Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Milli kimliyin mətndə ifadə üsulları tədqiq olunub
25.12.2020 21:07
  • A-
  • A
  • A+

Milli kimliyin mətndə ifadə üsulları tədqiq olunub

AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Ədəbiyyat nəzəriyyəsi şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor Tahirə Məmmədin “Milli kimlik və bədii mətn” adlı monoqrafiyası “Elm və təhsil” nəşriyyatında çap olunub.

Monoqrafiya ədəbiyyatın sosial-strateji funksiyasının araşdırılması istiqamətində yerinə yetirilib. Bədii mətnin informativliyi, enerjisi, təsir imkanları nəzərə alınaraq milli kimlik və bədii mətn münasibətlərinə aydınlıq gətirilib.  Həmin münasibətlərin tədqiqi istiqamətləri və araşdırılmasının elmi səmərəliliyi müəyyənləşdirilib.  

T.Məmməd nəşrdə izah edir ki, milli kimliyin mətndə ifadə üsulları, müəllifin mətndə ifadə olunan milli kimliyi, miqrasiya olunmuş müəlliflərin yaradıcılığında milli kimlik problemi, milli kimliyin inkişafında ədəbiyyatın strateji funksiyası, mətnin milli kimliyi (hansı milli ədəbiyyata aid olması)  və s. kimi problemlərin öyrənilməsi üçün milli kimlik və bədii mətn elmi baxış bucağı kimi götürülə və inkişaf etdirilə bilər. Qeyd olunan problemlər əlaqələndirilərək araşdırma aparılıb.

Milli kimlik və milli imic, klassiklərimizin yaradıcılığında milli kimlik məsələsi, Azərbaycan romantizmində millət və vətən anlayışları, sovet ədəbiyyatı qarşısında qoyulan “formaca milli, məzmunca sosialist” prinsipindəki ziddiyyətlər, sosialist realizminin mütləqliyi dövründə, eləcə də Cənubi Azərbaycan poeziyasında şair və yazıçılarımızın milli kimliyin təbliği və təlqini üçün istifadə etdiyi kodlar və rəmzlər, Azərbaycanın tərənnümü ilə milli birlik çağırışları,  müstəqillik dövrü ədəbiyyatında milli kimliyin milli oyanış və quruculuqla bağlı qazandığı yeni ideya-məzmun və s. kimi problemlər monoqrafiyada tədqiq edilib və səmərəli elmi müddəalar irəli sürülüb.

Bədii mətnin imkanlarının və funksiyasının qoyulan problem istiqamətində, demək olar ki, işlənməməsi, ədəbiyyat və incəsənətdən müasir dövrdə strateji məqsədlərlə istifadənin genişlənməsi monoqrafiyanın aktuallığını şərtləndirən əsas göstəricilərdəndir. Son vaxtlar Qarabağ savaşının beynəlxalq miqyasda  dövlət və milli imicimizi daha da gücləndirməsi, müharibədəki qələbənin həm də milli kimliyimizin qələbəsi olması monoqrafiyada araşdırılan mövzuların aktuallığını bir qədər də artırır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir. 

  • Paylaş: