Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Heyvandarlığın inkişafına yeni töhfə
28.12.2020 10:28
  • A-
  • A
  • A+

Heyvandarlığın inkişafına yeni töhfə

AMEA-nın Naxçıvan Bölməsinin Bioresurslar İnstitutunun Zooloji tədqiqatlar şöbəsinin böyük elmi işçisi, aqrar elmlər üzrə fəlsəfə doktoru Əlövsət İbrahimovun “Naxçıvan Muxtar Respublikası şəraitində Balbas cinsli qoyunların məhsuldarlığına selenin təsiri” adlı monoqrafiyası işıq üzü görüb.

Uzun illər ərzində aparılan tədqiqatlar nəticəsində ərsəyə gəlmiş nəşrdə muxtar respublika heyvandarlığında xüsusi yer tutan Balbas cinsli qoyunların selen mikroelementinə tələbatı, onun heyvanların məhsuldarlığına və qoyunların balavermə qabiliyyətinə müsbət təsiri öz əksini tapıb. Muxtar respublika şəraitində Balbas cinsli qoyunların selen mikroelementinə tələbatının tam ödənilmədiyini sübuta yetirən müəllif hesab edir ki, qoyunların həmin mikroelementlə təmin edilməməsi qoyunçuluq təsərrüfatlarında iqtisadi səmərəliliyin xeyli aşağı düşməsinə, habelə yem israfçılığına və daha çox zəhmətə səbəb olur.

Araşdırmalar zamanı problemin həlli məqsədi ilə Ə.İbrahimov tərəfindən müxtəlif yaş qruplarına görə seçilmiş heyvanların yem rasionuna natrium selenit duzu əlavə edilib, çoxsaylı təcrübələrlə selenin heyvanların diri çəki artımına, ətinin keyfiyyətinə, yun məhsuldarlığına və döllənmə hallarına daha optimal təsir göstərən normaları müəyyənləşdirilib. Duzun heyvan qrupları üçün müəyyən edilmiş münasib dozaları haqqında məlumatlar monoqrafiyada aydın şəkildə şərh olunub. Tədqiqatlar zamanı heyvanların fizioloji vəziyyəti, daxili orqanlarının xüsusi çəkisi ilə bağlı qeydlər götürülüb, qanının kliniki müayinəsi aparılaraq qandakı hemoqlobinin miqdarı, eritrositlərin və leykositlərin sayı ölçülüb. Araşdırmalar sayəsində sübuta yetirilib ki, selenlə müntəzəm təmin edilmiş heyvanlarda daha üstün nəticələr alınır.

Yeni və maraqlı məlumatlarla zəngin olan monoqrafiya sahə mütəxəssisləri, heyvan fiziologiyası üzrə tədqiqat aparan elmi işçilər, iri təsərrüfat sahibləri, o cümlədən bioloqlar üçün nəzərdə tutulub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: