Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

Bölmədə Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr olunan konfrans keçirilib
29.12.2020 16:40
  • A-
  • A
  • A+

Bölmədə Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr olunan konfrans keçirilib

AMEA-nın Naxçıvan Bölməsində "31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü" mövzusunda elmi konfrans keçirilib.

Bölmənin sədri, akademik İsmayıl Hacıyev konfransı giriş sözü ilə açaraq bu əlamətdar günün tarixinə nəzər salıb. Alim bildirib ki, həmrəyliyimizin əsasını təşkil edən Azərbaycançılıq ideyasının bünövrəsi hələ ümummilli lider Heydər Əliyevin Azərbaycana rəhbərliyinin birinci dövründə qoyulmuşdur. Bu ideya məhz Azərbaycan xalqının birliyinə, həmrəyliyinə hesablanmış addım idi. İllər ərzində bu amala yönəlmiş məqsədyönlü addımlar artıq öz bəhrəsini verib. Həmin uğurlu siyasətin ən bariz nümunəsi Vətən müharibəsi zamanı xalqımızın nümayiş etdirdiyi birlik oldu. Birliyimiz sübut etdi ki, Azərbaycan xalqı güclüdür, həmrəydir, istənilən çətinliyin öhdəsindən gəlməyə qadirdir.

Daha sonra Bölmənin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun elmi katibi, tarix üzrə fəlsəfə doktoru Yaşar Rəhimov “Dünya azərbaycanlılarının həmrəyliyi və birliyi günü” mövzusunda məruzə edib. Məruzəçi 1989-cu ildə Naxçıvanda baş verən sərhəd hərəkatından, onun nəticələrindən, ulu öndərin bu hərəkata siyasi qiymət verməsi və Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün təsis olunmasından ətraflı bəhs edib.

Bu tarixi qərarın azərbaycanlıların birləşməsində həlledici rol oynadığını diqqətə çatdıran tədqiqatçı vurğulayıb ki, 2001-ci ildən etibarən Dünya Azərbaycanlılarının qurultaylarının ardıcıl olaraq keçirilməsi artıq öz bəhrəsini vermiş, soydaşlarımızı ali amalımız olan azərbaycançılıq ideyası ətrafında toplaya bilib. Ümummilli lider Heydər Əliyevin “Mən fəxr edirəm ki, azərbaycanlıyam” kəlməsi artıq hər bir azərbaycanlının həyat kredosuna çevrilib.

Birlik və həmrəyliyimizin möhkəmləndirilməsində yeni mərhələnin başlandığını əminliklə bildirən Yaşar Rəhimov söyləyib ki, dünyadakı soydaşlarımız arasında bu həmrəyliyin yaratdığı birlik, milli özünüdərk bizi daha da birləşdirir. Bu gün dünyanın bir çox ölkələrində, o cümlədən Rusiya Federasiyası, Ukrayna, Moldova, Belarus, Özbəkistan, ABŞ, Kanada, Almaniya və digər ölkələrdə mütəşəkkil qüvvəyə çevrilən Azərbaycan diaspor təşkilatları fəaliyyət göstərir. Həmin təşkilatlar ölkəmizin diaspor siyasətinə böyük töhfələr verir. Soydaşlarımız müxtəlif ölkələrdə Xocalı faciəsi, ermənilərin xalqımıza qarşı törətdikləri qırğınlar, terror aktları ilə bağlı aksiyalar keçirir, Vətənimiz və millətimiz barədə əsl həqiqətləri dünya ictimaiyyətinin diqqətinə çatdırır, haqq səsimizin duyulmasına öz töhfələrini verirlər.

O qeyd edib ki, ümummilli lider Heydər Əliyevin diaspor quruculuğu sahəsindəki siyasəti bu gün prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Onun diaspor və lobbi quruculuğuna xüsusi diqqətlə yanaşması bu sahənin xarici siyasət strategiyasındakı mühüm rolu ilə şərtlənir. Azərbaycan dövlətinin qazandığı hər bir uğur dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızı ruhlandırıb, onların müstəqil dövlətimizə inamını daha da artırıb, soydaşlarımızın milli maraqları ətrafında sıx birləşmələri üçün zəmin yaradıb.

Y.Rəhimov bildirib ki, Vətən müharibəsi dövründə xalqımızın nümayiş etdirdiyi birlik və həmrəylik bir millət kimi gücümüzü bütün dünyaya sübut etdi. Biz göstərdik ki, birlik olan yerdə zəfər də olur!

Sonda məruzə ətrafında müzakirələr aparılıb, konfrans iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: