Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

15.01.2021 16:16
  • A-
  • A
  • A+

Dövlət qurumlarının nümayəndələri üçün məlumatlandırma vebinarları baş tutub

Dövlət qurumlarının nümayəndələri üçün məlumatlandırma vebinarları baş tutub

AMEA-nın vitse-prezidenti, akademik İbrahim Quliyevin koordinatorluğu ilə akademiyanın Rəyasət Heyəti aparatının Xarici əlaqələr idarəsi tərəfindən dövlət qurumlarının nümayəndələri üçün Avropa Komissiyasının “Horizon 2020” Tədqiqat və İnnovasiya Proqramı çərçivəsində Yaşıl Razılaşma Çağırışı (Green Deal Call) üzrə məlumatlandırma vebinarları keçirilib.

Vebinarlarda Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Energetika Nazirliyi, Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, İnnovasiyalar Agentliyi, Dövlət Gömrük Komitəsinin Akademiyası, İqtisadiyyat Nazirliyi, “Təmiz Şəhər” ASC, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, eləcə də Sumqayıt Kimya Sənaye Parkının mütəxəssisləri iştirak edib.

Tədbirdə “Horizon 2020” üzrə Milli Əlaqələndirici Şəxslər (MƏŞ) Şəbəkəsinin üzvləri Yaşıl Razılaşma Çağırışını əhatə edən 10 tematik sahə və müvafiq mövzular üzrə ətraflı məlumat verib.

İqlim fəaliyyətləri, ətraf mühit, resurs səmərəliliyi və xammal istiqaməti üzrə MƏŞ Rövşən Kərimov bu Çağırışın imkanlarından istifadə üçün tələblər, təşkilatlar və mütəxəssislərin “Horizon 2020” portalında qeydiyyatı qaydaları, tərəfdaşların araşdırılması və onlara müraciət yolları, 2021-2027-ci illəri əhatə edəcək yeni “Horizon Europe” Proqramının prioritetləri, həmçinin Yaşıl Razılaşma Çağırış üzrə “Artmaqda olan iqlim ambisiyaları: sahələrarası problemlər” tematik sahəsinin mövzularını iştirakçıların diqqətinə çatdırıb.

Ərzaq təhlükəsizliyi, davamlı kənd təsərrüfatı, dəniz və dəniz tədqiqatları, bioiqtisadiyyat və biotexnologiya üzrə MƏŞ Fərid Seyfullayev “Fermadan çəngələ” və “Sıfır çirklənmə, toksik maddələrdən azad ətraf mühit”, Hüquq və maliyyə aspektləri üzrə MƏŞ Tofiq Babayev “Avropa Yaşıl Çağırışlarına dəstək üçün biliklərin artırılması” və “Neytral iqlimli və davamlı Avropaya keçid üçün vətəndaşların imkanlarının genişləndirilməsi”, Kosmos istiqaməti üzrə MƏŞ Aynurə Məsimova “Biomüxtəliflik və ekosistem xidmətləri”, Gələcək və inkişaf etməkdə olan texnologiyalar üzrə MƏŞ Fərhad Əliyev “Təmiz və dairəvi iqtisadiyyat üçün sənaye” tematik sahələri, onların yarımistiqamətləri və müxtəlif mövzuları üzrə təqdimat ediblər.

COST Action Proqramı üzrə MƏŞ İlham Hümbətov və Mari Sklodovskaya-Küri Proqramı üzrə MƏŞ Zaur Həsənov isə bu proqramların imkanları və onlardan istifadə yolları ilə iştirakçıları tanış ediblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: