Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

Naxçıvan Bölməsində ötən ilin yekunları və qarşıda duran vəzifələr müzakirə edilib
15.01.2021 17:14
  • A-
  • A
  • A+

Naxçıvan Bölməsində ötən ilin yekunları və qarşıda duran vəzifələr müzakirə edilib

AMEA-nın Naxçıvan Bölməsində 2020-ci ilin yekunları və qarşıda duran vəzifələrlə bağlı tədbir keçirilib.

Bölmənin sədri, akademik İsmayıl Hacıyev tədbiri açaraq ötən il ərzində bölmədə görülən işlər, əldə olunan nailiyyətlər haqqında məlumat verib. Bildirib ki, 2020-ci ildə bölmə əməkdaşları tərəfindən 8 mühüm elmi nəticə əldə olunub, 18 monoqrafiya, 19 kitab, 1 metodik vəsait, 462 elmi məqalə, 207 konfrans materialı, 12 tezis olmaqla, ümumilikdə 719 elmi əsər nəşr edilib. Əsərlərdən 20-si “Thomson Reuters” indeksli olmaqla, ümumilikdə 57 elmi məqalə yüksək impakt faktorlu jurnallarda işıq üzü görüb, əsərlərə 522 istinad qeydə alınıb. Bölmədə iki seriya üzrə “Elmi əsərlər” və “Axtarışlar” jurnalının hər birinin 4 sayı nəşr olunub. Akademikin sözlərinə görə, bölmə əməkdaşları hesabat ilində beynəlxalq və respublika səviyyəli konfranslara qatılıb, iki beynəlxalq qrant layihəsini uğurla davam etdiriblər.

Bundan əlavə, bölmədə fəaliyyət göstərən laboratoriyalar üçün bəzi avadanlıqlar alınaraq, komplektləşdirilib. Qurumun həm elmi, həm də tətbiqyönümlü fəaliyyətindən bəhs edən akademik İ.Hacıyev qeyd edib ki, son illər keyfiyyət göstəricilərində də müşahidə edilən artım elmə və elm adamlarına göstərilən qayğının nəticəsidir.

Məruzədə həmçinin kadr hazırlığı məsələsi də diqqətə çatdırılıb. Qeyd olunub ki, Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi ilə birgə həyata keçirilən “Sabahın tədqiqatçıları” layihəsi də məhz gənc nəsildə elmə maraq yaratmaq, gələcəkdə elmi potensiallı insan kapitalının formalaşdırılmasında olduqca mühüm əhəmiyyətə malikdir. Alim, həmçinin muxtar respublika məktəbliləri üçün keçilən interaktiv və nümunəvi dərslərin, tələbələr üçün təşkil edilən elmi praktik seminarların önəmini və ötən ildə bu sahədə əldə olunmuş uğurları tədbir iştirakçılarının diqqətinə çatdırıb.

“Naxçıvan Bölməsinin yaradılmasında əsas məqsəd Naxçıvanın tarixinin, ədəbi mühitinin, təbii ehtiyatlarının, bioresurslarının və elmin digər sahələrinin tədqiqinə xidmət etmək, Naxçıvanşünaslığın zənginləşdirilməsinə töhfə verməkdir”, - deyən İ.Hacıyev bildirib ki, bu missiya 2020-ci ildə də uğurla davam etdirilib.

Tədbirdə AMEA-nın müxbir üzvləri - Fəxrəddin Səfərli, Əbülfəz QuliyevTofiq Əliyev çıxış edərək Qarabağ zəfərindən sonra Naxçıvanın “Şərqin qapısı” kimi öz missiyasını uğurla yerinə yetirəcəyinə əminliklərini ifadə ediblər. Qeyd olunub ki, bölmənin hər bir əməkdaşı muxtar respublikada aparılan genişmiqyaslı işlərdə fəal iştirak etməli və bu inkişafa layiqli töhfəsini verməlidir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: