Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏDƏNİYYƏT

25.01.2021 16:07
  • A-
  • A
  • A+

“Keşikçidağ kurqanlar vadisi” elmi tədqiqatlar perspektivinə və turizmin inkişafı üçün böyük potensiala malikdir

“Keşikçidağ kurqanlar vadisi” elmi tədqiqatlar perspektivinə və turizmin inkişafı üçün böyük potensiala malikdir

“Keşikçidağ” Dövlət Tarix-Mədəniyyət Qoruğuna yol çəkilərkən ərazidə yeni kurqanlar aşkarlanıb.

“Keşikçidağ” Dövlət Tarix-Mədəniyyət Qoruğu Ağstafa rayonunun Gürcüstanla sərhədində yerləşir. Qoruğa gedən yolun inşası zamanı yeni tarixi abidələr aşkar edilib. Şəraitə uyğun olaraq abidələrdə geodezik ölçmə və qeydiyyat işləri aparılıb.

Aparılan arxeoloji tədqiqat və xilasetmə işləri zamanı inşa edilən yolun üzərində və ona bitişik ərazidə 5 daş örtüklü kurqan aşkar edilib.

Şəraitə uyğun olaraq abidələrdə geodezik ölçmə və qeydiyyat işləri aparılıb. “Qaltan dərəsi” adlanan ərazidə tədqiq edilmiş kurqanların birində daş örtük altında 4 daş qutu qəbir aşkarlanıb.

İkinci kurqanda daş örtüyü altında, təqribən 1,2 metr dərinlikdə Son tunc dövrü üçün xarakterik olan dəfn adəti (üzü şərqə tərəf, sıx bükülü pozada dəfn, keramik məmulat, tuncdan əmək alətləri, qəbirə qoyulmuş və “o dünyaya yolda azuqəlik” kimi nəzərdə tutulan ev heyvanlarının bişirilmiş hissələrinin sümük qalıqları) qeydə alınıb.

AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru, arxeoloq Pərviz Qasımov bildirib ki, “Karvandərəsi” adlanan ərazidə yol üzərində olan və müxtəlif dövrlərdə daş örtükləri zədələnmiş üç kurqan tipli abidədə də üzə çıxarılıb.

Kurqanların birində dəfn kamerasında qədim dövrlərdə baş vermiş talanın izlərinə rast gəlinib. Digər iki kurqanda isə dəfni müşayiət edən müxtəlif tipli keramik məmulat (dopu və küpələr), tuncdan az ölçülü nizə ucluğu, azuqə qalıqları qeyd olunub.

Ərazidən toplanmış keramik materialın fraqmentləri, həmçinin sitayiş daşının analogiyası qeyd olunan tarixi obyektlərin Son tunc-Erkən dəmir dövrünə (e.ə II minilliyin sonu I minilliyin əvvəlinə), Xocalı-Gədəbəy arxeoloji mədəniyyətinin erkən mərhələsinə aidiyyəti barədə ilkin rəyin irəli sürülməsinə əsas verir.

Ərazidən tapılan maddi-mədəniyyət nümunələrinə gəldikdə isə onlar qoruğa təhvil veriləcək və turistlər üçün yaradılacaq xüsusi muzeydə yerləşdiriləcək. Əldə olunan nəticələr göstərir ki, “Keşikçidağ kurqanlar vadisi” qarşıdakı illər üçün mütəmadi elmi tədqiqatlar perspektivinə və turizmin inkişafı üçün böyük potensiala malikdir.

“AzərTac”

  • Paylaş: