Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Tovuzun folklor örnəkləri araşdırılıb
28.12.2020 11:52
  • A-
  • A
  • A+

Tovuzun folklor örnəkləri araşdırılıb

Pandemiya dövrünün çətinliklərinə baxmayaraq AMEA-nın Folklor İnstitutu Azərbaycan folklorunun toplanması və nəşri sahəsində fəaliyyətini  davam etdirir. “Elm və təhsil” nəşriyyatında yenicə çapdan çıxmış “Tovuz folklor örnəkləri” kitabının ikinci cildi də bu istiqamətdə atılmış növbəti addımlardan biridir.

Sözügedən müəssisə tərəfindən Tovuz folkloruna dair ilk toplu 2017-ci ildə nəşr olunub. Həmin kitaba rayondan toplanmış nağıl və lətifələr daxil edilib. Növbəti kitabda isə bölgədən toplanmış digər janrlar – əfsanələr, rəvayətlər, bayatılar, uşaq şeirləri, atalar sözləri, aşıq rəvayətləri, həmçinin nağıl və lətifələr yer alıb.

Kitabda peyğəmbərlər və dini şəxslər haqqında, bozalqanlı, hətəmalılar, yekallar, öysüzlü, Çoban dağı, Mutu dərə, Torpaq qala, Murğuz ocağı, Haça qaya, Soltan körpüsü kimi tayfa və yer adlarına dair maraqlı əfsanə və rəvayətlər verilib. Bundan əlavə, topluda vaxtilə bölgədə yaşamış Nəsib sultan, Allahyar bəy, Kalva Əsəd, Kal, Maşa Murad, Qara Tanrıverdi, Telli Əsəd, Qaçaq Kərəm, Əyyar İsrafil, Mirəli ağa, Şıx Sədi, Seyid Əziz haqqında maraqlı rəvayətlər yer alıb.

Topludakı 13 nağıldan yalnız biri – “İki qardaş” nağılı yeni süjetdir, digər nağıllar isə ənənəvi süjetlərin variantlarıdır və maraqlı söyləyici təhkiyyəsi ilə seçilirlər. “Aşıq rəvayətləri” bölməsində isə bölgədəki aşıqlardan – Əlixan Niftəliyev, İdris Abdullayev, Məhəmməd Qasımoğlu, Çovdaroğlu Məhəmməddən yazıya alınmış rəvayətlər verilib. Elmi auditoriya üçün nəzərdə tutulmuş bu kitabda folklor örnəkləri bölgənin ləhçə və şivə xüsusiyyətləri gözlənilməklə çap olunub.

Layihənin rəhbəri Folklor İnstitutunun direktoru, akademik Muxtar İmanovdur. Folklor örnəklərinin toplayıcıları isə həmin qurumun Folklorun toplanması və sistemləşdirilməsi şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru İlkin Rüstəmzadə və Səyyarə Qasımovadır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: