Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

Ədəbiyyat İnstitutunda “Nizami ili”nə həsr olunan ilk tədbir keçirilib
15.01.2021 20:41
  • A-
  • A
  • A+

Ədəbiyyat İnstitutunda “Nizami ili”nə həsr olunan ilk tədbir keçirilib

AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda “Nizami ili”nə həsr olunan ilk elmi istiqamətli tədbir keçirilib.

Tədbiri AMEA-nın vitse-prezidenti, institutun direktoru, akademik İsa Həbibbəyli açaraq Prezident İlham Əliyev tərəfindən 2021-ci ilin “Nizami ili” elan edilməsinin ölkəmizdə klassik ədəbi irsimizə, milli ədəbiyyatımızın və mədəniyyətimizin görkəmli simalarının tanıdılmasına müstəqil Azərbaycan dövlətinin göstərdiyi xüsusi diqqətin və böyük qayğının əməli ifadəsi olduğunu bildirib. O qeyd edib ki, Nizami Gəncəvinin zəngin bədii irsini müasir dövrdə azərbaycançılıq və müstəqil dövlətçilik işığında yenidən tədqiq və təbliğ etməyə, onu dünyaya məhz Azərbaycan şairi kimi daha çox tanıtmağa ehtiyac var.

Akademik İsa Həbibbəyli, həmçinin ölkə başçısının Sərəncamından sonra AMEA Rəyasət Heyətinin 8 yanvar 2021-ci il tarixli qərarı, bundan irəli gələn tədbirlərin icra vəziyyəti və qarşıda duran vəzifələr haqqında ətraflı məlumat verib. Onun sözlərinə görə, 15 bəndlik qərara əsasən, AMEA-nın Humanitar və İctimai Elmlər bölmələrini əhatə edən müəssisələr digər təşkilatların alimlərini də cəlb etməklə bir sıra tədbirlərin təşkilini və keçirilməsini təmin etməlidir.

Akademik “Nizami ili” çərçivəsində Ədəbiyyat İnstitutunda həyata keçirilməsi nəzərdə tutulan Tədbirlər planı haqqında da məlumat verib, bu işlərin icrasında Nizamişünaslıq şöbəsi ilə müvafiq şöbələrin birgə əməkdaşlığının səmərə verəcəyini bildirib.

İclasda Ədəbiyyat İnstitutu tərəfindən “Nizami Gəncəvi ensiklopediyası”nın (2021-2023), “Nizami Gəncəvi almanaxı”nın müxtəlif dillərdə ikinci sayının, “Nizami Gəncəvi və Şota Rustaveli” monoqrafiyasının Bakıda və Tbilisidə Azərbaycan, gürcü və ingilis dillərində kitab halında nəşrinin, eləcə də “Böyük Azərbaycan şairi Nizami Gəncəvi: bəşərilik və müasirlik” mövzusunda konfransın keçirilməsinin planlaşdırıldığı diqqətə çatdırılıb. Bundan əlavə, müəssisə əməkdaşlarının KİV-lərdə, xüsusən televiziya və radioda ilk mənbələrə, orijinal mətnlərə istinad edərək Nizami Gəncəvi haqqında çıxış etmələrinin vacibliyi vurğulanıb. Eyni zamanda ali məktəblərlə birgə konfransların, ümumtəhsil məktəblərində isə tədbirlərin təşkilinin həyata keçirilməsinin vacibliyinə toxunulub.

Tədbirdə, o cümlədən Nizamişünaslıq şöbəsinin müdiri, AMEA-nın müxbir üzvü Nüşabə Araslı, Ortaq başlanğıc və intibah dövrü Azərbaycan ədəbiyyatı şöbəsinin müdiri, professor İmamverdi Həmidov və digərləri çıxış edərək öz təklif və tövsiyələrini səsləndiriblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: