Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Rusiyada Azərbaycan ədəbiyyatı ilə bağlı yeni kitab nəşr olunub
25.12.2020 10:42
  • A-
  • A
  • A+

Rusiyada Azərbaycan ədəbiyyatı ilə bağlı yeni kitab nəşr olunub

Rusiya Federasiyası Xarici İşlər Nazirliyi Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutu tərəfindən “Azərbaycan – Turanın incisi” monoqrafiya-antalogiyası işıq üzü görüb.

Nəşrin layihə rəhbəri AMEA-nın birinci vitse-prezidenti, akademik İsa Həbibbəyli, məsul redaktoru Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun professoru, filologiya elmləri doktoru Abuzər Bağırov, elmi redaktoru Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktoru, akademik Teymur Kərimli, redaktoru isə “Literaturnaya qazeta”nın baş redaktorunun müavini Anastasiya Yermakovadır.

Kitaba Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar geniş “Ön söz” yazıb. Rusiyanın “Xudojestvennaya literatura” nəşriyyatında çap olunan kitabdaAzərbaycan ədəbiyyatının təşəkkül tarixinə, poetik irsimizi əhatə edən araşdırmalara ümumi nəzər yetirilir, bu istiqamətdə töhfələri olan görkəmli ədiblər haqqında biblioqrafik məlumatlar verilir və ayrı-ayrı şairlərin yaradıcılıq xüsusiyyətləri geniş şərhini tapır.

Kitabın “Klassik Azərbaycan poeziyası” bölməsində Rusiyanın tanınmış ədəbiyyat xadimlərinin tərcümələri əsasında Nizami Gəncəvi, Xaqani Şirvani, Məhsəti Gəncəvi və digər söz dühalarının müxtəlif janrlarda olan əsərlərinin, xüsusən də qəzəl və rübailərinin rus dilinə tərcümələri yer alır. “Azərbaycan aşıq poeziyası” bölməsində Dədə Qorqud hikmətlərindən, Aşıq Alı, Aşıq Ələsgər, Sarı Aşıq və digər söz ustadlarının yaradıcılığından söhbət açılaraq nümunələr gətirilir. Antalogiyada Xəlil Rza Ulutürk və Məmməd Arazın poetik yaradıcılığından seçmələr rusdilli oxuculara təqdim edilir, həmçinin Rusiyada yaşayan azərbaycanlı şairlərin yaradıcılığına, folklor sənətimizə dair xalq mücrüsündən xəzinələrə də müraciət olunur.

Qeyd edək ki, indiyə qədər “Literaturnaya qazeta”nın “Azərbaycan – Turanın incisi” adlı əlavələrində Azərbaycan ədəbiyyatı bütün mərhələlər üzrə ardıcıllıqla xarakterizə edilib, söz sənətimizin qədimdən bəri keçdiyi yol haqqında ətraflı elmi-nəzəri məqalələr və digər müfəssəl məlumatlar öz əksini tapıb. Bununla yanaşı, rusdilli oxucular akademik İsa Həbibbəylinin Azərbaycan ədəbiyyatının yeni dövrləşmə konsepsiyasına uyğun qəbul olunmuş mərhələlər üzrə söz sənətimiz haqqında qısa xülasələrlə tanış olmaq imkanı əldə ediblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: