Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

Elm Tarixi İnstitutu 2020-ci ilə dair illik hesabatını təqdim edib
30.12.2020 23:16
  • A-
  • A
  • A+

Elm Tarixi İnstitutu 2020-ci ilə dair illik hesabatını təqdim edib

AMEA-nın Elm Tarixi İnstitutunun (ETİ) Elmi şurasının müəssisənin illik hesabatına həsr olunan iclası keçirilib.

Hesabatı institutun direktoru, tarix elmləri doktoru Məryəm Seyidbəyli təqdim edib. Qeyd olunub ki, 2020-ci ildə Elm Tarixi İnstitutunun əməkdaşları pandemiya dövrünün yaratdığı çətinliklərə baxmayaraq səmərəli elmi fəaliyyət göstərib, müəssisənin profil istiqamətləri üzrə araşdırmalar aparıb və elmi-tədqiqat planında nəzərdə tutulan bütün işləri yerinə yetiriblər. Bildirilib ki, cari ildə institutda beynəlxalq elmi əlaqələrin genişləndirilməsi, elmi tədqiqat fəaliyyətinin əlaqələndirilməsi, elmi tədqiqatların ölkəmizin sosial-iqtisadi problemlərinin həllində rolu, milli dövlətçiliyimizin möhkəmləndirilməsi, ölkəmizin beynəlxalq nüfuzunun artırılması və digər istiqamətlərdə əhəmiyyətli işlər görülüb, elmin inkişafı üçün mühüm tədbirlər həyata keçirilib.

M.Seyidbəyli qeyd edib ki, il ərzində ETİ tərəfindən “Akademiya - sənədlər külliyatı, qərarlar, protokollar və yazışmalar (1920-1991)” və “Azərbaycan tibbinin korifeyləri” monoqrafiyaları daxil olmaqla 5 kitab nəşr edilib, 4 kitab isə çapa təqdim edilib. Çapa təqdim edilmiş kitablardan biri Rusiyanın Sankt-Peterburq şəhərində nəşr ediləcək “Azərbaycanlı alim Nəsrəddin Tusinin əlyazma irsi” adlı tədqiqat əsəridir. İnstitutun əməkdaşları tərəfindən ümumilikdə yerli və xarici elmi jurnallarda 30-a yaxın (5-i “Web of Science” və “Scopus” bazalarında indeksləşən xarici jurnallarda) məqalə dərc edilib.

Hesabatda bildirilib ki, 2020-ci ildə də beynəlxalq əlaqələrin inkişafına xüsusi diqqət ayrılıb və Rusiya, Çin, Ukrayna və Polşada fəaliyyət göstərən Elm Tarixi İnstitutları ilə əməkdaşlıq daha da inkişaf etdirilib. Cari ildə Elm Tarixi İnstitutu Elm və Texnologiyanın Tarixi və Fəlsəfəsi üzrə Beynəlxalq İttifaqın (IUHPS) Elm və Texnologiyanın tarixi şöbəsinə assosiativ üzv qəbul edilib. Həmçinin M.Seyidbəyli Ukrayna Milli Elmlər Akademiyası Q.M.Dobrov adına Elmi Texniki Potensialın Tədqiqi və Elm Tarixi İnstitutunun Elmi şurasına, eləcə də Ukrayna və Azərbaycanda iki beynəlxalq elmi jurnalın redaksiya heyətinə üzv seçilib. İnstitutun elmi katibi, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Zaur Əliyev isə Braziliyada nəşr edilən beynəlxalq jurnalın redaksiya heyətinə üzv qəbul edilib.

Qeyd olunub ki, il ərzində ETİ-nin təşkilatçılığı və Rusiya, Ukrayna, Macarıstan və yerli alimlərin iştirakı ilə elmşünaslıq mövzusunda beynəlxalq elmi seminar keçirilib. İnstitutun direktoru M.Seyidbəyli İtaliya və Rusiyada keçirilən 3 beynəlxalq konfransda məruzə edib. Elmi müəssisənin digər əməkdaşları, dosentlər - Zaur Əliyev, Ziyad Əmrahov, tarix üzrə fəlsəfə doktoru Bayram Quliyev, sosiologiya üzrə fəlsəfə doktoru Səadət Məmmədova və kiçik elmi işçi Röya Mirzəbəyova  Kanada, Türkiyə, Rusiya və Qazaxıstanda keçirilmiş bir sıra virtual beynəlxalq elmi konfrans və seminarlarda  məruzələrlə çıxış ediblər.  

Elmi müəssisənin həyata keçirdiyi digər tədbirlər barədə də məlumat verən direktor vurğulayıb ki, hesabat ilində ETİ-nin təşkilatçılığı ilə görkəmli ictimai-siyasi xadimlər Əbdürrəhim bəy Haqverdiyev və Nəriman Nərimanovun 150 illik yubileylərinə həsr olunan respublika əhəmiyyətli 2 elmi konfrans keçirilib. Eyni zamanda 20 Yanvar - Ümumxalq Hüzn Günü ilə bağlı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə birgə anım tədbiri, həmçinin ümummilli lider Heydər Əliyevin anadan olmasının 97-ci ildönümünə, “Qarabağ Azərbaycandır!” və “Qarabağ müharibəsində Azərbaycan qadınları” mövzularına həsr edilən 3 virtual elmi seminar və s. keçirilib.

M.Seyidbəyli bildirib ki, 2020-ci ildə müəssisənin mühüm yeniliklərindən biri də “Elm tarixi və elmşünaslıq” adlı beynəlxalq elmi jurnalının AMEA Rəyasət  Heyəti və Azərbaycan Respublikası Ədliyyə Nazirliyində rəsmən qeydiyyata alınaraq fəaliyyətə başlamasıdır. Alim vurğulayıb ki, öz fəaliyyətində elmi istiqaməti əsas götürməklə yanaşı, vətəndaşlıq mövqeyini də unutmayan institut əməkdaşları Qarabağ müharibəsi zamanı kollektiv və fərdi olaraq əllərindən gələn maddi və mənəvi dəstəyi əsirgəməyiblər.

İl ərzində qurumun əməkdaşlarının mütəmadi olaraq mediada müxtəlif platformalarda çıxış etdiyini, müsahibələr verdiyini qeyd edən M.Seyidbəyli bildirib ki, müəssisənin fəaliyyəti sosial şəbəkələrdə və  KİV-də intensiv işıqlandırılıb, media ilə əməkdaşlıq davam etdirilib, institutun veb-saytı mütəmadi olaraq yenilənib.

Sonra AMEA-nın Humanitar və İctimai Elmlər Bölməsinin Elmi şurasının sədr müavini, akademik Nərgiz Axundova və ETİ-nin Elmi şurasının üzvləri çıxış edərək hesabatla bağlı fikirlərini bölüşüblər.

Tədbirdə Elm Tarixi İnstitutunun elmi tədqiqat predmeti, problematika və metodologiyası və digər nəzəri məsələrlə bağlı müəyyən təkliflər səsləndirilib.

Müzakirələrdən sonra səs çoxluğu ilə institutun 2020-ci il üzrə fəaliyyəti uğurlu hesab olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: