzifə kimi qarşımıza qoyur”.

Tədbirdə çıxış edən AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli kafedranın yaranması münasibətilə müəssisənin kollektivini və elmi ictimaiyyəti təbrik edib, bunu önəmli mədəni hadisə kimi qiymətləndirib.

Milli Məclisin Mədəniyyət komitəsinin sədri, millət vəkili Qənirə Paşayeva isə qədim köklərə malik Azərbaycan aşıq sənəti ənənələrinin davam etdirilməsi və zənginləşdirilməsində Aşıq Şəmşirin rolundan bəhs edib. Bu kafedranın Azər­baycan xalq musiqisini, xalq dastanlarını, xüsusən Qarabağın şifahi xalq ədəbiyyatını və musiqisini, o cümlədən Aşıq Şəmşir irsini beynəlxalq səviyyədə tanıtmağa imkan yaradacaq bir mərkəz olacağına ümid bəslədiyini bildirib.

Xarici İşlər Nazirliyinin Xüsusi tapşırıqlar üzrə səfiri - YUNESKO üzrə Milli Komissiyanın baş katibi Elnur Sultanov kafedranın Azərbaycanın xalq musiqisi və dastançılıq ənənələrinin dünyada tanıdılmasına və YUNESKO kafedraları arasında əməkdaşlığa xidmət edəcəyini bildirib. O, dövlət siyasətinin prioritetlərinə cavab verən bir sıra yeni istiqamətlər üzrə YUNESKO kafedralarının sayının artırılması çərçivəsində iş aparılmasının Milli Komissiyanın fəaliyyətində əhəmiyyət kəsb etdiyini vurğulayıb. Baş katib bu gün ölkəmizin YUNESKO-nun etibarlı tərəfdaşına çevrildiyini bildirib, sözügedən qurumla əməkdaşlığımızın bütün sahələrdə genişləndirilməsində, təşkilatın ideya və məqsədlərinin təşviq edilməsində, eyni zamanda mədəni irsimizin qorunması, tanıdılması və gələcək nəsillərə ötürülməsində Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun Prezidenti, YUNESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın müstəsna xidmətləri olduğunu vurğu­layıb. YUNESKO-nun “Bəşəriyyətin qeyri-maddi mədəni irsinin Reprezentativ Siya­hısı”na daxil edilmiş “Azərbaycan muğamı” (2008), “Azərbaycan aşıq sənəti” (2009) və “Dədə Qorqud irsi: dastan mədəniyyəti, xalq nağılları və musiqisi” (2018) nominasiyalarından danışan E.Sultanov yeni yaradılan kafedranın bu mövzuları özündə ehtiva etdiyini bildirib.

Tədbirdə iştirak edən AR Mədəniyyət Nazirliyinin Aparat rəhbəri Vasif Eyvazzadə kafedranın gələcək fəaliyyətində Folklor İnstitutuna uğurlar diləyib.

Sonra Aşıq Şəmşirin nəvəsi, “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov çıxış edərək kafedranın yaradılmasında əməyi olan hər kəsə, xüsusilə YUNESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevaya dərin minnətdarlığını bildirib.

Yığıncaqda, həmçinin AR Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri Şahlar Əsgərov, “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyinin YUNESKO üzrə nümayən­dəsi Fazil Qasımov, Azərbaycan Aşıqlar Birliyinin sədri, professor Məhərrəm Qasımlı, Folklor İnstitutunun şöbə müdirləri, professorlar Ramazan Qafarlı, Seyfəddin Rzasoy, YUNESKO üzrə Türkiyə Milli Komissiyasının baş katibi Dr. Öcal Oğuz və Ege Universiteti Türk Dünyası Araşdırmaları İnstitutunun professoru Metin Ekici çıxış edərək Aşıq Şəmşir irsinin əhəmiyyətindən danışıb, kafedranın yaradılmasını böyük elmi-mədəni hadisə kimi qiymətləndirib və Folklor İnstitutuna gələcək işlərində uğurlar arzulayıblar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: