www.science.az
14.01.2015 00:00

Azərbaycan alimləri üçün poliklinika fəaliyyət göstərəcək

AMEA-da fəaliyyət göstərən alimlərin sosial vəziyyətinin yaxşılaşdırılması ilə bağlı mühüm tədbirlər nəzərdə tutulur.

AMEA prezidenti, akademik Akif Əlizadə bu gün keçirdiyi mətbuat konfransında gənclərin akademiyada fəaliyyəti və onların sosial vəziyyəti ilə bağlı fikirlərini bölüşüb. Bildirib ki, müasir dövrdə Azərbaycan gəncliyi tamamilə fərqli istiqamətdə inkişaf etməkdədir. Son zamanlar AMEA-da kadr hazırlığı prosesi sürətləndirilib, yüksəkixtisaslı gənc alim və mütəxəssislər yetişdirilib. O, ölkə elmində bir qədər qocalma prosesi getməsinə baxmayaraq, yaxın gələcəkdə müasir gəncliyin uzun illərdir fəaliyyət göstərən qocaman alimlərimizi əvəz edə biləcəyinə inamını ifadə edib: “Bu istiqamətdə mühüm tədbirlər görülsə də qeyd etmək lazımdır ki, yeni kadrlar hazırlamaq olduqca mürəkkəb prosedir - bir gənc alimi formalaşdırmaq üçün 10-20 il vaxt tələb olunur”.

Akademik A.Əlizadə qeyd edib ki, ölkə alimlərinin sosial problemləri hər zaman AMEA rəhbərliyinin diqqət mərkəzində olub. Artıq onların çoxdan arzuladığı akademiya poliklinikasının layihəsi hazırlanır. Nəzərdə tutulan tədbirlər cari ilin yanvar-fevral ayında yekunlaşsa, layihə tez bir zamanda həyata keçiriləcək.

A.Əlizadə vurğulayıb ki, AMEA-nın hüquqi baxımdan problemləri də həll olunmaqdadır. Belə ki, dövlət başçısı məsələ ilə bağlı yeni nizamnamə imzalayıb. Bu da akademiyanın yeni hüquqi formatda fəaliyyət göstərməsinə imkan verəcək.

Cari ildə alimlərin sosial vəziyyətinin yaxşılaşdırılması ilə bağlı mühüm tədbirlərin nəzərdə tutulduğunu vurğulayan akademik AMEA-ya məxsus yataqxananın ərazisində yeni yaşayış binalarının inşası ilə bağlı məlumat verib.

Alim, həmçinin öz çıxışında AMEA-nın məlumat bankının hazırlandığını diqqətə çatdırıb. O, akademiyada irəli sürülən innovativ təkliflərin biznes sektorunda fəaliyyət göstərən mütəxəssislər tərəfindən də qəbul olunduğunu bildirib. Qeyd edib ki, AMEA 2014-cü ildən etibarən büdcədən kənar vəsait əldə etməyə çalışır ki, bu da innovativ təkliflər paketini bizneslə əlaqələndirməyə imkan yaradır. A.Əlizadə bu gün ölkənin biznes nümayəndələri və nüfuzlu təşkliatlarının akademiyaya xüsusi diqqət ayırdığını da nəzərə çatdırıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.