Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

Muzeydə elmi məqalələrin yazılmasına həsr olunan seminar keçirilib
15.01.2021 14:27
  • A-
  • A
  • A+

Muzeydə elmi məqalələrin yazılmasına həsr olunan seminar keçirilib

AMEA-nın Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin Gənc Alim və Mütəxəssislər Şurasının təşkilatçılığı ilə muzeyin yeni doktorant və dissertantları üçün akademik yazı ilə bağlı praktik tövsiyələri ehtiva edən “Elmi məqalələrin yazılması, jurnal seçimi və çapa təqdim edilməsi üçün praktik tövsiyələr” adlı onlayn seminar keçirilib.

İclası giriş sözü ilə açan muzeyin Gənc Alim və Mütəxəssislər Şurasının sədri Dilbər Hüseynova 2020-ci ildə şuranın təşkilatçılığı ilə baş tutan tədbirlərin, eləcə də üzvlərin fərdi şəkildə gördüyü işlər barədə hesabatların qənaətbəxş olduğunu bildirib. O  qeyd edib ki, COVID-19 pandemiyası səbəbindən ənənəvi iş rejimi olmamasına baxmayaraq, muzeyin gənc alimlərinin yerli və xarici jurnallarda məqalə çapı, beynəlxalq və yerli konfranslarda iştirakı ötən ildə də yetərli olub: “Gənc alimlərin, xüsusən də yeni qəbul olan doktorant və dissertantların aktivliyini daha da artırmaq, elmi nəşrlərini bir qədər də sürətləndirmək üçün praktik xarakterli maarifləndirici seminar keçirilməsi qərara alınıb”.

Tədbirdə əsas məruzəçi olaraq çıxış edən Gənc Alim və Mütəxəssislər Şurasının üzvü, fəl.ü.f.d. Kəmalə Nuriyeva lazım olan ədəbiyyatın toplanması, elmi məqalənin yazılması, düzgün jurnalların seçilməsi və çapa təqdimi ilə bağlı praktik metodlarla bağlı tövsiyələrini çatdırıb.

Seminarda onlayn rejimdə işləyən ölkə kitabxanaları, “Google Scholar”, “ORCİD” kimi beynəlxalq platformalardan istifadə imkanları da müzakirə edilib.

Sonda doktorant və dissertantların sualları şuranın təcrübəli üzvləri tərəfindən cavablandırılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: