Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

28.12.2020 13:13
  • A-
  • A
  • A+

FRTEB-in növbəti iclasında daha 3 elmi müəssisə hesabat verib

FRTEB-in növbəti iclasında daha 3 elmi müəssisə hesabat verib

AMEA-nın Fizika-Riyaziyyat və Tex­­nika Elmləri Bölməsinin (FRTEB) Ümu­­mi yığıncağının illik hesabatlara həsr olunmuş növbəti onlayn iclası keçirilib.

Tədbirdə AMEA-nın birinci vit­se-prezidenti, akademik İbrahim Quliyev, vit­se-prezident, akademik Rasim Əli­qu­li­yev, bölmənin Ümumi yığıncağının üzvləri, elmi müəs­sisələrin rəh­­bər­ləri, direktor müavinləri, elmi katibləri, həm­çi­nin əldə olunmuş mühüm elmi nə­ti­cə­lə­rin müəllifləri, İcti­maiy­yət­lə əlaqələr, Təhsil və Beynəlxalq əlaqələr şö­bə­lə­ri­nin rəhbərləri, eləcə də gənc alim və mütəxəssislər şuralarının sədr­lə­ri və həm­karlar təşkilatla­rı­nın nü­ma­yən­də­ləri iştirak ediblər. 

Öncə tədbirdə AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunun 2020-ci il üzrə hesabatı dinlənilib.

AMEA-nın vitse-prezidenti, FRTEB-in sədri, institutun direktoru, akademik Rasim Əliquliyev hesabatı təqdim edərək 2020-ci il ərzində rəhbərlik etdiyi qurumun qarşısına qoyulan vəzifələr barədə ümumi məlumat verib.

İnstitutun elmi-nəzəri fəaliyyətindən söz açan alim cari ildə qurumda 2 - informasiya texnologiyaları və informasiya cəmiyyətinin elmi-nəzəri problemləri istiqaməti üzrə Big Data analitikası, Data Mining, informasiya təhlükəsizliyi, intellektual elektron dövlətin formalaşması və inkişafı, Industry 4.0 platformasında kiberfiziki sistemlərin analizi və sintezi, bulud sistemlərinin analizi və sintezi, proqram mühəndisliyi, elektron tibbin formalaşması, e-elm və elmmetriya, informasiya və bilik iqtisadiyyatı, virtual mühitdə Azərbaycan dili və terminoloji informatika problemləri ilə bağlı araşdırmaların aparıldığını bildirib.

Akademik R.Əliquliyev qeyd edib ki, institut əməkdaşları tərəfindən 2020-ci ildə 100 məqalə, 2 kitab və 8 ekspres-informasiya nəşr olunub, beynəlxalq və respublika səviyyəli konfranslarda 64 məruzə ilə iştirak edilib. Cari ildə çap olunmuş 174 elmi əsərdən 37-si nüfuzlu bazalara (WoS, Scopus və s.) daxil edilib, institut əməkdaşlarının məqaləsinə hesabat ilində 1979, ümumilikdə isə 13460 istinad qeydə alınıb.

Direktor cari il üzrə institutda əldə olunan mühüm elmi nəticələri də diqqətə çatdırıb. O, prioritet istiqamətlərdə aparılan tədqiqatlar nəticəsində rəhbərlik etdiyi qurumun alim və mütəxəssisləri tərəfindən Milli informasiya təhlükəsizliyi sisteminin təkmilləşdirilməsi üçün yeni nəsil təhdidlərin aşkarlanması və qiymətləndirilməsi modellərinin təklif olunduğunu, Mobil bulud resurslarının optimal paylanma infrastrukturunun sintezi üçün metod və alqoritmlərin işlənildiyini, Böyük həcmli verilənlərin (Big Data) intellektual analizi üçün konsensus çəkili klasterləşdirmə metodu və paralelləşdirilmiş k-means alqoritminin işlənildiyini, Neft-qaz sənayesində mədən avadanlıqlarında qəzaların proqnozlaşdırılması üçün hibrid dərin neyron şəbəkə arxitekturları və müvafiq təlim alqoritmlərinin hazırlandığını bildirib.

Alim, həmçinin tibbi sosial media resurslarının kontent-statistik analizi əsasında həkim-pasiyent fəallığının qiymətləndirilməsi və səmərəli tibbi qərarların qəbulunu dəstəkləyən konseptual modelin təklif olunduğunu, Əhali rəylərinin intellektual analizi əsasında elektron dövlət xidmətlərinin vətəndaş məmnuniyyəti meyarına görə qiymətləndirilməsi üçün bir sıra metodların işlənildiyini, Proqram məhsullarının çoxmeyarlara görə seçilməsi, səmərəliliyinin artırılması və idarə olunmasının optimallaşdırılması üçün metodların işlənildiyini nəzərə çatdırıb.

AzScienceNet elm-kompüter şəbəkəsinin fəaliyyətindən söz açan R.Əliquliyev bildirib ki, e-elmin informasiya təminatının formalaşdırılması işləri davam etdirilib, müxtəlif təyinatlı informasiya sistemləri, e-resurslar və veb-saytlar işlənilib. AMEA-nın elmi müəssisə və təşkilatlarının resurslarının Data Mərkəzdə saxlanılması və hostinq xidmətlərinin dəstəklənməsi, istifadəçilərə e-xidmətlərin təqdim olunması, həmçinin Avropanın onlayn elm və təhsil mühitinə inteqrasiyası davam etdirilib.

İnstitutun Tədris-İnnovasiya Mərkəzinin fəaliyyəti barədə də məlumat verən akademik bildirib ki, AMEA-nın magistrləri üçün ümumi və seçmə fənlərin (xarici dil, fəlsəfə, psixologiya və pedaqogika) tədrisi və imtahanların qəbulu işləri, eləcə də institutun magistrləri üçün ixtisas fənlərinin tədrisi və imtahanların qəbulu işləri yerinə yetirilib. Bundan başqa, il ərzində müxtəlif kompüter proqramları (proqramlaşdırma dilləri, 1C, MatLab, MS Offise proqramları, Help Desk, magistraturaya hazırlıq və s.) üzrə kurslar təşkil olunub.

Direktor institutun beynəlxalq elmi əməkdaşlıq çərçivəsində həyata keçirdiyi tədbirlər haqqında məlumat verərək, 2020-ci il ərzində müəssisənin müxtəlif təşkilat və elmi qurumlarla əməkdaşlıq etdiyini, beynəlxalq layihələrdə, regional telekommunikasiya şəbəkəsinin inkişaf etdirilməsində iştirak etdiyini, xarici alimlərlə birgə elmi tədqiqatların aparıldığını, səfərlərin, görüşlərin keçirildiyini qeyd edib.

O, həmçinin AMEA-nın müxbir üzvü Ramiz Alıquliyevin Stenford Universitetinin tərtib etdiyi dünyanın ən nüfuzlu 2% aliminin reytinq siyahısına daxil edildiyini söyləyib.

R.Əliquliyev elmi biliklərin təbliği və populyarlaşdırılması ilə bağlı görülmüş işlərdən söz açaraq, kütləvi informasiya vasitələri (KİV) ilə işgüzar əməkdaşlıq əlaqələrinin qurulduğunu, müəssisənin rəhbər şəxslərinin, aparıcı alim və mütəxəssislərinin mütəmadi KİV-də çıxışlarının təşkil edildiyini bildirib. Alim institutun rəsmi www.ikt.az veb-saytının və İnfoTV İnternet televiziyasının istismarı və kontent təminatının həyata keçirildiyini diqqətə çatdırıb, bəzi statistik göstəriciləri təqdim edib.

Akademik institutun Azərbaycanın Qarabağla bağlı apardığı informasiya müharibəsinə dəstək verilməsində fəal iştirak etdiyini vurğulayıb. Bildirib ki, bu istiqamətdə KİV-də çıxışlar edilib, Vikipediyaya məlumatlar, multimedia faylları daxil edilib, müxtəlif petisiyalar imzalanıb, saytlarda və sosial şəbəkələrdə münaqişə ilə bağlı obyektiv məlumatlar paylaşılıb, əcnəbi alim və mütəxəssislər münaqişə ilə bağlı məlumatlandırılıblar.

Sonra tədbirdə AR Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tabeliyində “Milli Nüvə Tədqiqatları Mərkəzi (MNTM)” QSC-nin 2020-ci ildə elmi-tədqiqat və kadr hazırlığı istiqamətlərində fəaliyyəti üzrə hesabat dinlənilib.

AMEA-nın akademik-katibi, mərkəzin sədri, akademik Adil Qəribov hesabatı təqdim edərək bildirib ki, müəssisəyə məxsus imkanlar, ikitərəfli müqavilə və memorandumlar əsasında, beynəlxalq kollaborasiyaların imkanları daxilində elmi tədqiqatların aparılması, “MNTM” QSC-nin doktoranturası, beynəlxalq kollaborasiyalar və ikitərəfli əlaqələr üzrə kadr hazırlığı, infrastrukturun formalaşdırılması qurumun əsas fəaliyyət istiqamətləridir.

“MNTM” QSC-yə məxsus imkanlar daxilində “Mürəkkəb nüvə çevrilmələri proseslərinin tədqiqi”, “Nano-materiallarda neytronların təsiri altında baş verən nüvə qarşılıqlı təsir proseslərinin onların fiziki xassələrinə təsiri”, “Nüvə və radioaktiv materialların analizi, identifikasiyası”, “CERN-in ALICE təcrübələrində qurğuşun nüvələrinin toqquşması zamanı proton-antiproton paylanma qanunauyğunluqlarının tədqiqi”, “Kollaborasiya proqramı çərçivəsində alınmış mikropikselli silisium əsasında müxtəlif cihazların hazırlanması” və digər mövzularda elmi araşdırmalar aparılıb”, – deyə sədr bildirib.

Akademik A.Qəribov hesabat ili ərzində yüksək enerjili hissəciklər fizikası, nüvə fizikası, nüvə spektroskopiyası və radiokimya, radiasiya materialşünaslığı və radiasion nanotexnologiya, innovasiya və cihazqayırma, eləcə də tədqiqat nüvə reaktoru kompleksi üzrə əldə olunmuş mühüm elmi nəticələri diqqətə çatdırıb. O, mərkəzin əməkdaşları tərəfindən respublika daxilində 12 dövlət və özəl qurumla ikitərəfli müqavilələr əsasında analitik xidmətlərin həyata keçirildiyini söyləyib.

Alimin sözlərinə görə, cari ildə mərkəzin əməkdaşları tərəfindən 148 məqalə çap olunub. Yüksək impakt faktorlu xarici jurnallarda nəşr olunmuş məqalələrin 112-si Web of Science, 36-sı isə SCOPUS beynəlxalq elmi bazasına daxil edilib. 2020-ci ilin 10 dekabr tarixinə olan göstəricilərə əsasən, bu məqalələrə 1128 istinad qeydə alınıb.

Bakı Dövlət Universitetinin (BDU) Tətbiqi Riyaziyyat Elmi Tədqiqat İnstitutunun 2020-ci il üzrə hesabatını institutun direktoru, akademik Fikrət Əliyev təqdim edib. Cari ildə aparılmış elmi-tədqiqat işlərinin yekunlarından söz açan alim rəhbərlik etdiyi qurumda mürəkkəb diferensial tənliklərlə təsvir olunan sistemlərin idarəetmə və optimallaşdırma məsələləri, qeyri-xətti tənliklərlə təsvir olunan texnoloji, iqtisadi proseslərin modelləşdirilməsi, fizika, geofizika, texnika və elmin digər sahələrinə tərs məsələlərin tətbiqi, eləcə də harmonik analizin aktual məsələləri istiqamətləri üzrə elmi tədqiqatların aparıldığını diqqətə çatdırıb. Bildirib ki, hesabat ilində institutun əməkdaşları tərəfindən 4 mövzu üzrə 2-ci mərhələ üçün 17 elmi iş yerinə yetirilib.

F.Əliyev qeyd edib ki, hesabat ili ərzində əməkdaşlar tərəfindən 100 məqalə, beynəlxalq konfransda 5 tezis nəşr edilib, 4 beynəlxalq və 2 respublika daxili qrant layihəsi yerinə yetirilib.

Cari ildə institutda əldə edilmiş mühüm elmi nəticələrdən bəhs edən direktor bildirib ki, ilk dəfə olaraq maye dempferli rəqsvari sistemlərdə kəsr tərtibin təyini üçün yeni tərs məsələyə baxılıb, uyğun ədədi alqoritm təklif olunub. Həmçinin dinamik sistemlərə daxil olan qeyri-səlis parametrlərin təyin edilməsi, uyğun riyazi aparat üçün yeni nəzəri üsulların təklif olunması məsələlərinin tədqiqi, həll alqoritmlərinin işlənməsi və tətbiqləri məsələləri nəzərdən keçirilib.

Alim institutun beynəlxalq elmi əməkdaşlıq çərçivəsində həyata keçirdiyi tədbirlər barədə də məlumat verərək, hesabat ili ərzində dünyanın müxtəlif ölkələrinin tanınmış elm və təhsil müəssisələri ilə səmərəli əməkdaşlıq əlaqələrinin qurulduğunu deyib.

Direktor müəssisədə nəşr olunan impakt faktorlu jurnallardan danışıb, onların statistik göstəricilərini diqqətə çatdırıb.

Akademik F.Əliyev bildirib ki, 26 avqust 2020-ci il tarixində AR Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin dəstəyi və institutun təşkilatçılığı ilə onlayn formatda Sənaye Tətbiqli İdarəetmə və Optimallaşdırma 7-ci beynəlxalq konfransı (Control and Optimization with Industrial Applications – COIA-2020) keçirilib. Konfransın saytında dünyanın müxtəlif ölkələrindən 476 alim və tədqiqatçı qeydiyyatdan keçib, 256 məqalə konfransın materiallarında dərc olunub. İştirakçılar Azərbaycan, Türkiyə, Ukrayna, Rusiya, İran, Hindistan, Şimali Kipr Türk Cümhuriyyəti, Meksika, Qazaxıstan, Qırğızıstan, Almaniya, Özbəkistan, İtaliya və Küveyti təmsil ediblər.

Aparılan müzakirələrdə akademiklər Adil Qəribov, Nazim Məmmədov, Telman Əli­yev, Əli Abbasov, Fikrət Əli­yev, Yusif Məmmədov, AMEA-nın müxbir üzvləri Misir Mər­da­nov, Əminağa Sadıqov, Ramiz Alıquliyev, Bilal Bilalov, Əyyub Quliyev, Vaqif Quliyev, Qeylani Pənahov, Qorxmaz İmanov iştirak edərək fikir və suallarını səsləndiriblər.

Sonda FRTEB-in Ümumi yığıncağı İnformasiya Texnologiyaları İnstitutu, “Milli Nüvə Tədqiqatları Mərkəzi” QSC və  BDU-nun Tətbiqi Riyaziyyat Elmi Tədqiqat İnstitutunun 2020-ci ildə apa­rıl­mış elmi tədqiqat işlə­ri­nin ye­kunlarına dair hesabatların qəbul olunaraq AMEA-nın Rəyasət Heyətinə təqdim edilməsinin lehinə yekdilliklə səs verib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: