Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Tarixi yaddaşı qoruyub saxlayan muzeylər - Şuşa şəhərinin tarixi muzeyi
19.01.2021 11:30
  • A-
  • A
  • A+

Tarixi yaddaşı qoruyub saxlayan muzeylər - Şuşa şəhərinin tarixi muzeyi

Dünyada elə muzeylər var ki, onların fəaliyyəti tarixi yaddaşın qorunub saxlanılması, şəhərlərin salınması və inkişafına dair materialların nümayişinə yönəlib. İnsan bu növ muzeylərə gələrkən hər-hansı bir şəhərin “Günəş altında yer” uğrunda uzunmüddətli və gərgin mübarizəsinin şahidi olur, şəhər həyatının üstünlükləri və çətinlikləri haqqında dolğun məlumat əldə edir, burada doğulmuş dünya şöhrətli insanlar, şəhərdə qorunub saxlanılan mədəni irs, adət-ənənələr və s. haqqında öyrənir.

Söhbət dünyanın bir sıra şəhərlərinə həsr edilmiş muzeylərdən gedir. Bu muzeylər sakinlərin öz şəhərlərinə bəslədiyi sevgi və ehtiramın səssiz şahidləridir. Hər bir şəhər unikaldır, bütün şəhərlərin özünəməxsus və təkrarolunmaz koloriti, tarixi yaddaşı var. Dünyada bir sıra şəhər tarixi muzeyləri mövcuddur. Roma, London, Paris, Praqa, Moskva, Sankt-Peterburq, Berlin, Tokio, Nyu-York, Kiyev, Tallin, Minsk və digər şəhərlərdə bu cür muzeylər təşkil olunub. Beləliklə, iri şəhər və paytaxtların yaranma və təkamül tarixini əks etdirən muzeylərin çoxşahəli fəaliyyətini nəzərə alsaq qeyd edə bilərik ki, bu cür məkanların yaradılmasında tarixi zərurət var.

Artıq 7 ildən çoxdur ki, Bakı şəhərinin tarixi muzeyinin ilkin konsepsiyası hazırdır (bu məsələyə həsr edilən məqalə 2013-cü ildə Astana (indiki Nur-Sultan) şəhərində keçirilmiş Beynəlxalq konfransın materiallarında, həmçinin AMEA-nın “Elm” qəzetinin 2015-ci il 11 sentyabr tarixli buraxılışında öz əksini tapıb), lakin çox təəssüf ki, layihə hələ də öz praktiki həllini tapmayıb. Halbuki sözügedən muzeylər həm şəhərlərin unikallığı haqqında məlumatların sənədləşdirilməsi və gələcək nəsillərə ötürülməsi, həm də turizm sektorunun inkişafı baxımından böyük əhəmiyyətə malikdir, çünki şəhərə gələn qonaqlar ilk növbədə bu məkanın tarixi, mədəniyyəti, görməli yerləri ilə maraqlanır.

2020-ci ilin payızında Vətən müharibəsi nəticəsində Azərbaycanın gözəl guşələrindən biri – Qarabağ uzun illərin işğalından azad edilib. Regionda torpaqların minalardan təmizlənməsi, yolların salınması, lazımi infrastrukturun yaradılması ilə yanaşı mədəni və arxeoloji irsin, zərər çəkmiş və dağıdılmış abidələrin, muzeylərin, kitabxanaların və digər mədəniyyət ocaqlarının bərpası işinə başlanılıb. Rəsmi məlumatlara əsasən işğaldan əvvəl burada 22 muzey, 927 kitabxana, 4 rəsm qalereyası və bir çox digər mədəniyyət müəssisələri fəaliyyət göstərib.

Bütün bu məkanların bərpası ilə bərabər, bölgədə müasir tələblərə uyğun yeni muzeylər və digər mədəniyyət ocaqları yaradılacaq. Fikrimcə, yeni yaradılacaq muzeylərin sırasında Qarabağın bir neçə şəhərinin tarixi muzeyləri də yer almalıdır. Əlbəttə ki, ilk növbədə Azərbaycan mədəniyyətinin, musiqisinin, poeziyasının mərkəzlərindən biri olan Şuşa şəhərinin tarixi muzeyi yaradılmalıdır. Təsadüfi deyil ki, bu yaxınlarda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Şuşa şəhərini Azərbaycan mədəniyyətinin paytaxtı elan edib.

Bir vacib məsələ də var: 44-günlük Vətən müharibəsi dövründə işğalçı ölkənin vətəndaşları ilə sosial şəbəkələr vasitəsilə çoxsaylı mübahisələr, müzakirələr aparılıb. İnternet vasitəsilə rus dilində «Город Шуша» (“Şuşa şəhəri”) yazıb axtarış verərkən məlumatların arasında mütləq şəhərimizin erməni dilində də adı və yaranmasının ermənilər tərəfindən yayılan versiyası da qarşımıza çıxır. Sözügedən müzakirələr zamanı Ermənistan tərəfinə bir sual verməklə mübahisələrə son qoymaq olardı, elə indi də olur: “Zəhmət olmasa, Şuşa şəhərində doğulan məşhur erməni əsilli şairlərin, bəstəkarların, memarların və s. adlarını sadalayın”. Yəni, bütün yayılan versiya və təhriflərə baxmayaraq bir danılmaz fakt mövcuddur: Şuşa şəhəri heç bir vaxt ermənilərin sıx yaşadıqları məkan olmayıb. Əks təqdirdə bu sual qonşularımızı bu qədər çətinə salmazdı. Axı niyə Mir Möhsün Nəvvabdan Üzeyir Hacıbəyovadək, Xurşidbanu Natəvandan Süleyman Ələsgərovadək, Cabbar Qaryağdıoğludan Xan Şuşinskiyədək onlarla elm və mədəniyyət xadimlərinin hamısı azərbaycanlıdır? Sual ritorikdir...

Məhz bu məqamları nəzərə alaraq Şuşa şəhərinin tarixi muzeyinin yaradılmasını prioritet məsələ hesab edirik. Bundan əvvəlki bütün layihələrimizdə olduğu kimi bu muzeyi də müasir standartlara uyğun yaratmağı mütləq sayırıq. Bir daha qeyd etmək yerinə düşər ki, XXI əsrdə XIX əsrin klassik muzeylərinə bənzər məkanlar yaratmaq olmaz. Lakin texnoloji nailiyyətlərə və dinamiklik prinsipinə əsaslanan muzeylərdə mütləq şəkildə Azərbaycan və ümumilikdə Şərq koloriti öz əksini tapmalıdır. Muzeylərin fəaliyyətində multimedia texnologiyalarından istifadə həm dinamik və interaktiv proqram və sərgilərin istər respublikamızın bölgələrində, istər də ölkənin hüdudlarından kənarda nümayişinə geniş imkanlar yaradacaq, həmçinin də virtual muzeyin tez bir zamanda ərsəyə gəlməsində əhəmiyyətli rol oynayacaq. Dünyada belə bir təcrübə də mövcuddur: öncədən virtual muzey yaradılır, müvafiq məkan ərsəyə gələndən sonra isə ənənəvi muzey təşkil olunur. Hər iki halda multimedia texnologiyalarının tətbiqi labüddür.

Beləliklə, Şuşa şəhərinin tarixi muzeyində şəhərin salınma tarixindən başlayaraq bütün mühüm tarixi hadisələr öz əksini tapmalıdır. Bu bölmədə müxtəlif sənədlər, xəritələr, fotolar, şəhərin salınmasına dair əcnəbi siyasi xadim və səyyahların yazıları geniş təqdim edilməlidir. Yaddan çıxarmaq olmaz ki, bizim ali məqsədimiz bura gələn insanlara təhrifdən uzaq, doğru materiallar əsasında Şuşa şəhərinin yaranma və inkişaf tarixini əyani vasitələrlə nümayiş etdirməkdir. Müharibədən sonra yaranan ictimai-siyasi vəziyyəti, bir sıra ölkələrin Azərbaycana qarşı qərəzli mövqeyini nəzərə alaraq bizim bir hədəfimiz var: Ermənistan tərəfinin yaydığı stereotipləri, təhrifləri, yalanları ifşa edərək doğru məlumatları beynəlxalq ictimaiyyətə, geniş kütlələrə çatdırmaq. Muzeylər bu işdə əvəzsiz rol oynayır. Və burada yalnız faktlara əsaslanmış materiallar istifadə olunmalıdır ki, qarşı tərəfin əlində bizi təkzib etmək üçün heç bir dəlil olmasın.

Yaradılacaq muzeyin digər bölmələrində Şuşanın arxeoloji və memarlıq irsi, təsviri incəsənət, ədəbi məclislər, elm və təhsilin inkişafı, Şuşada anadan olmuş şair, yazıçı və dramaturqların yaradıcılığı, Şuşa xalçaçılığına dair materiallar nümayiş etdirilməlidir. Məsələn, ekspozisiyada şəhər məhəllələrinin salınma mərhələləri, Şuşa real məktəbi və digər tədris ocaqlarının fəaliyyəti və məşhur yetirmələri, Azərbaycanın görkəmli şairi Molla Pənah Vaqifin siyasi və ictimai fəaliyyəti, bir sıra mədəniyyət xadimləri tərəfindən təşkil olunan məclislər, Xurşidbanu Natəvanın ictimai fəaliyyəti və Aleksandr Düma ilə tarixi görüşü, görkəmli maarifçi, ədəbiyyatşünas və pedaqoq Firudin bəy Köçərlinin fəaliyyəti və bu kimi digər məqamlar öz əksini tapmalıdır. Fikrimcə, Şuşa şəhərinin tarixi muzeyində görkəmli həmvətənlərimizin dünya maarifçiləri, şairləri, bəstəkarları və s. ilə əməkdaşlıq əlaqələrinə geniş yer ayrılmalıdır. Muzeyşünaslıq sahəsində geniş istifadə olunan bu üsul muzeyə gələn əcnəbi seyricilərə lazımi təsir göstərəcək.

Muzeyin ayrı bir bölməsi “Qafqazın konservatoriyası”nın Azərbaycanın və bütövlüklə dünya musiqi tarixinə verdiyi töhfələrə həsr edilməlidir. Şuşada qurulan musiqi məclisləri, xalq musiqisi, xanəndəlik sənəti və muğamın inkişafı, Azərbaycan musiqi sənətinin görkəmli nümayəndələri, habelə musiqişünaslığın inkişafı (məsələn, AMEA-nın təsisçilərindən biri, görkəmli bəstəkar, publisist və ictimai xadim Üzeyir Hacıbəyovun bu elmi istiqamətə verdiyi töhfələr) – bütün bu məsələlər bölmədə öz əksini tapmalıdır. Burada da musiqi sahəsində tanınmış şuşalıların xarici həmkarları, həmçinin əcnəbi siyasi və ictimai xadimlərlə əlaqələrinə yer ayrılmalıdır. Məsələn, Cabbar Qaryardıoğlunun Sergey Yesenin, Fyodor Şalyapin, Reynqold Qlierlə görüşləri, Şuşada anadan olan xanəndə Məcid Behbudovun dünya şöhrətli oğlu Rəşid Behbudovun fəaliyyəti və s.

Muzey ekspozisiyasının bölmələrindən biri də Qarabağ müharibələri zamanı şəhərin işğal edilməsi və düz 28 il yarımdan sonra azad olunmasına həsr edilməlidir. Burada nümayiş olunan eksponatlar dağıdılan muzeylərimiz, abidələrimiz və məscidlərimiz, güllələnən heykəllərimiz, oğurlanan və xarici ölkələrə aparılan mədəni irsimiz (arxeoloji tapıntılardan tutmuş xalça və xalça məmulatlarınadək) və digər bu kimi məsələlərlə yanaşı, insan faciəsini və sevincini, yəni adi insanların öz doğma evlərindən didərgin düşməsini və bu gün öz yurd-yuvalarına qayıtmaq imkanı əldə etdiklərini əks etdirməlidir. Şuşa Azərbaycandır, və biz bunu əyani vasitələrlə bütün dünyaya yayımlamalıyıq. Burada foto və video materiallar, cəbhə xatirələri, Şuşa uğrunda gedən döyüşlərdə fərqlənən şəhid və qazilərimiz, Azərbaycanın Milli Qəhrəmanları haqqında materiallar (burada ölkəmizin etnik palitrası haqqında da danışılacaq, çünki Vətən uğrunda döyüşlərdə milli mənsubiyyətindən asılı olmayaraq Azərbaycan vətəndaşları iştirak edib), habelə adi insanların xatirələri, əşyaları, məktubları və s. yer almalı, Zəfər tariximiz, Şuşanın azad olunmasına dair materiallar öz əksini tapmalıdır.

Təbii ki, təqdim olunan ilkin layihə hələ əsaslı şəkildə işləniləcək, müvafiq qurumların mütəxəssisləri tərəfindən hər bir sahə üzrə materiallar toplanılacaq, muzey üçün yer ayrılandan sonra dizaynerlər və İT-mütəxəssislər tərəfindən təkliflər hazırlanacaq. Bütün iri layihələr kimi bu muzeyin də yaradılması güclü komandanın müştərək işini nəzərdə tutur. Muzeyin təşkilində yeni yaradılacaq AMEA-nın Qarabağ Regional Elmi Bölməsi, Akademiyanın müxtəlif elmi müəssisələri, Mədəniyyət Nazirliyi, Dövlət Turizm Aqentliyi və digər müvafiq qurumlar müştərək fəaliyyət göstərməli, faktiki materialların toplanılmasına dəqiq elmi baxış, müxtəlif sahələr üzrə tədqiqatlar aparan alimlərin birgə fəaliyyəti mərkəzləşdirilmiş şəkildə təşkil edilməlidir. Əsas diqqət məhz elmiliyə, dəqiqliyə və texnologiyaların geniş tətbiqinə yönəlməlidir.

Sonda qeyd edək ki, məqalə hazırlanan zaman qarşımıza maraqlı bir məlumat çıxıb: işğaldan sonra Ermənistan tərəfi öz üslubu ilə seçilən memarlıq abidələrimizdən birində – general Səməd bəy Mehmandarovun malikanəsində belə bir muzey yaradaraq burada nümayiş etdirilən eksponatlar əsasında Şuşanı bütövlüklə erməni şəhəri qismində təqdim edib. Qarşımıza çıxan şəkillərdən göründüyü kimi, tez-tələsik yaradılan muzeydə düşmən tərəf heç bir texnologiyadan, müasir avadanlıqdan istifadə etmək fikrində də olmayıb. Bu bir daha sübut edir ki, muzeylər olduqca böyük təsir gücünə malikdir. Şuşanı özününkü hesab edən, bura müxtəlif ölkələrdən turistləri cəlb etməyə çalışan Ermənistan tərəfi bu cür muzeylər vasitəsilə dünyanı öz təhriflərinə, uydurmalarına inandırmağa can atıb.

İşğaldan öncə Səməd bəy Mehmandarovun evində Şuşa xalça muzeyi fəaliyyət göstərib, 1992-ci ildə muzey eksponatlarının yarısından çoxu xilas edilərək Bakıya gətirilib. Bu gün Şuşa azaddır! Həmin evə baxış keçirilməli, oradakı eksponatlar təhlil edilməlidir. Düşünürük ki, işğaldan sonra dağıdılan muzeylərimizdə saxlanılan eksponatlardan bir qismi elə həmin məkanda aşkar olunacaq.

Beləliklə, Şuşa şəhərinin tarixi muzeyinin yaradılması “Qarabağa qayıdış”ın önəmli bir müddəasını təşkil edə bilər. Bu növ muzeylər digər şəhərlərdə də yaradılaraq şəbəkə halını alsa biz həm yeni turizm marşrutu əldə edərik, həm də Azərbaycan həqiqətlərinin dünyaya müasir əyani vasitələrlə çatdırılması istiqamətində mühüm addım atmış olarıq.

Nəzmin CƏFƏROVA, AMEA Rəyasət Heyəti aparatının Mətbuat və informasiya şöbəsi, sənətşünaslıq üzrə fəlsəfə doktoru

“Xalq qəzeti

  • Paylaş: