Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Mərkəzi Elmi Kitabxanada “Qarabağ Qəhrəmanları” Fondu yaradılacaq
21.01.2021 15:17
  • A-
  • A
  • A+

Mərkəzi Elmi Kitabxanada “Qarabağ Qəhrəmanları” Fondu yaradılacaq

AMEA-nın Mərkəzi Elmi Kitabxanası Azərbaycan elminə innovativ xidmət istiqamətində görülən işlərlə yanaşı, xalqımızın mədəniyyətini, tarixini, qəhrəmanlıq ənənələrini hər zaman uca tutaraq bu sahədə də mühüm addımlar atıb.

Görülən işlərin davamı olaraq, Azərbaycan kitabxana sistemində ilk dəfə AMEA-nın Mərkəzi Elmi Kitabxanasında “Qarabağ Qəhrəmanları” Fondu yaradılacaq.

Fondda bu günə kimi Birinci və İkinci Qarabağ müharibəsinə həsr olunmuş, münaqişə müddətində yazılan kitablar, məqalələr, müsahibələr, fotolar, televiziya verilişləri, sənədli və bədii filmlər toplanılacaq. Həmçinin gələcəkdə də bu mövzuya həsr olunacaq nəşrlər fonda daxil edilərək oxucuların istifadəsinə veriləcək. Eyni zamanda, müharibədə iştirak edən Azərbaycanın şəhid olmuş mərd oğullarının şəxsi kitabxanalarındakı kitablar da fondda sərgilənəcək.

Bununla yanaşı, fond MEK-in həm yerli, həm də əcnəbi istifadəçilərinə Azərbaycan tarixində əvəzolunmaz izlər qoyan qəhrəmanlarımızın yaxından tanıdılmasına şərait yaradacaq.

Fondun yaradılmasında əsas məqsəd 30 ilə yaxın davam etmiş Qarabağ münaqişəsinə həsr edilən sənədləri sistemli şəkildə toplayaraq mühafizə etməkdir.

Qeyd edək ki, yeni yaradılacaq fonda II Qarabağ döyüşlərində mərdliklə iştirak etmiş, 2020-ci il noyabr ayının 23-ü Suqovuşan istiqamətində minaya düşərək şəhid olmuş Azərbaycan Ordusunun polkovniki Babək Səmidlinin bacısı, MEK-in əməkdaşı Röksanə Səfərzadə rəhbərlik edəcək.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: